18 avqust Sərhəd Qoşunları günüdür
Vətən sərhəddən
başlayır
...1724-cü ildə Pyotr ermənilərin Cənubi Qafqaza köçürülməsi haqqında fərman imzalayır. 1828-ci il martın 21-də bu tipli daha bir xəyanətkar qərar qəbul edilir: İrəvan və Naxçıvan xanlıqları hüdudlarında erməni vilayəti yaradılır. Bu vilayət düz 20 il - 1849-cu ilə qədər mövcud olur, Azərbaycanın sərhədləri pozulur, hüdudları dəyişdirilir...
1918-ci ildə Şərqin və türk dünyasının ilk demokratik dövləti - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra hökumət bir neçə həllivacib məsələni gündəmə gətirir. O dövrdə sərhədlərin qorunması olduqca çətin və həssas məsələ idi, hər tərəfdən uzanan qanlı caynaqlar ərazilərimizin gündə bir tərəfini qoparırdı. Ona görə də qarşıda duran bəlkə də birinci məsələ ölkənin sərhədlərinin dünya tərəfindən tanınması və dövlətin öz ərazilərini qorumaq hüququna sahib olması idi. Sərhədlərin qorunması hər bir dövlətin yaşaması üçün ən əsas amildir. Milli hökumət vəziyətin çətinliyinə baxmayaraq, qərar vermək məcburiyyətində idi. Suverenlik qazanmış Cənubi Qafqaz respublikaları (Azərbaycan-Ermənistan-Gürcüstan) arasında sərhədlərin müəyyənləşdirilməsi haqqında məsələ 1918-ci il iyunun 4-də bağlanan "Osmanlı hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi"ndə əks olunsa da, Osmanlı dövlətinin Birinci Dünya müharibəsindəki məğlubiyyəti bu müqavilənin həyata keçirilməsinə imkan vermədi. Anlaşmaya əsasən, Osmanlı imperatorluğu ilə Qafqaz respublikaları arasında, o cümlədən üç respublikanın bir-biri ilə dövlət sərhədləri müəyyənləşməli idi. Azərbaycanla Gürcüstan arasında ilk addım atılmışdı. Avqust ayının 21-də mübahisəli məsələləri həll etmək üçün gürcü tərəfi arbitraj komissiyası yaratmışdı. Lakin ermənilər qonşu respublikalara ərazi iddiası (İrəvan quberniyası, Qars ərazisi, Gəncə və Tiflis quberniyalarının bir hissəsi daxil olmaqla) ilə komissiyanın fəaliyyətinə hər vəchlə maneçilik törətməyə çalışırdılar. Bir tərəfdən də Azərbaycanın əksər ərazilərində erməni quldur birləşmələri kəndləri, şəhərləri yandırıb viran qoyur, əhalini kütləvi şəkildə qətlə yetirirdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərini təyin etmək məsələsini reallaşdıra bilmədi. Sadəcə olaraq, Zaqatala və Gəncə ərazilərində sərhəd postlarının yaradılmasına nail oldu.
1918-ci ilin yayında Batumda Osmanlı Türkiyəsi ilə danışıqlar başlanır. Bu danışıqlarda erməni və gürcü nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Şurasının üzvləri M.Ə.Rəsulzadə və xarici işlər naziri vəzifəsini yerinə yetirən Məhəmməd Həsən Hacınski iştirak edirlər. Xatırladaq ki, Milli Şuranın mayın 29-da keçirilən iclasında gündəlikdə duran məsələ İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi idi. Bu məqsədlə mayın 14-də erməni Milli Şurası Azərbaycan Milli Şurasına müraciət etmişdi. Min təəssüf ki, danışıqlar zamanı ermənilər qarşı tərəfdən şifahi olaraq İrəvanın güzəştə gedilməsinə razılıq almışdılar. Müqabilində Azərbaycan tərəfi ermənilərə şərt qoymuşdur ki, müharibəni dayandıracaq, Qarabağdan, Naxçıvandan və Zəngəzurdan imtina edəcəklər, qırğınlara son qoyub mehriban qonşuluq şəraitində yaşayacaqlar. Toplantıda bunlar barədə ermənilərə ultimatum verilir, ermənilər sözdə də olsa ultimatumu qəbul edirlər. Fətəli Xan Xoyski M.Hacınskiyə göndərdiyi məktubda yazırdı ki, ermənilər ultimatumu qəbul etdilər. Bu lənətlənmiş qərarın verilmə səbəbləri də həmin məktubda açıqlanır. Əslində isə hər hansı bir tarixi şərait ölkə rəhbərlərini belə bir addım atmağa sövq etməməlidir. Çünki torpaq rəhbərlərin deyil, millətindir. Bir də bu güzəşt xalqın iradəsi nəzərə alınmadan, məcburən verilmişdi. Azərbaycan xalqının iradəsi isə yalnız Konstitusiyaya əsaslanaraq həyata keçirilir. Yəni, referendum keçirilmədən onun sərhədləri dəyişdirilə bilməz. Yeri gəlmişkən qeyd edək ki, bu maddəni əsas tutaraq müstəqil Azərbaycan Respublikası 1918-ci il AXC-nin varisi kimi həmin güzəşt qərarının qüvvədən düşdüyünü elan edib. Beynəlxalq təşkilatlar səviyyəsində bağışlanılan torpaqların geriyə qaytarılması məsələsinin qaldırılmasının vaxtı çatıb. Həmin dövrdə güzəştə gedilən ərazi 9,7 min kvadratkilometr olsa da, 1921-ci ilin iyunundan 1929-cu il fevralın 28-nə qədər Azərbaycanın 29,8 min kvadratkilometr ərazisi ermənilərə verilir, ölkənin sərhədləri dəyişdirilir. Bu hadisənin bir cinayətkar tərəfi də o idi ki, sərhədlərin dəyişdirilməsi zamanı Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrılır. Bütövlükdə 1918-ci il 29 may tarixdən bu günədək ermənilər Azərbaycanın 46,8 min kvadratkilometr ərazisini işğal edib və bu ərazilərdə hazırda bir nəfər də olsun azərbaycanlı yaşamır. 2,5 milyon soydaşımız etnik təmizləməyə məruz qalıb.
Edilən bu qədər güzəştlərə baxmayaraq, həmin il Qarabağ general-qubernatorluğunda və bir neçə vacib ərazilərdə sərhəd postlarının yaradılması mümkün olmur. Lakin Xalq Cümhuriyyəti sərhədlərinin suverenliyi uğrunda mübarizəni davam etdirir, sərhəd mühafizəsinin təşkili ilə bağlı tədbirlər görürdü. 1918-ci il iyun ayının 22-də Fətəli Xan Xoyskinin imzaladığı qərarla Poylu stansiyasında sərhəd postunun yaradılması barədə tapşırıq verilmiş və sərhəd mühafizəsinin təşkili sahəsində vəzifələrin yerinə yetirilməsinə başlanılmışdır. 1918-ci ilin iyulunda Kür çayı üzərində Salahlı, Şıxlı, Qıraqkəsəmən kəndlərində və Poylu stansiyasında sərhəd postları yaradılır. Cənubdan Azərbaycan ərazisinə basqın edən quldur dəstələrinin qarşısını almaq üçün Nazirlər Şurasının qərarı ilə İranla sərhəd olan Muğan hüdudunda 200 nəfər atlıdan ibarət mühafizə dəstəsi də fəaliyyətə başlayır. Bunun ardınca Dağıstanla sərhəddə 7 müvəqqəti sərhəd postu qoyulur. Cümhuriyyətin yaradıldığı gündən aprel işğalınadək həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində sərhədlərin mühafizəsi məsələsi hökumətin hərbi, siyasi və diplomatik fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Həmin dövrdə Azərbaycan Respublikasının mühafizəsiz ərazisi 97,3 kvadratkilometr idi. Şimal-qərbdən Borçalı, Qarayazı və Sığnaq mahalları (8,7 min kv.km.), qərbdən isə İrəvan, Eçmiədzin, Sürməli, Yeni Bəyazid mahallarının müvafiq hissələri Azərbaycan tərəfindən mübahisəli ərazilər hesab edilirdilər.
1919-cu il avqust ayının 18-də parlamentdə "Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında" qanun qəbul edilir. Həmin qanunun 1-ci maddəsində göstərilir ki, ölkənin sərhədlərini qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə aparmaq məqsədilə Azərbaycanın sərhədləri boyu ümumi sayı 992 mühafizəçidən ibarət olan 99 post yaradılsın. Həmin qanunun 3-cü maddəsində deyilirdi: "Sərhəd mühafizəsinin bütün təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini respublika Gömrük İdarəsi ilə razılaşdırmaq üçün Mərkəzi Orqan kimi Maliyyə Nazirliyi dəftərxanasında bu maddəyə əlavədə göstərilmiş vəzifələri olan Xüsusi Sərhəd Mühafizəsi təsis edilsin. 1919-cu il avqustun 18-də qəbul edilən həmin qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu.
Bu, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının yaradılması haqqında ilk qanunvericilik aktı olmuşdur. Ardınca respublikanın şimal, şimal-qərb sərhədlərində də sərhəd mühafizə qüvvələri təşkil edilir.
Aprel işğalı ölkəmizin hüdudlarının qorunması sahəsində başlanan işləri yarımçıq qoyur. Sovet hökuməti üçün sərhəd anlayışı yalnız SSRİ-nin ərazilərindən ibarət idi. Azərbaycanda isə yalnız cənub sərhədləri qorunurdu. Başqa istiqamətlərdə heç bir sərhəd məntəqəsi yox idi. Yetmiş il çəkən sovet quruluşu möhkəm özüllər üzərində qurulmadığından dağıldı. Sözsüz ki, tarixi azadlığına qovuşan Azərbaycan öz hüdudlarına da özü sahib çıxmalı idi, çətin də olsa. Sovet sərhədçiləri ölkəmizi tərk edərkən onlara aid nə vardısa - texniki avadanlıqları aparıb, qalanları da bərbad hala salmışdılar. İlk illərdə sərhədlərimiz demək olar ki, tam fiziki imkanlar hesabına mühafizə olunurdu. Bir tərəfdən kadr çatışmazlığı var idi, digər tərəfdən də müstəqilliyimizə və torpaqlarımıza təcavüz edən işğalçı Ermənistanın ərazi iddiaları ölkədəki vəziyyəti və sərhədlərimizin qorunmasını xeyli çətinləşdirmişdi.
Xalq Cümhuriyyətinin parlamentinin qəbul etdiyi 18 avqust 1919-cu il tarixli qanunda bütün ölkəni əhatə edən sərhəd postlarının yaradılması nəzərdə tutulurdu. Ulu öndər Heydər Əliyev də varislik prinsipinə əməl edərək milli sərhəd qoşunlarının yaranması gününün 1919-cu il 18 avqustdan hesab edilməsi barədə tarixi fərman imzaladı. Beləliklə, sərhədlərimizin mühafizəsinin yaranması Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən başlamış oldu.
Azərbaycan dövləti müstəqillik illərində yaşadığı çətinliklərə baxmayaraq, əzmi sayəsində hər bir sahədə olduğu kimi, sərhədlərimizin mühafizəsində də ciddi dönüşə nail oldu. Sərhədlərin mühafizəsi kimi strateji sahəyə yaxşı bələd olan ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın sərhəd siyasətini formalaşdırdı, stategiyasını müəyyənləşdirdi, yeni sərhəd zastavaları, məntəqələri yaradıldı, bu sahədə qətiyyətli addımlar atdı. İndi ölkəmizin güclü, müasir hərbi texnika ilə təchiz olunmuş sərhəd qoşunları var.
Dövlətimizin sərhəd xidmətinin beynəlxalq əməkdaşlıq imkanları getdikcə artır. Fəaliyyətə başladığı dövrdən NATO, Avropa İttifaqı, GUAM, ATƏT, Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans, BMT kimi beynəlxalq təşkilatlarla, həmsərhəd dost ölkələrlə və MDB dövlətləri ilə yanaşı, Amerika, inkişaf etmiş Avropa və Asiya ölkələrinin sərhəd xidmətləri və müvafiq qurumları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri yaratmışdır.
İkinci dəfə
müstəqilliyini qazananda Azərbaycan
Respublikasının ərazisi 86,6 min kvadratkilometr, sərhədlərinin ümumi uzunluğu isə
3471 kilometrdir. Onun 825 kilometri su sərhəddidir.
Cənubdan İranla 756 kilometr,
Türkiyə ilə 13 kilometr, şimaldan Rusiya ilə 390
kilometr, şimal-qərbdən Gürcüstan ilə 480 kilometr,
qərbdən Ermənistanla 1007 kilometr həmsərhəddir.
Lakin Ermənistanın təcavüzü nəticəsində 1988-1994-cü illərdə 13 min 210 kvadratkilometr ərazisi, ölkənin torpaq ərazisinin 20 faizi işğal olunur. Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 kilometr Azərbaycan-İran və 360 kilometr Azərbaycan-Ermənistan sərhədləri, cəmi 558 kilometr dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və təəssüf ki, indi də bu ərazilərimiz işğalçı dövlətin nəzarəti altındadır. İki onillikdən çoxdur ki, Vətənimizin işğal ərazilərindəki sərhədləri açıqdır, o torpaqların sahibi olan bizlər sərhədimizin bu kəsimlərinə nəzarət edə bilmirik. Yurd yerlərimizi yalnız yuxularımızda görürük. Lakin ümidimizi üzmürük. Əminik ki, çox yaxın gələcəkdə bu gün əlimiz çatmadığı ərazilərimizin sərhədlərində Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq, o sərhədləri Azərbaycan oğulları qoruyacaq.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 18 avqust.- S. 4.