Naxçıvan Sərhəd Diviziyasının 1-ci sərhəd zastava kompleksi istifadəyə verilmişdir

 

  Avqustun 22-də - üçrəngli bayrağımızın ilk dəfə Naxçıvandakı sərhəd dəstəsində qaldırılmasının 20-ci ildönümü günündə 1-ci sərhəd zastava kompleksinin açılışı olmuşdur.

"Naxçıvan" Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev açılış mərasiminə gələn qonaqları salamlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 1-ci sərhəd zastavası kompleksinin istifadəyə verilməsini Azərbaycan Sərhəd Qoşunlarının həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə sərhədçiləri təbrik edərək demişdir: "1991-ci il sentyabr ayının 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən ulu öndər Heydər Əliyev 4 gün sonra - sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etdi. Bu tarixi hadisədən bir müddət sonra, oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Sovet İttifaqı Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən hissələrinin statusu haqqında məsələ müzakirəyə çıxarıldı".

Ali Məclisin Sədri demişdir: "Həmin vaxt sovetlər birliyinin Naxçıvandakı sərhədlərində 41-ci sərhəd dəstəsi dayanmışdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları təcavüzkar Ermənistanın ərazisindəki sərhəd dəstəsinin tabeliyində idi. Həmin vaxt Zaqafqaziya Sərhəd Qoşunları qarşısında Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən sərhəd zastavalarının 41-ci sərhəd dəstəsinin tabeliyinə verilməsi barədə məsələ qaldırıldı. Nəhayət, 1991-ci il oktyabrın 29-da 6-sı Ordubadda və 1-i Sədərəkdə olmaqla 7 sərhəd zastavası 41-ci sərhəd dəstəsinin tabeliyinə verildi. Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci sərhəd dəstəsi ləğv olundu, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış 1-ci sərhəd dəstəsinin sərəncamına verildi. Bununla da, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edildi".

1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində ümummilli liderin rəhbərliyi ilə müstəqil Azərbaycanın üçrəngli bayrağının qaldırıldığını, Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməlinin qoyulduğunu xatırladan Ali Məclisin Sədri demişdir: "20 il dövlətçilik və dövlət quruculuğu tarixində elə bir böyük dövr deyildir. Azərbaycanın ilk milli sərhəd dəstəsinin yaradılmasından ötən qısa müddət ərzində ölkəmizin Sərhəd Qoşunları böyük inkişaf və təşkilatlanma yolu keçmişdir. Bu gün hər birimiz fəxr edirik ki, müstəqil Azərbaycanın sərhədlərini onun milli sərhədçiləri qoruyur. Bu, xalqımızın əldə etdiyi böyük bir nailiyyətdir. Hələ 20 il bundan əvvəl üçrəngli bayrağımız Naxçıvandakı sərhəd dəstəsində qaldırılarkən ulu öndər deyirdi: "Sərhəd xalqımız və müstəqil dövlətimiz üçün müqəddəsdir. Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən mühüm amildir". Bu gün ulu öndərin bu fikirləri əsas götürülərək Azərbaycanın müqəddəs sərhədləri onun sərhədçiləri tərəfindən layiqincə qorunur".

Ali Məclisin Sədri Naxçıvan Sərhəd Dəstəsinin qısa müddətdə uğurlu inkişaf yolu keçdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli fərmanı ilə Naxçıvan Sərhəd Dəstəsinin bazasında "Naxçıvan" Sərhəd Diviziyası yaradılmışdır. İnkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycan Sərhəd Qoşunlarının "Naxçıvan" Sərhəd Diviziyası bu gün muxtar respublikasının onlara həvalə edilmiş 215 kilometrlik sərhəd xəttini layiqincə mühafizə edir.

"Azərbaycanda ordu quruculuğuna ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilir", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün müasir tələblərə cavab verən sərhəd zastavası kompleksinin istifadəyə verilməsi də Azərbaycan dövlətinin əsgərlərimizə, sərhədçilərimizə göstərdiyi diqqət və qayğının təzahürüdür.

Ali Məclisin Sədri əmin olduğunu bildirmişdir ki, "Naxçıvan" Sərhəd Diviziyasının şəxsi heyəti sərhədlərimizin qorunmasında bundan sonra da mərdlik və mübarizlik nümayiş etdirəcəkdir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirmişdir ki, bu gün ölkəmizin sərhədləri etibarlı şəkildə qorunur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, Sərhəd Qoşunlarının da maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, zabit və gizirlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, Sərhəd Qoşunları gündən-günə daha da qüdrətlənir. Elçin Quliyev demişdir ki, sərhəd xidmətinin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında da mühüm işlər görülür. Son illər həyata keçirilən ardıcıl tədbirlər nəticəsində "Naxçıvan" Sərhəd Diviziyasının maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, sərhəd zastavaları müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmuş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturu yaradılmışdır. Bütün bunlar muxtar respublika sərhədlərinin etibarlı şəkildə qorunmasına təminat verir.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev zastava ərazisində tikilmiş yaşayış binasındakı yeni mənzillərin orderlərini və xidmətdə fərqlənən zabit-gizirlərə "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci və 2-ci dərəcəli medalları təqdim etmiş, yataqxana binasının açılışını bildirən lenti kəsmişlər.

Sərhəd Zastavası kompleksində zabitlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, sərhədçi ailələri üçün yeni yaşayış binası tikilmişdir. Ali Məclisin Sədri sərhədçi ailələrini yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik etmiş, onlara xoş günlər arzulamışdır.

Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan bina 8 mənzillidir. Hər mərtəbədə ayrılıqda 4 mənzil yerləşir. Mebel dəstləri və lazımi məişət avadanlıqları ilə təmin olunmuş mənzillərin 1-i üçotaqlı, digərləri isə ikiotaqlıdır. Binanın zirzəmisində isə hər bir mənzil üçün nəzərdə tutulmuş 8 məişət otağı vardır.

Sərhədçi ailələri yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildirmişlər. Yaşayış binasının həyətində də abadlıq işləri aparılmış, istirahət köşkü və uşaq-əyləncə qurğuları qoyulmuşdur.

Sərhəd Zastavası kompleksi ilə tanışlıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev əsgərlərlə birlikdə nahar etmişlər.

Gətirilmiş ərzaq məhsulları Sərhəd Zastavasının anbarına təhvil verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 avqust.- S. 2.