Şeirimizin Mirvarisi
Mirvarid Dilbazi - 100
Anadan olmasının 100 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Mirvarid Dilbazi ədəbiyyatımızı yeni-yeni obrazlarla zənginləşdirən sənətkardır. Onun yaradıcılığının başlıca mövzusunu xalqımızın zəngin tarixi keçmişi və yurdumuzun misilsiz gözəlliklərinin tərənnümü təşkil etmişdir. Şairin çoxsaylı lirik şeirləri vətəndaşlıq duyğularının yüksək poetik ifadəsidir".
Bədii söz xəzinəmizin meydanı çox genişdir. Sinədə söz göyərtmək, öz imzanı təsdiqləmək, sevilmək - bu, hər kəsə nəsib olan səadət deyil. Çünki Azərbaycan poeziyasının tarixi o qədər qədim və ədəbiyyatımızın üfüqləri elə genişdir ki, hələ orta əsrlərdən üzü bəri insanları heyrətə gətirən söz sərrafları olub. Məhsəti Gəncəvi, Heyran xanım, Xurşudbanu Natəvan və başqaları. Fərəhli haldır ki, ötən əsrin ortalarından yaradıcılıqları ilə diqqət çəkən, orijinal dəst-xətləri ilə sevilən qadın şair və yazıçılarımız da var ki, onların hər birinin ədəbiyyatda öz yeri var. Bu sənətkarlar sırasının öncüllərindən biri isə xalq şairi Mirvarid Dilbazi idi. Akademik Bəkir Nəbiyev bu unudulmaz şairin yaradıcılığı ilə bağlı yazırdı: "O, 70 ildir ki, müntəzəm olaraq yazıb-yaradıb, şairin əsərləri, xüsusən zərif insani hisslərlə, yüksək bəşəri qayələrlə aşılanmış lirikası müasir şeirimizin təşəkkülündə və indiki səviyyəyə gəlib çatmasında təqdirəlayiq rol oynamışdır. Mirvarid Dilbazinin poeziyası üçün humanizm, torpağa, xalqa bağlılıq, qadın qəlbinin zənginliyi, ana məhəbbətinin dərinliyi kimi yüksək keyfiyyətlər səciyyəvidir".
Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da Qazax mahalının Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub. Atasını erkən itirən Mirvarid Dilbazi Daş Salahlıda babası Mustafa ağanın yanında böyüyüb. Babasının böyük torpaq sahələri olub. Göyəzənin ətəklərində, Qazaxın ulu yurd yerləri olan Dilican yaylaqlarında, əsrarəngiz təbiət qoynunda böyüyən bəy qızının yüksək tərbiyə almasında doğmalarının böyük rolu olub. Onun ulu babası Şair təxəllüsü ilə şeirlər yazan Əbdürrəhman ağa Dilbazi haqqında Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı" adlı məşhur əsərində xüsusi bölmə ayırıb. Elə anası Cavahir xanım da şair təbiətli bir qadın olmuş, xalq ədəbiyyatını, klassik poeziya nümunələrini, xüsusilə də Füzulinin şeirlərini əzbər bilirmiş.
Azərbaycan qadınlarının savadlanmasında böyük əməyi olan ziyalı xanım Mədinə Qiyasbəyli 1920-ci ildə bir neçə yeniyetmə qızı (Mirvarid Dilbazi də onların arasında olub) Bakıya gətirərək Darülmüəllimdə oxumaqlarına kömək göstərib. Mirvarid Dilbazi seminariya ilə bağlı xatirələrində ona dərs deyənləri məhəbbətlə xatırlayaraq yazırdı: "Müəllimlərimiz namuslu, vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan seminariyasında oxuyanlar arasında çoxlu istedadlar yetişdi. Hətta axşamlar Nərimanov arvadı Gülsüm xanımla vaxt tapıb məktəbimizə gələrdi. Hamımız onların başına toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər edirdi".
Mirvarid seminariyanı bitirdikdən sonra Biləcəridəki onillik dəmiryol məktəbində müəllim kimi çalışıb. Sonralar başqa məktəbdə rus dilindən dərs deyib. O, ali təhsil almaq məqsədilə bacısı Yaqut Dilbazi ilə birlikdə APİ-nin ədəbiyyat-ictimaiyyət fakültəsində oxuyub. Onlara burada dövrün tanınmış ədəbiyyatçı alimləri dərs deyib. Əli Nazim, Əli Sultanlı, Bəkir Çobanzadə bacıların sevimli müəllimləri olub. Tələbə yoldaşları da sonralar Azərbaycan ədəbiyyatının məşhur simalarına çevrildilər: Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim və başqaları.
Mirvarid Dilbazi xatirələrində yazırdı: "Bəy nəslinə mənsubluğumuzdan əziyyətimiz çox oldu. Doğrudur, camaatımızın köməyi ilə sürgünlərdən, qırğınlardan uzaq düşdük. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik. Çünki bütün var-dövlətimizi müsadirə etmişdilər. İçərişəhərdə məşhur folklorşünas Əbülqasım Hüseynzadənin evində balaca bir otağımız vardı. Biz iki bacı müəllimlik edərək anamızı da özümüz saxlayırdıq. O illərdə ölkədə hər şey qıt idi. Biz bacılar isə seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan-qalan qızıl zinətlərini qızıl mağazasına verərək bir-iki dəst paltarlıq parça ala bilmişdik".
1932-ci ildə ali məktəbi bitirən Mirvarid Dilbazi Qubaya göndərilib. O, burada müəllim kimi çalışıb. İki ildən sonra Bakıya qayıdaraq "Şərq qadını" jurnalında fəaliyyətə başlayıb. Repressiyaların at oynatdığı illərdə Mirvarid Dilbazi Dövlət Muzeyində baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
"Qadınların hürriyyəti" adlı ilk şeiri 1927-ci ildə "Oktyabr alovları" adlı məcmuədə dərc edilmişdir. Sonralar bu məcmuədə "Zəhra", "Qurtuluş", "Qadın" adlı şeirləri də oxuculara təqdim edildi. Onun birinci şeir toplusu isə 1934-cü ildə çap edilən "Bizim səsimiz" adlanır. Doğrudur, bu kitab Mirvarid Dilbazinin istedadını tam əks etdirmirdi. O zaman dəbdə olan kollektivləşmə kitabın əsas xüsusiyyətini təşkil edirdi. Getdikcə formalaşan, zəngin mövzularda əsərlər yaradan Mirvarid Dilbazi Azərbaycan poeziyasında yeni mərhələnin qoyulmasında, poetik dünyagörüşünün təşəkkülündə fəal rol oynayan şairlərdən biri idi. Müəllifin "Xatirələr aləmində", "Bənövşələr üşüyəndə", "Yasəmən fəsli", "Məhəbbət bizimlə qoşa doğulur", "Qar çiçəkləri" kitabları poeziyamızın maraqlı nümunələrindən biridir.
Mirvarid Dilbazi sovet dövründə iki dəfə "Şöhrət nişanı", "Qırmızı Əmək Bayrağı" ordenləri, "Qafqazın müdafiəsi üçün", "Əməkdə fərqlənməyə görə" medalları ilə təltif edilmişdi. Xalq şairi fəxri adını alanda 67 yaşı vardı. İpək kmi yumşaq bir təbiətə malik olan Mirvarid Dilbazinin lirikası əlvan çalarla zəngindir. 1980-ci illərin sonlarında, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı törədilən təxribatlar, xüsusilə də 20 Yanvar faciəsi Mirvarid xanımı dərindən sarsıtdı. Qəzəb və nifrəti onun şeirlərində püskürürdü. "Öpün bu qanlı torpağı" adlı şeirində isə ana naləsi duyulurdu:
Qan qızıl boyadı qara torpağı,
Düşdü gənc oğullar nahaq qırğına.
Bir xalqın köksünə
çəkdilər dağı,
Ey dünya,
nə üçün
dözürsən buna?!
Müşküllərdən, əziyyətlərdən,
faciələrdən xilas
olmağın yolunu mübarizədə görən
şair anamız soydaşlarına ağlamamaq
üçün deyirdi:
Yurdu talan olub ağlayanların,
Hanı sarayların, xanimanların?
Al intiqamını axan qanların!
Amandır, ağlama, mərdlər
anası,
Sıyır qılıncını, dərdlər anası!
1998-ci ildə
şairin dövlət
səviyyəsində yaradıcılıq
gecəsi keçirildi.
Buna yubiley mərasimi
də demək olardı. Həmin gün Mirvarid
xanımın yadında
əbədi iz saldı. Çünki ümummilli lider
Heydər Əliyev də həmin tədbirdə iştirak edərək xalq şairinə böyük
hörmət və ehtiramını bildirdi.
Mirvarid Dilbazi vətənin ən yüksək mükafatına - "İstiqlal"
ordeninə layiq görüldü. Prezident təqaüdçüsü
idi.
Onun şeirlərinə
Azərbaycanın tanınmış
bəstəkarları mahnılar
yazıblar. Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Ağabacı Rzayeva, Şəfiqə Axundova və başqaları Mirvarid Dilbazinin sözlərinə
həm mahnı, həm də romans və oratoriyalar bəstələdilər.
Hələ sovet dövründən
onun mahnıları sevilirdi. İlk nəğməsi olan və radioda
da tez-tez səslənən "Çoban
Qara" mahnısı
dillər əzbəri
idi.
Ömrü
boyu qələmi ilə həmdərd olan Mirvarid Dilbazi 89 il
ömür sürdü. Şeirlərinin birində də belə
deyirdi:
Avey
dağım, mən zirvəndə itəydim,
Bir
gül olub daş sinəndə bitəydim.
Əlbəttə,
bu, onun bir övlad və şair kimi arzusu idi. Əslində,
Mirvarid Dilbazi Azərbaycan poeziyasının ədəbi bir
incisi və mirvarisi oldu. Onun zəngin
yaradıcılığı Azərbaycan şeirinə yeni təravət
və gözəllik gətirdi. Müsahibələrinin birində
söyləmişdi ki, mən çətin, amma şərəfli
yaşadım. Elə şərəfli yaşadığı
üçün də əbədi bir sevgi qazandı Mirvarid
Dilbazi!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 19 avqust.- S. 5.