Cəlilabad
sürətlə inkişaf edir
Hələ təhlükəsizlik orqanlarında çalışarkən ulu öndər Heydər Əliyev xidməti vəzifəsi ilə bağlı Cəlilabada tez-tez gəlib-gedərmiş. Ona görə də rayonun ərazisini, adamlarını yaxşı tanıyırdı. Ümummilli lider 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra bu əlaqələr daha sıx xarakter almışdı. Rayonun sürətli İnkişafı da elə bu vaxtdan başlamışdı. Azərbaycan keçmiş ittifaq miqyasında, Cəlilabad isə respublikada birincilər sırasına çıxmışdı.
Taxılçılıqda, heyvandarlıqda, kənd təsərrüfatının digər sahələrində rekord göstəricilər əldə edilirdi. Üzüm istehsalı 300 min tona çatdırılmışdı. Onlarla zəhmətkeş insan o dövrün yüksək mükafatlarına layiq görülmüş, ən başlıcası isə əhalinin yaşayış səviyyəsi yüksəlmişdi. O dövrdə Cəlilabadda böyük tikinti-quruculuq, abadlıq işləri aparılmışdır. Yaşlı və orta nəslə mənsub olan hər bir cəlilabadlı həmin illəri ürəyində indi də xoş xatirə kimi yaşadır. Görünür, bu səbəbdən onların hər birinin qəlbində Heydər Əliyevə qarşı böyük hörmət və məhəbbət var. Elə buna görə də ötən əsrin 90-cı illərində bu böyük insana təzyiqlər olanda cəlilabadlılar heç nədən çəkinmədən Heydər Əliyevi müdafiəyə qalxdılar.
Hakimiyyətinin ikinci dövründə də ümummilli lider Cəlilabada səfərlər etdi, rayonun inkişafı üçün qayğılarını əsirgəmədi. Bu gün rayon yenə də inkişaf, tərəqqi yolundadır. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün bölgələrimiz kimi Cəlilabada da xüsusi diqqət göstərir. Rayona tez-tez səfər edir, inşası başa çatmış obyektlərin açılışında, müxtəlif təyinatlı binaların təməlqoyma mərasimində iştirak edir. 2003-cü ildən indiyədək rayonda neçə-neçə sənaye müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət ocaqları, inzibati binalar, yaşayış evləri tikilmiş, park və xiyabanlar salınmış, təbii qaz xətləri çəkilmiş, yollar əsaslı şəkildə təmir edilmişdir. Bu istiqamətdə iş indi də böyük ruh yüksəkliyi ilə davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ilə bağlı rayonda həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad və Göytəpə şəhərlərinin, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişmişdir.
Rayon mərkəzinə çatanda bir-birindən gözəl, mənalı mənzərələrlə rastlaşırsan. Bir neçə il bundan əvvəl istifadəyə verilmiş Heydər Əliyev Seyrəngahı Cəlilabad şəhər sakinlərinin ən çox sevdiyi bir məkandır. İsti yay axşamlarında bura daha qələbəlik olur. Adamlar ailəliklə parka gələrək istirahət edirlər. Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, Tarix-diyarşünaslıq muzeyi son illərdə tikilib istifadəyə verilmişdir. Gənclər asudə vaxtlarını səmərəli və mənalı keçirmək üçün bu ünvanları seçirlər.
Cəlilabad əsasən kənd təsərrüfatı rayonudur. Dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində taxıl, kartof, üzüm, digər bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ildən-ilə artırılır. Bol məhsul isə firavan həyat, xoş gün-güzəran deməkdir. Tikilən yaraşıqlı fərdi evlər, alınan xarici markalı minik maşınları da bundan xəbər verir.
Bu il iyulun 31-də Prezident İlham Əliyev növbəti dəfə Cəlilabada səfər etmişdir. Bununla əlaqədar təxminən 2-3 ay əvvəldən hazırlıq işləri görülürdü. Rayon icra hakimiyyətinin başçısı öndə olmaqla aparatın bütün məsul işçiləri, əlaqədar müəssisə və təşkilatların rəhbərləri, cavabdeh şəxslər, demək olar ki, öz iş yerlərini istifadəyə veriləcək obyektlərə köçürmüşdülər. Mal-materialların gətirilməsi, tikintilərin lazımi maşın-mexanizmlərlə təminatı, usta və fəhlələrə yemək verilməsi, habelə digər məsələlərin hamısı nəzarətdə saxlanılırdı. Hər günün sonunda görülən işlərə yekun vurulur, sabahın vəzifələri müəyyənləşdirilirdi. Çəkilən zəhmət hədər getmədi.
Cəlilabada gələn ölkə başçısı öncə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoymuşdur. Sonra açılışı nəzərdə tutulan obyektlərdə olmuşdur. İstifadəyə verilən bu obyektlərin hər birinin rayonun, onun əhalisinin həyatında önəmli rolu vardır.
Prezident Cəlilabad Olimpiya İdman Kompleksinin açılışından sonra rayon ictimaiyyəti nümayəndələri ilə görüşü zamanı demişdir: "Bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir. Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır. Əvvəlki illərdə görülən işlər deməyə əsas verir ki, artıq biz böyük uğurlara nail ola bilmişik. İndi infrastruktur layihələri icra edilir. Mən maraqlandım, icra başçısı məlumat verdi ki, Cəlilabadda qazlaşdırma prosesi bir az ləng gedir. Mən Bakıya qayıdandan sonra əlavə göstərişlər verəcəyəm ki, qazlaşdırma daha sürətlə getsin... Cəlilabad şəhəri və ətraf kəndləri, ilk növbədə, su və kanalizasiya sistemi ilə təmin edilməlidir".
Prezident sahibkarlığın inkişafı üçün kreditlərin verilməsi, üzümçülüyün inkişafı ilə əlaqədar görülən tədbirlər və bunlarla bağlı dövlət proqramının qəbul edilməsi, habelə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıtda gübrə zavodunun tikilməsi, turizmin inkişaf etdirilməsi və digər məsələlərin həllindən də danışdı.
İyulun 31-də Cəlilabadda böyük bayram əhval-ruhiyyəsi vardı. Həmin gün ölkə başçısı burada rayon gənclərinin müxtəlif bölmələr üzrə fərdi yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində mühüm rol oynayacaq Heydər Əliyev adına Yaradıcılıq Mərkəzinin, gənclərin asudə vaxtının səmərəli və mənalı keçməsində, perspektivli idmançıların yetişməsində böyük rol oynayacaq Cəlilabad Olimpiya İdman Kompleksinin açılışlarında iştirak etmişdir. 14 yaşayış massivi üzrə 24 min sakinin yol probleminin həllinə təsir göstərəcək 17 kilometrlik Cəlilabad-Hamarqışlaq-Sadatlı yolunun, respublikada taxılçılığın inkişafına təkan verməklə yanaşı, əhalinin il boyu keyfiyyətli un ilə təmin olunmasına şərait yaradacaq "Avanqard" MMC-nin yeni un fabrikinin, saatda 10 ton quş yemi hazırlamaq gücünə malik olan "Cəlilabad Broyler" ASC-nin yeni yem fabrikinin açılışı da ölkə başçısının iştirakı ilə olmuşdur.
Prezident həmin gün Cəlilabad şəhərindəki istirahət parkında yenidənqurma işləri ilə tanış olmuşdur. 1952-ci ildə salınan bu parkda ilk dəfədir ki, belə əsaslı yenidənqurma işləri aparılmışdır. Şəhərin ən yüksək yerində salınan Dövlət Bayrağı meydanı və Gənclər parkı cəlilabadlıların sevimli istirahət yerinə çevrilmişdir. Burada bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Görülən işləri dövlət başçısı yüksək qiymətləndirmişdir.
İndi Cəlilabadda hamı sevinir, qürur hissi keçirir. Sevinirlər ona görə ki, ölkə başçısı onların işinə müsbət qiymət verib. Sevinirlər ona görə ki, ölkəmizdə gedən inkişafda, quruculuq işlərində ön sıradadırlar.
Cəlilabadlıların daha bir sevinci isə Prezidentin sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 2 milyon manat vəsaitin ayrılması ilə bağlıdır.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 19 avqust.- S. 2.