Azərbaycan səfiri etimadnaməsini Vyetnam Prezidentinə təqdim etmişdir

 

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı, eyni zamanda, Vyetnam Sosialist Respublikasındakı səfiri Lətif Qəndilov etimadnaməsini Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqa təqdim etmişdir. Mərasim Hanoy şəhərindəki Prezident sarayında keçirilmişdir.

Rəsmi mərasimdən sonra keçirilmiş görüşdə Çıonq Tan Şanq səfiri yeni təyinatı ilə əlaqədar təbrik edərək, Azərbaycan və Vyetnam xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğunu bildirmişdir. Vyetnamın dövlət başçısı Azərbaycanın inkişaf etdiyini, beynəlxalq nüfuzunun artığını, dünyadakı mövqeyinin gücləndiyini vurğulamışdır.

Vyetnam Prezidenti Azərbaycanla ikitərəfli əlaqələrinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulamış, bununla bağlı hələ Sovet İttifaqı dövründə ölkəsinin lideri Ho Şi Minin Azərbaycana və ümummilli lider Heydər Əliyevin Vyetnama səfərlərini xoş sözlərlə xatırlatmışdır. O, Azərbaycan xalqının Vyetnama çətin günlərində dəstək olduğunu, ölkəsində neft sənayesinin inkişafında, yeni yataqlarının kəşf olunması və neft hasilatında azərbaycanlı mütəxəssislərin böyük xidmətləri olduğunu, ölkəmizin vyetnamlı neft mütəxəssislərinin yetişdirilməsindəki rolunu xüsusi qeyd etmişdir.

Səfir L.Qəndilov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Vyetnam dövlətinin başçısına çatdırmışdır.

İkitərəfli münasibətlərdən danışan səfir ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinin tamam olduğunu xatırladaraq, bu əlamətdar hadisənin yüksək səviyyəli səfərlərlə qeyd olunmasının arzu edildiyini söyləmişdir. Azərbaycanlı diplomat bildirmişdir ki, qarşılıqlı faydalı əməkdaşlıq üçün əsas yaradacaq bu cür təmaslar ölkələrimiz arasında qarşılıqlı etimadın artmasına, əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına imkan verərdi.

Səfir L.Qəndilov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, bu baxımdan təhsil və ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlərin tezliklə imzalanmasını, mütəxəssislərimizin Vyetnamda neft-qaz sahəsində həyata keçirilən layihələrə cəlb olunmasını, Vyetnam üçün neft-qaz sahəsində kadr hazırlığı məsələsini təklif etmiş, qarşılıqlı surətdə turizmin inkişafı üçün geniş imkanların olduğunu vurğulamışdır. Həmçinin, səfir Bakıda Vyetnam səfirliyinin açılmasının Azərbaycan tərəfi üçün maraqlı olduğunu və bu məsələnin tezliklə reallaşacağına ümid etdiyini bildirmişdir.

Vyetnam tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsində verdiyi dəstəyə görə təşəkkür edən səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Vaxtilə Azərbaycanın Vyetnamın milli azadlıq mübarizəsinə verdiyi dəstəyi xatırladaraq Dağlıq Qarabağ münaqişəsində Azərbaycana eyni dəstəyin göstərilməsini xahiş etmişdir.

Vyetnam Prezidenti bütün beynəlxalq problemlərin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdar olduğunu bildirmişdir.  

Qeyd olunmuşdur ki, iki ölkə arasında mövcud ticarət dövriyyəsi potensialı tam əks etdirmir və tərəflər yaranmış imkanlardan istifadə etməlidirlər.  

 

* * *

 

Vyetnama səfər çərçivəsində azərbaycanlı diplomatın Vyetnamın sənaye və ticarət naziri, xarici işlər nazirinin müavini, "Petro Vietnam" şirkətinin rəhbəri, eləcə də Azərbaycanda təhsil almış vyetnamlı mütəxəssislərlə görüşləri olmuşdur.

Bu görüşlərdə Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin, ölkələrimiz arasında ticarət, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıq mübadiləsinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

 

 

Şahin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 19 avqust.- S. 3.