Azərbaycan Sərhəd
Mühafizəsinin yaradılmasının 93-cü ildönümü münasibətilə təntənəli
mərasim keçirilmişdir
Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 93-cü ildönümü münasibətilə avqustun 18-də Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" istirahət mərkəzində təntənəli bayram tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, dahi öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyasının Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlər qazanılmışdır. O demişdir ki, Azərbaycan Sərhəd Mühafizəsi müasir silah və texnika ilə təchiz olunmuş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ardıcıl həyata keçirilən islahatlar, ölkədə mükəmməl və etibarlı sərhəd mühafizəsi infrastrukturunun yaradılması, hərbi texnikanın və xüsusi texniki avadanlığın yeniləşdirilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sayəsində Azərbaycan sərhəd mühafizəsi son illərdə sürətli inkişaf yolu keçmişdir.
Sərhəd məntəqələrinin müasir texniki avadanlıqla təchiz edildiyini deyən xidmətin rəisi vurğulamışdır ki, sərhədçilərin məişət şəraitinin yaxşılaşdırılması, Dövlət Sərhəd Xidmətinin ixtisaslı kadrlarla komplektləşdirilməsi, zabit və gizirlərin peşəkar hazırlığının təmin edilməsi sahəsində də önəmli işlər görülməkdədir. Sonra Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusuna hərbi rütbələr, xidmətdə fərqlənmiş zabit və gizirlərə orden və medallar təqdim olunmuşdur.
Bayram tədbiri incəsənət
ustalarının konserti ilə davam etmişdir.
Azərbaycan.- 2012.- 19 avqust.- S. 2.