Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından iftar
süfrəsi açılmışdır
Öz xeyriyyəçilik layihələri və aksiyaları ilə məşhur olan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi bu il də Rusiya Müftilər Şurasının Moskva hökumətinin dəstəyi ilə həyata keçirdiyi "Ramazan çadırı" xeyriyyə və mədəni-maarif layihəsində iştirak etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın adından iftar süfrəsi açılmış və Azərbaycan Respublikası Günü keçirilmişdir.
Azərbaycan diasporunun nümayəndələrinin, gənclərin, müxtəlif xalqların təmsilçilərinin iştirakı ilə təşkil olunmuş gecənin əvvəlində "İxlas" fondunun sədri Anas Məmmədov müqəddəs Ramazan ayının əhəmiyyətindən və oruc tutmağın faydasından danışmışdır. Müqəddəs Qurani-Kərimdən ayələr oxunmuş, axşam namazı qılınmışdır. Sonra həmvətənlərimiz və Moskva müsəlmanları iftar açmış, Azərbaycan mətbəxinin ləziz təamlarından dadmışlar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova bildirmişdir ki, artıq bir neçə ildir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan bu layihədə iştirak edir. Fondun əməkdaşı demişdir: "Ənənəyə görə, Leyla xanım Əliyevanın təşəbbüsü ilə müqəddəs Ramazan ayının müəyyən günü iftar süfrəsi açılır. Həmin gün oruc tutanlar Azərbaycan mətbəxinin ləziz nümunələrindən dadmaqla yanaşı, milli musiqimizi dinləyir, şeirlər oxuyurlar. Bu gün də iftar süfrəsinə gələnlər "Ramazan çadırı" qarşısında açılmış "Azərbaycan" sərgisi ilə tanış olmuşlar. Sərgidə Azərbaycanın foto ustalarının çəkdiyi və Bakının füsunkar mənzərələrinin, Azərbaycanın görməli yerlərinin əks olunduğu fotoşəkillər, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunmuş çap məhsulları nümayiş etdirilmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan haqqında videoçarx da xüsusi maraq doğurmuşdur".
Qeyd edək ki, iftar süfrəsi 600 nəfər üçün nəzərdə tutulmuşdur.
Tədbirdə iştirak edən azərbaycanlı gənclər və qonaqlar dindarlara göstərdiyi diqqət və qayğıya, xalqımızın dini adətlərinə ehtiramla yanaşdığına görə Leyla xanım Əliyevaya təşəkkürlərini bildirmişlər. Həmvətənlərimiz bayram süfrəsinin açılmasını milli adət və ənənələrimizə qayğı kimi qiymətləndirmişlər.
Azərbaycan Respublikası günündə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Rusiya Müftilər Şurasının və Moskva hökumətinin nümayəndələri, milliyyətindən və dinindən asılı olmayaraq müxtəlif qonaqlar iştirak etmişlər.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 23 avqust.- S. 2.