Azərbaycan-Avstriya əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Zalsburq şəhərində keçirilən "Zalsburq trilogiyası" konfransında iştirakı çərçivəsində bu ölkənin xarici siyasət idarəsinin rəhbəri Mixael Şpindeleqqer ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Avstriya arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında iqtisadi, enerji və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur.

Görüşdə Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə edilmişdir. Nazirlər parlamentlərarası münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini vurğulamışlar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin zəruriliyi qeyd olunmuşdur. Avstriyalı nazir E.Məmmədyarovu Avstriyaya rəsmi səfərə dəvət etmişdir.

Bundan əlavə, görüşdə E.Məmmədyarov Avstriyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın vaxtlarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirmişdir.

E.Məmmədyarov avstriyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumat vermişdir.

 

 

Azərbaycan.- 2012.- 19 avqust.- S. 1.