İstiqlal mübarizi
Gizli ölüm
düşərgəsində 8 il
yaşayıb sağ qayıdan doktor Cahangir Ağazadəni
Bakıda güllələdilər
Onu "lazaretə" həkim Ağayev Cahangirin
yanına apardım. Ağayev dedi: "Heç bilmirəm,
neyləyim. Lazaretdə yer yoxdur,
dərman və sarğı materialları da
yoxdur, onlarsa hər gün kəsilmiş barmaqlarını
sarıtdırmağa gəlirlər" ... Heç bir
həftə keçmədi ki, Semyonov qan zəhərlənməsindən
öldü. Məntəqənin rəisi Novikov Aleksandr Mixayloviçin imzaladığı "Zəhərlənmədən
ölmüş məhbus Semyonov
ölmüş hesab edilsin və Xüsusi Təyinatlı
Şimal Düşərgələri tərəfindən
mənə həvalə edilmiş məntəqənin məhbusları
siyahısından çıxarılsın". Əmrin mətni
indiki kimi
yadımdadır".
Daha sonra
düşərgənin rəisi yazır: "Həssas və
xeyirxah Ağayev Kond adasında ürəyimi boşaltdığım
yeganə adam idi. Onu Kond adasına
"sındırmaq" üçün
göndərmişdilər, çünki
Solovki adasında
müsavatçıların aclıq aksiyasına rəhbərlik
etmişdi. Onunla
birlikdə daha 11 nəfər
müsavatçı göndərilmişdi. Onların 29-cu ildən
30-cu ilə keçən qışda sağ
qalıb-qalmadığını bilmirəm. Hər
halda onlar Kond adasından heç vaxt geri qayıtmayacaqlar:
axı XTŞD-nin
(Xüsusi Təyinatlı Şimal
Düşərgələri) İnformasiya-İstintaq
Şöbəsi (İİŞ) onları oraya
xüsusi olaraq
"sındırmaq" üçün
göndərmişdi. İİŞ bunu çox gözləməyəcək: onsuz da aclıq və hər
il orada tüğyan edən yatalaq
çekistlərin istəyini inanılmış halda tezliklə həyata keçirir.
1929-cu ilin yayında doktor
Ağayevə səciyyəvi məktub göndərilmişdi.
Kiçik oğlu
yazırdı: "Əziz ata, mən məktəbə
getmirəm, çünki sən əksinqilabçısan.
Atacan, mənə
məktub yaz ki, mən
sənin oğlun deyiləm. Əslində
isə, əziz atam, mən həmişə
səni sevirəm, sən mənim atamsan:
məktub mənə yalnız ona görə
lazımdır ki, məni məktəbə
qəbul etsinlər..."
Əgər
mən o vaxt Kond adasında olmasaydım, Ağayev
bu məktubu almazdı: məktub geriyə,
Gəncəyə göndərilərdi, özü
də atasını sevən oğula yox, Xüsusi Dövlət
Siyasi İdarəsinə ki,
məktub müəllifini "sosial cəhətdən
təhlükəli şəxslər" siyahısına salsın, ciddi nəzarətdə saxlanılsın.
Bu məktubu götürüb
doktor Ağayevin
yanına gəldim və dedim: "Əzizim
Cahangir, sizə oğlunuzdan
məktub var". Pıçıltı
ilə əlavə etdim: "Onu oxuyun, amma
dərhal cırın".
Ağayev açıq zərfdən məktubu
çıxarıb oxumağa
başladı. Dodaqları əsəbdən səyriyirdi,
gözlərindən yaş sel kimi axırdı. Məktub
tutan əlləri əsirdi, hönkür-hönkür
ağlayırdı... Üzünü əlləri
ilə tutub, öz çirkli tapçanına
yıxıldı...
Mən "Aptek"ə qaçdım, böyük
dozada valerian
damcıları alıb Ağayevə gətirdim.
Müsavatçı İrzaya (Rzaya) dedim ki,
doktoru sakitləşdirin. Özüm
isə dərhal oradan çıxıb getdim... Ruhun şad olsun, unudulmaz, əziz Cahangir!"
Həmin
rəis sovet imperiyasının
zülmünə, Stalin rejiminin
insanların başına gətirdiyi ağlagəlməz faciələrə,
fəlakətlərə etiraz əlaməti
olaraq 1929-cu ildə SSRİ-ni
gizli yolla tərk edib, xarici ölkələrdən
birində sığınacaq
tapıb, orada yaşayıb və "məktub məsələsi"ni də Stalinin ölümündən (1953-cü il, mart) az
sonra xarici ölkədə
nəşr etdirdiyi kitabına daxil edib.
Müəllif
keçmiş düşərgə rəisi
Ağayevin və onun
həmyerlilərinin "29-cu ildən 30-cu ilə keçən
qışda sağ
qalıb-qalmadığını bilmirəm" deməkdə
haqlı idi. Çünki
ağır iş şəraiti və
40-45 dərəcə şaxtadan hər adam salamat çıxa bilmirdi. Sizə elə gəlməsin ki,
ölənlər çoxaldıqca, yaxşılığa doğru nəsə dəyişirdi, yox, buraya on
gündən bir ölənlərdən çox "xalq düşməni"
gətirilirdi.
Hətta
Cahangir Ağayevə oğlundan
gələn məktubla əlaqədar yaranan
gərginlikdən sonra "Ruhun şad olsun, unudulmaz, əziz Cahangir!" - deyə, tələsik ondan aralanan rəisin
yazdıqlarından belə qənaətə gəlmək olur ki, Cahangir
Ağayev heç
29-cu ildən 30-cu ilə keçən qışa da qalmır,
ürəktutmasından elə oradaca həyatla
vidalaşır.
Amma araşdırmalarımızdan məlum
olur ki, Cahangirin çətin anında köməyə
çağrılan İrzanın (Rza)
yardımı sayəsində Cahangir Ağayev sağ qalır.
***
Rus dilini
yaxşı bilməsi və hamının dadına çatan həkimlik peşəsi sayəsində
Cahangir Ağayev
1935-ci ilə kimi Kond
adasında yaxşı ünsiyyət yarada
bilir. Vaxtından iki il əvvəl azadlığa buraxılır. Bu xəbər 1935-ci ilin
yazında Gəncədə Ağazadələri
tanıyanların, eşidib-bilənlərin qəlbində sevinc hissi
alovlandırır. O vətənə
qayıdandan sonra yüzlərlə ailə
- müsavatçı, əksinqilabçı, yeni quruluşun
düşməni, qolçomaq, axund, molla, ruhani,
din xadimi və s. bu kimi
adlarla öldüsü-qaldısı məlum
olmayanların, həbs olunanların, sürgünə göndərilənlərin
yaxınları tanıdı-tanımadı gizlin-gizlin
doktor Ağayevin
ünvanını soraqlayır, görüşür,
doğmalarından bir xəbər bilməyə
çalışırdılar.
Cahangir Ağayev sürgündən
qayıdanda böyük oğlu
Tahir Gəncə Kənd Təsərrüfatı
İnstitutunun sonuncu kursunda, Məlahət həmin institutun
mühəndis-entemoloq fakültəsində təhsil
alırdı. Çingiz, Əkrəm, Oqtay və Günəş isə orta məktəbdə oxuyurdular. Xuraman xanım
Azərbaycan və fars dillərini tədris
etməklə, həm də ibtidai məktəbin
müdiri idi.
Dünyanın
harasında olursa-olsun, həkim həkimdir,
deyən Cahangir Ağayev
əvvəlki kimi müayinə və
müalicə məqsədilə ona
müracət edənlərdən qayğısını əsirgəmirdi.
Sürgündən təzə qayıdanda bir-iki
nəfər ona səni işə
götürərik desə də, sonralar
qorxularından gözə dəymədilər. Doktor Ağayev həyatın
hər üzünü görmüşdü,
çox şeylər görüb-götürmüşdü,
odur ki, hökumət
idarələrindən, hökumət adamlarından aralı gəzirdi.
Az sonra sonuncu iş yeri olan
Şəkiyə gedib, orada
yaşayır, arada Gəncəyə gəlib-gedirdi. İstər Şəkidə,
istər Gəncədə işi-gücü
xəstələrin müayinəsi və müalicəsi ilə
məşğul olmaq, insanlara
kömək göstərmək, əl tutmaq
idi. 1937-ci il avqustun 7-də
Azərbaycan
SSR Xalq Daxili
İşlər Komissarlığının əməkdaşları
doktor Ağayevi yenidən
həbs edirlər. Səbəb də bu olur ki, Cahangir
Ağayev 1935-ci ildə həbsdən
qayıtdıqdan sonra guya
Nuxada və Gəncədə əhali
arasında əksinqilabi təbliğatla məşğul olur. Evində axtarış aparırlar. Cahangir Ağayevin barəsində
ikinci dəfə cinayət işi açılır. Azərbaycan SSR XDİN-nin Dövlət Təhlükəsizliyi
İdarəsinin Nuxa şəhər 10 nömrəli
əməliyyat qrupunun kiçik
leytenantı Q.V. Zelenski
müttəhim Ağayevlə avqustun 15-də
görüşərək sorğu protokolu tərtib edir. Müstəntiq keçirdiyi
sorğuya əsasən
çıxardığı ittihamnaməni 23 avqust
1937-ci ildə Fövqəladə "Üçlüyə"
göndərir.
İttihamnamədə
deyilir:
"Mən, Azərbaycan
Xalq Daxili İşlər
Komissarlığı, Nuxa şəhər
10 N-li əməliyyat qrupunun
əməliyyatçısı, kiçik
leytenant Q.V.Zelenski müttəhm Ağayev
Cahangir Musa oğlunun adına açılmış 1214 N-li işə baxdım.
1894-cü ildə
Kirovabad şəhərində anadan olmuş. SSRİ vətəndaşı,
mülkədar, Müsavat
partiyasının Gəncə üzrə gizli
komitəsinin sədri Cahangir Ağayev 1927-ci ildə mühakimə olunaraq 10 il müddətinə
sürgün edilib.
Diqqətinizə
çatdırıram ki, 1935-ci ildə
sürgündən qayıtmış Ağayev
Cahangir Musa oğlu sovet hökumətinə
qarşı ifrat dərəcədə
düşməncilik əhval-ruhiyyədədir ki, bu da
aşağıdakılardan ibarətdir:
a) Əksinqilabi fəaliyyətini davam etdirərək sürgündən
qayıtmış müsavatçıların işə
düzəlməsinə kömək etmişdir.
b) Ətrafındakılar və
yaxınları arasında qadınlara azadlıq verilməsi əleyhinə
mütəmadi olaraq əksinqilabi-millətçi
fikirlər söyləmişdir.
v) Sovet hakimiyyətinin
və SSRİ-nin digər
xalqlarının əleyhinə böhtan xarakterli əksinqilabi fikirlər söyləmişdir.
q) İnsanlar
arasında böhtan
və təslimçilik xarakterli əksinqilabi
təbliğat işləri aparmışdır.
d) 7 VIII / 1937-ci ildə əməliyyat
qrupu tərəfindən həbs edildikdən
sonra, Nuxa həbsxanasında da
sovet hökumətinin əleyhinə
mütəmadi olaraq böhtan
xarakterli iş
aparmışdır.
Müttəhimin
təqsiri şahid ifadələri vasitəsilə
sübuta yetirilmişdir.
Müttəhim təqsirini
qismən boynuna almışdır.
Yuxarıda
qeyd olunanlar əsasında vətəndaş Ağayev
Cahangir Musa oğluna qarşı irəli sürülmüş
ittiham Azərbaycan SSR CM müvafiq
maddələri ilə sübuta yetirilmiş hesab olunaraq 1214 N-li iş baxılmaq üçün
Azərbaycan SSR Fövqəladə
"Üçlüyünə" təqdim olunur.
Ağayev Cahangir Musa oğlu 1937-ci il avqustun 7-dən Nuxa təcridxanasında saxlanılır.
Heç bir əşyayi-dəlil
yoxdur.
Onun şəxsi əşyaları surquclu konvertdədir.
10 N-li əməliyyat qrupunun
əməliyyatçısı
kiçik leytenant
Q.V.Zelenski."
Bundan bir həftə sonra
Fövqəladə "Üçlüyün"
1 sentyabr 1937-ci il tarixli yığıncağının qərarına
əsasən, 43 yaşlı Ağayev Cahangir Musa oğlunun
əmlakı müsadirə olunmaqla barəsində
güllələnmə hökmü
çıxarılır. Hökm
Bakıda 1937-ci il sentyabrın 17-dən
18-nə keçən gecə saat 2-də
icra olunur.
***
Cahangir Ağazadənin həyat
yoldaşı Xuraman xanım o ağrılı illərdə altı
övladına həm ana oldu,
həm ata. "Xalq
düşməni"nin ailəsi kimi əlavə
çətinliklərlə üzləşməli olsa da,
uşaqlarının yaxşı təhsil və tərbiyə
almaları üçün əlindən
gələni etdi. Uşaqlardan
dördü - Tahir, Məlahət,
Əkrəm və Günəş 5 nömrəli şəhər
orta məktəbini fərlənmə və
əla qiymətlərlə, Çingizlə Oqtay
qızıl medalla bitirdilər. Ailənin
böyüyü Tahir
və Məlahət Gəncə Kənd Təsərrüfatı
İnstitutunu, Tahir həm
də 1929-30-cu illərdə Gəncə musiqi
məktəbinin tar şöbəsini, Çingiz, Əkrəm və Günəş
Azərbaycan Tibb İnstitutunu
bitirdilər. Oktay isə əvvəl Azərbaycan Neft-Kimya
İnstitutuna qəbul olmuş,
iki il həmin institutun nümunəvi tələbəsi olmuş, sonra oradan çıxıb atası və
qardaşları kimi həkim olmaq arzusuyla Azərbaycan Tibb
İnstitutuna daxil olmuşdur. Üç il burada oxuduqdan
sonra təhsilini yarımçıq qoyub Moskvaya gedib orada
yaşamışdır.
Uzun müddət Ağazadələr nəsli
bilməyib ki, doktor Cahangir Ağayev
haradadır - həbsdədirmi, güllələnibmi, yenə
sürgündədirmi, yerini-yurdunu bilən
olmayıb.
Ancaq haqq nazilər,
amma üzülməz, deyiblər. Ağazadələrin çoxsaylı ərizə və
müraciətlərinə əsasən, güllələnəndən
52 il sonra, 1989-cu il oktyabr ayının 23-də
Ağayev Cahangir Musa oğluna SSRİ Ali Soveti Rəyasət Heyətinin
"1930-40-cı illər və 50-ci illərin əvvəllərində
baş vermiş repressiyalara münasibətdə ədalətin
bərpa edilməsinə dair əlavə
tədbirlər haqqında" 16 yanvar
1989-cu il tarixli fərmanına
əsasən bəraət verilmişdir.
Rəhman SALMANLI
Azərbaycan.-
2012.- 18 avqust.- S. 5.