Azərbaycanın böyük sənətkarı Müslüm Maqomayevin xatirəsi yad olunmuşdur

 

Avqustun 17-də  zəmanəmizin görkəmli müğənnisi, Azərbaycanın və SSRİ-nin xalq artisti Müslüm Maqomayevin anadan olmasının 70 illiyi münasibətilə böyük sənətkarın xatirəsi anılmışdır.

AzərTAc xəbər verir ki, dövlət və hökumət rəsmiləri, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoymuş və təzə-tər güllər düzmüşlər.

Xalq artistinin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələnlər arasında SSRİ xalq rəssamı Tahir Salahov, müğənninin həyat yoldaşı Tamara Sinyavskaya, adamı Araz Ağalarov və tanınmış müğənni-bəstəkar Emin Ağalarov da var idi.

Anma mərasimində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək M.Maqomayevin bənzərsiz sənətkarlığından, fitri istedadından, zəngin yaradıcılığından söz açmışdır.

Diplomat demişdir ki, bu gün səhər Rusiya televiziyasında Müslüm Maqomayev haqqında veriliş nümayiş etdirilmişdir. Onun yaradıcılığına olan belə münasibətə ürəkdən sevinirəm. Mən o nəslin nümayəndəsiyəm ki, bizim musiqi zövqümüz Müslümün yüksək istedadı və ifasının təsiri altında formalaşmışdır. Bu mənada bizim bəxtimiz gətirmişdir. Ona görə ki, mahnıları dünya musiqi sənətinə xüsusi töhfələr vermiş belə bir böyük sənətkarın zamanında yaşamışıq.

Səfir qeyd etmişdir ki, Müslüm Maqomayev Azərbaycan ilə Rusiya arasında mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, ölkələrimizin mədəni əlaqələrinin inkişafına böyük töhfə vermişdir.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov bildirmişdir ki, musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan böyük müğənninin nadir tembrli gözəl səsi, təkrarolunmaz səhnə ustalığı və nadir musiqi duyumu sənət aləmində atdığı ilk addımlardan onu milyonların sevimlisinə çevirmişdir.

F.Xəlilov demişdir: "Fəxr edirəm ki, gənclik və kamillik dövrümüzü bir yerdə keçirmişik. O, böyük istedad sahibi idi. Mən onun xatirəsi qarşısında baş əyirəm. Ona görə ki, o, ömrünün son gününə qədər böyük azərbaycanlı olaraq qalmışdır".

Tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, əməkdar artist Murad Hüseynov Müslüm Maqomayev sənətinin böyüklüyü haqqında danışmış və sənətkarın xatirəsinə ehtiramını bildirmişdir.

Anma mərasiminin iştirakçılarına təşəkkürünü bildirən sənətkarın ömür-gün yoldaşı Tamara Sinyavskaya bildirmişdir ki, Müslüm Maqomayev bütün bunları bilir, görürhiss edir.  

Müslümün xatirəsinin belə böyük bir sevgi ilə anılması mənə mənəvi güc verir. Bütün bunları gördükdən sonra tam əminliklə deyə bilərəm ki, Müslüm Maqomayev heç vaxt unudulmayacaqdır.

 

*  *  *

 

Bu gün Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri və qurumun tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin təmsilçiləri də Fəxri xiyabana gələrək Müslüm Maqomayevin məzarı önünə əklil qoymuş və təzə-tər güllər düzmüşlər.

 

 

Azərbaycan.- 2012.- 18 avqust.- S. 5.