Azərbaycan Sərhəd
Mühafizəsinin yaradılmasının 93-cü
ildönümünə həsr olunmuş
müsabiqəyə yekun vurulmuşdur
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 93-cü ildönümü münasibətilə elan edilmiş müsabiqəyə avqustun 17-də yekun vurulmuşdur. AzərTAc xəbər verir ki, bu münasibətlə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında keçirilən mərasimdə müsabiqə haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, hər il olduğu kimi, bu il də DSX sərhədçilərin fədakar xidmətlərindən, qəhrəmanlıq nümunələrindən, sərhəd xidmətinin xüsusiyyətlərindən bəhs edən televiziya verilişləri, qəzet məqalələri, təsviri sənət, bədii ədəbiyyat və inşa yazısı üzrə müsabiqələr elan etmişdir. Müsabiqələrdə ölkəmizin peşəkar və həvəskar rəssamları, yazıçıları, jurnalistləri, tələbələri, Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının ailə üzvləri, sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər.
Müsabiqə ölkəmizdə maraqla qarşılanmışdır. Bunu müsabiqəyə təqdim olunmuş əsərlərin kəmiyyəti və keyfiyyəti, janrı, müəlliflərin yaşının, təhsilinin, sosial mənşəyinin və peşə səviyyəsinin müxtəlifliyi aydın şəkildə göstərir. Müsabiqədə ölkəmizin bütün regionlarından iştirak etmişlər. Təqdim olunmuş əsərlər mütəxəssislər tərəfindən qiymətləndirilmiş və onların içərisindən ən yaxşıları mükafata layiq görülmüşdür.
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə yaradıcı insanlar üçün hər cür şəraitin yaradıldığını, mədəniyyət sahəsinə dövlət tərəfindən həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarının əməyini yüksək qiymətləndirildiyini demişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsi sayəsində dövlət sərhədlərimizin yüksək səviyyədə mühafizə olunması üçün çoxsaylı yeni sərhəd məntəqələri yaradılır, Sərhəd Qoşunları müasir texnika və avadanlıqla təchiz olunur. Bunun nəticəsidir ki, Dövlət Sərhəd Xidməti beynəlxalq terrorizmə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa qarşı mübarizənin səviyyəsini daim yüksəldir.
DSX-nin çoxsahəli fəaliyyətində ictimaiyyətlə əlaqələrin inkişaf etdirilməsi, hərbi- vətənpərvərlik tərbiyəsi, Vətənə məhəbbət hissinin gücləndirilməsi əsas istiqamətlərdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər içərisində hər il müxtəlif yaradıcılıq müsabiqələrinin elan olunması xüsusi yer tutur.
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 93-cü ildönümü ərəfəsində elan olunan müsabiqələrin sərhədlərimizin qorunması üçün göstərilən fədakar xidmətlərin tərənnüm edilməsində xüsusi rolu vardır. Bu müsabiqələr sərhədçi peşəsinə olan rəğbət və marağı artırır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca və digər çıxış edənlər qalibləri təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışlar.
Çıxış edənlər bildirmişlər ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.
Sonda qaliblərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 18 avqust.- S. 4.