“Xocalıya ədalət” kampaniyası çərçivəsində
100-dən çox məcburi köçkün ailə ərzaq ilə təmin
olunmuşdur
"Xeyirxahlıq
nümunəsini Leyla xanım Əliyevadan
götürürük..."
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyasının təşkilatçılığı, həmçinin İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏT GF ARM) və Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin (AGSŞ) fəal iştirakı ilə müqəddəs Ramazan ayı münasibəti ilə "Qızılqum" sanatoriyasında məskunlaşmış Xocalıdan və digər işğal edilmiş bölgələrdən olan 100-dən çox məcburi köçkün ailəsinə bayram ərzaq bağlamaları paylanmışdır.
Ərzaq İƏT GF və AGSŞ-in təşəbbüsü ilə bir neçə gün əvvəl təşkil edilmiş xeyriyyə iftarı proqramından yığılan ianələrin hesabına alınmışdır.
Artıq üçüncü ildir ki, İƏT GF-nin təşəbbüsü ilə Ramazan ayında xeyriyyə iftarları təşkil olunur. İlk dəfə iki il əvvəl bu cür xeyriyyə iftarından toplanmış vəsait bir və ya hər iki valideynindən məhrum uşaqların olduğu ailələrə, keçən Ramazanda toplanan vəsaitlər Somalidə aclıq fəlakəti ilə üzləşmiş insanlar üçün ərzaq toplayan kampaniyaya bəxş edilmiş, builki isə aztəminatlı qaçqın və məcburi köçkün ailələrinə paylanmışdır.
Bu ildən həmin kampaniyaya AGSŞ də qoşulmuşdur. Qeyd edək ki, bu təşkilat təsis qurultayı keçən il Bakıda keçirilən və İƏT GF-nin təşəbbüsü ilə yaradılmış "İslam ölkələri Gənc Sahibkarlar Beynəlxalq Şəbəkəsinin" milli qurumu kimi bu il qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.
İƏT GF ARM-in rəhbəri Elçin Əsgərov bildirmişdir: "Xeyriyyə iftarlarının təşkilinin əsas məqsədi imkansız ailələrə yardım və dəstək göstərilməsi kimi Azərbaycanda əvvəllər daim mövcud olmuş xeyriyyə ənənələrinin dirçəldilməsi, bu ənənələrə yerli iş adamlarının cəlb edilməsi, islam dininin insansevərlik missiyasını praktik ənənəyə çevirmək təşəbbüsü olmuşdur. Bu cür xeyriyyə aksiyalarının gələcək illərdə də təşkil edilməsi nəzərdə tutulmuşdur".
GSŞ-nin prezidenti
Xalıq İldırımzadə isə demişdir
ki,
başçılıq etdiyi qurum İƏT GF ilə əməkdaşlıq
edərək xeyriyyə aksiyalarını təkcə Ramazan ayı və iftarlar
ilə məhdudlaşdırmaq fikrində deyildir.
Bu ildən
yardım aksiyalarının daha geniş və əhatəli təşkil edilməsi,
onlara daha çox qurumun, fiziki şəxslərin,
iş adamlarının cəlb edilməsi,
kimsəsiz uşaqlar, imkansız ailələr
üçün milli
layihələrin icrası da nəzərdə
tutulmuşdur. "Xeyirxahlıq
nümunəsini İƏT Gənc Sahibkarlar
Şəbəkəsinin yaradılmasının təşəbbüskarı
Leyla xanım Əliyevadan götürürük",
- deyə X.İldırımzadə
vurğulamışdır.
Azərbaycan.- 2012.- 23 avqust.- S. 2.