O, orkestrin ürəyi idi
Ölkə
Prezidenti İlham Əliyevin 2010-cu ilin may ayında Azərbaycan
musiqi mədəniyyətinin görkəmli nümayəndəsi,
tanınmış dirijor və bəstəkar Niyazinin (Niyazi
Zülfuqar oğlu Tağızadə-Hacıbəyov) 2012-ci
ilin avqustunda keçiriləcək 100 illiyi ilə
bağlı imzaladığı sərəncamda deyilir:
"Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi
yolunda zəngin fəaliyyəti müasir mədəniyyət
tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq
məktəbinin formalaşması və az vaxtda böyük
inkişaf yolu keçməsi bilavasitə onun adı ilə
bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və
dolğun məzmunlu simfonik əsərlərin müəllifi
kimi də milli simfonizmin təşəkkülünə dəyərli
töhfələr vermişdir".
Ötən
əsrin 30-cu illərindən bəstəkarlıq və
dirijorluq fəaliyyətinə başlayan Niyazi Tağızadə-Hacıbəyov
Azərbaycan ifaçılıq sənətinin
inkişafında və təbliğində böyük rol
oynamışdır. Musiqi xadimlərimiz arasında elə bir
sənətkar tapmaq çətindir ki, Niyazi qədər
müxtəlif mükafatlar, ad-san, şöhrət və xidmət
sahibi olsun. Fikir verin, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı,
iki dəfə SSRİ Dövlət mükafatı laureatı,
respublika Dövlət mükafatı laureatı, Beynəlxalq Cəvahirləl
Nehru mükafatı laueratı, Bolqarıstan Xalq
Respublikasının "Kirill və Mefodi" ordeni, Macarıstan
Xalq Respublikasının xüsusi adlı medalı ilə təltif
olunmuşdur. Niyazi keçmiş SSRİ-nin ən yüksək
təltifi sayılan "Lenin" ordeninə iki dəfə
layiq görülmüşdü. "Qırmızı Əmək
Bayrağı", "Şərəf" nişanı
ordenlərini almışdı. Biz bütün təltifləri,
mükafatları, orden və medalları, fəxri fərmanları,
diplomları sıralasaq, çox uzun bir siyahı alınar.
Orijinal
ifaçılıq üslubuna malik Niyazi Azərbaycan Dövlət
Simfonik Orkestrinin təşkilində fəal iştirak edib.
Uzun illər - fasilələrlə bu musiqi kollektivinin bədii
rəhbəri və dirijoru olub. Respublikamızda dirijorluq məktəbinin
formalaşması və inkişafı məhz maestronun adı
ilə bağlıdır. Onun traktovkasında milli bəstəkarların
bir çox əsərləri, o cümlədən dahi
Üzeyir Hacıbəylinin "Koroğlu" operası sovet
musiqisinin qızıl fonduna daxildir. Unudulmaz bəstəkar
Üzeyir Hacıbəylinin sağlığında Niyazi onun
arzularını həyata keçirən, milli musiqimizin
inkişafında zəhmət çəkən layiqli bir
davamçısı kimi fəaliyyət göstərirdi. O,
1935-ci ildə "Rast" və "Şur"
muğamlarımızı nota saldırdı. Niyazi "Xosrov və Şirin"
operasını yaradanda cəmi 30 yaşı vardı. O,
"Zaqatala" süitası, "Qaytağı",
"Konsert valsı", "Ləzgihəngi" kimi əsərləri
lap gənc yaşlarında milli musiqimizə töhfə
etmişdi.
Azərbaycanda
ilk simfonik əsərlərin müəlliflərindən
sayılan unudulmaz Niyazinin musiqimizdə bu janrın inkişaf
etməsində misilsiz xidmətləri olmuşdu. Onun məşhur
"Rast" simfonik muğamı zəngin melodiyası,
güclü emosional təsiri, şirin ahəngi və qeyri-adi
səslənişi ilə seçilirdi. Təsadüfi deyildir
ki, bu əsər dünyanın demək olar ki, bir çox
ölkəsində səslənmişdi. Hələ sovet
dövründə Azərbaycan bəstəkarı, məşhur
dirijor olan Niyazinin "Rast" simfonik muğamı
ABŞ-ın "Rikordi" musiqi şirkəti tərəfindən
qrammofon valına yazılmışdı.
Böyük
dirijorun həyat fəaliyyəti ilə bağlı müəyyən
axtarışlar apardıqda üzləşdiyim bəzi faktlar
məni həm sevindirdi, həm də heyrətləndirdi.
Niyazi keçmiş sovet məkanında dünyanın
tanıdığı, sevdiyi, qiymətləndirdiyi, habelə
müxtəlif ali mükafatlara layiq görüldüyü
çox qüdrətli və qeyri-adi istedada malik musiqi
xadimidir.
Niyazinin əsas
ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət
Opera və Balet Teatrı ilə sıx bağlı olmuşdu.
Onun bioqrafiyasından məlum olur ki, dahi bəstəkar bu
teatrda müxtəlif vəzifələrdə - dirijor, direktor,
bədii rəhbər və baş dirijor kimi
çalışmışdı. Maestronun böyük
şövq və məhəbbətlə bu möhtəşəm
teatrımızda tamaşaya hazırladığı "Nərgiz"
(M.Maqomayev), "Vətən" (Q.Qarayev və C.Hacıyev),
"Sevil" (F.Əmirov), "Qaratoxmaq qadın"
(P.Çaykovski), "Knyaz İqor" (A.Borodin),
"Karmen" (J.Bize)... operaları, "Gülşən"
(S.Hacıbəyov), "Yeddi gözəl",
"İldırımlı yollarla" (Q.Qarayev)... baletləri
incəsənət tariximizin yaddaqalan səhifələridir.
Azərbaycanın başqa bir azman bəstəkarı Arif Məlikovun
"Məhəbbət əfsanəsi" baleti 40 ildən
çoxdur ki, dünyanın musiqi salonlarında göstərilir.
Bu əsər insanları heyrətə gətirməklə bərabər,
Azərbaycan musiqisinin qüdrətindən xəbər verir. Həmin
baleti ilk dəfə 1961-ci ildə Leninqrad Opera və Balet
Teatrında tamaşaya məhz Niyazi hazırlamışdı.
Niyazini yaxından tanıyanlar təsdiqləyirlər ki, onda
çox böyük istedad və qəribə məharət
var idi. Keçmiş SSRİ-nin məşhur bəstəkarları
çalışırdılar ki, onların əsərlərinə
məhz Niyazi quruluş versin.
O,
Avropanın möhtəşəm teatrlarında
özünü dəfələrlə təsdiqləmişdi.
Parisin, Londonun teatr səhnələrində göstərilən
müxtəlif opera və baletlərə dirijorluq etmişdi.
Sovet dövründə bizim Türkiyə ilə əlaqələrimizin
demək olar ki,
olmadığı bir vaxtda Niyazi Ankaradan, İstanbuldan dəvətlər
alırdı. Onu müxtəlif operalarda dirijorluğa dəvət
edirdilər. Böyük sənətin, qeyri-adi istedadın, bənzərsiz
musiqi qabiliyyətinin qarşısında hədlər və sədlər
çox zəif görünürdü. Niyazi İstanbulda
türk bəstəkarı Ə.Sayçunun
"Koroğlu" operasının ilk tamaşasına və
"Yunus İmrə" oratoriyasına dirijorluq etmişdi.
Bu
faktı dəfələrlə təkrar etməkdən
qürur duyuruq ki, Niyazi bütün qitələrdə
sevilirdi. Bütün varlığı ilə millətinə
bağlı olan, onun mədəniyyət tarixinin zənginləşməsində
öz yaradıcılıq töhfələrini əsirgəməyən
Niyazi həm də böyük mənada beynəlmiləlçi
idi. Onu bəşəri ideyalar, duyğular,
bütövlükdə insan
düşündürürdü. Bu mənada o, 1961-ci ildə
məşhur hind yazıçısı Rabindranat Taqorun
"Çitranqoda" fəlsəfi dramının motivləri
əsasında "Çitra" baletini yazdı. Bu balet
Hindistanda da böyük maraqla qarşılandı.
Musiqimizin
hansı tərəfindən Niyaziyə müraciət etsək,
onu zirvədə görürük. İstedad öz yerində,
vaxt baxımından da heyrətlənirsən ki, o,
bütün bunları necə çatdırırmış?
Qətiyyətlə deyə bilərik ki, Niyazinin Azərbaycan
kinosunun inkişafında da xüsusi yeri vardır. Məsələn,
"Almaz", "Kəndlilər", "Fətəli
xan", "Mahnı belə yaranır"... kimi filmlərin
musiqisinin müəllifi Niyazidir. Məşhur dirijor həm də
gözəl mahnı bəstəkarı idi. O, təkcə
fortepiano və orkestr üçün əsərlər
yazmırdı. "Vətən haqqında mahnı",
"Təbrizim", "Arzu", "Dağlar
qızı"... adlı nəğmələri Niyazinin bizə
bəxş etdiyi ən gözəl şərqilərdən
sayılır. "Kəklik", "Qaragilə",
"Xumar oldum", "Ay bəri
bax", "Küçələrə su səpmişəm"
və s. Azərbaycan xalq mahnılarını simfonik orkestr
üçün işləmişdi.
O, bir tərəfdən
orijinal əsərlər üzərində
düşünür, yaradır, o biri tərəfdən
mahnı bəstələyir, tamaşalar, kinofilmlər
üçün musiqi yazır, axşam konsert salonlarında
möhtəşəm opera və baletlərə, oratoriyalara
dirijorluq edir, musiqimizin problemləri ilə məşğul
olur və Dövlət Filarmoniyasının rəhbəri vəzifəsini
aparırdı. Hamısını da çox ustalıqla,
böyük məharətlə, məsuliyyətlə yerinə
yetirirdi. Niyazi bütövlükdə heyrətin, təəccübün,
məhəbbət və ehtiramın mücəssəməsi
idi. O, dirijor pultu arxasında görünəndə
bütün salonun diqqətini özünə çəkirdi.
Niyazi bütün varlığı ilə orkestrin mayası,
canı, qanı, ürəyi idi. O, 1979-cu ildən
ömrünün sonuna kimi Azərbaycan Dövlət
Filarmoniyasının direktoru vəzifəsində
çalışmışdı.
1970-ci illərin
sonu, 80-ci illərin əvvəllərində üç ildən
bir respublikamızda məktəblilərin mahnı və rəqs
bayramı keçirələrdi. O musiqili bayramın təntənəli
günlərini indiki kimi xatırlayıram. Respublika stadionunda
maestro Niyazi dirijor pultunda görünən kimi ətrafı
gurultulu alqış sədaları bürüyürdü.
Uşaqlar Niyazinin dirijorluğu ilə qabiliyyətlərini məharətlə
nümayiş etdirərdilər.
O xoşbəxt
günlərin birində dünya şöhrətli
dirijorumuzla görüşüb söhbət etmək mənim
də qismətimə düşdü. Vədələşdiyimiz
kimi, Dövlət Filarmoniyamızda görüşməli
idik. Vaxtından qabaq gəldiyimdən salona daxil oldum. Maestro məşq
edirdi. Onu görənlər gözəl bilirlər ki, əllərində
dirijor çubuğu ilə orkestrin ürəyinə
çevrilmiş Niyazi tamaşaçı üçün
başdan-ayağa sirr və möcüzə idi.
Özümü çox xoşbəxt sanırdım ki,
salonda bir mən idim, bir də o möcüzənin
doğurduğu qeyri-adi musiqi. İnsanın bütün
varlığı təlatümə gəlirdi.
Çalğıdan çox Niyazinin sifətindəki cizgilər,
əllərinin çevik hərəkətləri, müxtəlif
səmtlərə fırlatdığı dirijor
çubuğu qəribə təsir
bağışlayırdı. Nə yaxşı ki, mən
bunları yaxından görmüşəm.
...Maestro
ilə söhbətimiz çox şirin keçdi. Həmin
müsahibədən bəzi məqamları bu yazımda da
xatırlatmağa lüzum duydum. Çünki Niyazi elə məsələlərə,
elə mövzulara toxunurdu ki, bu gün də aktual və
vacibdir. O deyirdi: "Qılınc kəsməyəni sözlə
kəsiblər. Güc açmayan qapını sözlə
açıblar. Yəqin ki, Qobustan qayalıqlarındakı rəsmlərə
fikir vermisiniz. Orada bizim milli rəqsimiz olan
"Yallı"nın ilk formaları öz əksini
tapmışdır. Yeridir, elə burada bir məsələni
xatırladım. Bir də görürsən, məktəb rəqs
qruplarının konsertlərində elan edilir:
"Yallı" oynayırlar. Düz deyil.
"Yallı"nı gedərlər, oynamazlar.
"Yallı" qoçaqlıq, igidlik, cəsurluq rəmzi
kimi qüvvət, güc dəstəsi kimi yaradılıb.
"Yallı"nı gedən rəqs qrupları içərisində
məni ən çox sevindirən Naxçıvan və
Qarabağ məktəbliləridir".
Mən o
vaxtlar pedaqoji mətbuatda çalışdığımdan
böyük Niyazi bir arzusunu da bildirdi ki, kaş bütün məktəblərimizdə
xor kollektivləri təşkil olunaydı. Xorla oxunan nəğmələr
hər şeydən əvvəl, həyata, dövrə
münasibəti əks etdirir. Həm də çoxsəsli
kollektivin artırılması mədəniyyətin
inkişafı üçün vacibdir. Maestro
arzulayırdı ki, məktəblərə görüşə
gedən bəstəkarlar, müxtəlif sənət
adamları həmin təhsil ocağını hamiliyə
götürsün. Onlara incəsənət, ədəbiyyat
sahəsində lazımi kömək etsin. Niyazi qətiyyətlə
deyirdi: "Bəstəkar məktəblə il boyu öz əlaqəsini
davam etdirməlidir. Mənim arzum odur ki, bütün müəllimlərimiz
Üzeyir bəyə oxşasınlar. Çünki bizim dahi
Üzeyir, Müslüm Maqomayev, ilk dirijorumuz olan Əbdürrəhim
bəy Haqverdiyev Qori seminariyasını bitirmişdilər.
Onlar əslində müəllim idilər. Amma fikir verirsinizmi,
daxili istək, həvəs, əsl vətənpərvərlik
onları hansı zirvəyə yüksəltdi. Müəllim
hər şeyə qadir güclü bir insan deməkdir. Təkcə
hərfləri öyrətmək azdır. Biz gərək 32 hərfin
daxilindəki musiqini, nəğməni uşaqlara
çatdırmağı bacaraq".
Təəssüf
ki, bir ildən sonra böyük bəstəkar və dirijor
dünyasını dəyişdi.
İndi bizə ondan xoş xatirələr, əzəmətli
musiqi və həmişəyaşar əsərlər
qalıb.
...Yenə
də o unudulmaz insan böyük bir orkestri öz sehirli
çubuğu ilə idarə edir. Salonun bütün diqqəti
ancaq Niyazidədir. Sifətinin cizgilərində
"Koroğlu" uvertürasının bənzərsiz
melodiyaları oxunur. Əllərinin hərəkətində
igidlərin Vətən, torpaq uğrunda yürüşü
duyulur. Gözlərinin dərinliyində bir ölməzlik
işarəsi parıldayır. Allah, Allah, musiqi sona yetdi.
Baxdığımız lent yazısı imiş.
Allah sənə
rəhmət eləsin, böyük ustad! Sən həmişə
bizimləsən! Biz də gəldi-gedərik. Sən isə gələcəyə
gedirsən!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 18 avqust.- S. 5.