İşğaldan 19 il sonrakı Cəbrayıl
və Füzuli
İşğal tariximizin daha bir
günü - 23 avqust 1993-cü il. Həmin gün
Qarabağın böyük rayonlarından olan Cəbrayıl
və Füzuli erməni quldur dəstələri
tərəfindən işğal edildi. İtirilən
rayonlarımızın, kəndlərimizin sırasına daha
ikisi əlavə olundu. O dəhşətli günlərdə
Füzuli ilə Cəbrayıl itkisi nə birinci, nə sonuncu
oldu...
Cəbrayıl: tarixin dedikləri
və demədikləri
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Kiçik
Qafqazın cənub-şərq ətəklərində yerləşir,
Araz çayının sol sahilində cənub tərəfdən
İran İslam Respublikası, cənub-qərbdən Zəngilan,
qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən
isə Füzuli rayonları ilə həmsərhəddir. 23
avqust 1993-cü ildə Ermənistan ordusu tərəfindən
işğal edildi. Nəticədə rayona 13,928 milyard ABŞ
dolları məbləğində ziyan dəydi. Cəbrayıllılar
respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində,
çadır düşərgələrində, yük
vaqonlarında və yataqxanalarda məskunlaşdılar.
Cəbrayıl Kiçik Qafqaz
dağlarının cənub-şərqində yerləşir.
Füzuli rayonu kimi o da cənubdan Araz çayı boyunca
İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi
əsasən dağlıqdır. Arazboyu düzənliklərin
torpaqları yüksək məhsuldarlığa malik tünd
şabalıdı torpaqlardır. Bu torpaqlarda Cəbrayılın
iri kəndləri - Böyük Mərcanlı, Soltanlı və
digərləri yerləşirdi. Rayonun ən yüksək zirvəsi
Dağ Tumasdır (1580 m). Bu yerlərdə yaşı 400-500
olan 14 iri çinar ağacı, 104 kəhriz və 99 bulaq
vardı.
Rəvayətə görə, Cəbrayıl
ata VIII əsrdə Sultan Əhməd adlı bir
hökmdarın yaxın adamlarından idi və Ziyarət
dağından Araz çayına qədər ərazilər Cəbrayıl
ataya və onun övladlarına məxsus olub. Onun "Cəbrayıl
ata" adı ilə məşhur olan məqbərəsinin
uzunluğu 4,5 , eni 2,4 , hündürlüyü 1,8 metrdir. Digər
mənbə və məlumata görə, Cəbrayıl
toponimi Cəbrayıl adlı mələyin adı ilə əlaqədardır.
Cəbrayıl sözü ərəbcə "Allahın
qulu" deməkdir.
Vaxtilə Cəbrayılın ərazisi
Midiya (e.ə VII-IV əsrlər), Əhəmənilər
imperiyasının (e.ə IV-III əsrlər), Albaniya (e.ə
IV -III əsrlər) dövlətlərinin tərkibində
olmuşdur. Həm Babəkə qədər, həm onun
dövründə, həm də ondan sonra ərəb
istilaçılarına qarşı mübarizənin dayaq məntəqələrindən
biri Cəbrayıl ərazisi idi. X-XI əsrlərdə
(971-1086-cı illər) bu ərazilər Şəddadilər
dövlətinin, XIII-XIV əsrlərdə Humanilər dövlətinin,
XIV əsrdən (1387-ci ildən) Teymurilər, XV əsrdən
(1412-ci ildən) Qaraqoyunlu, 1478-ci ildən Ağqoyunlu dövlətlərinin,
1502-ci ilin əvvəlindən Səfəvilər dövlətinin,
XVIII əsrin II yarısı və XIX əsrin əvvəllərindən
Qarabağ xanlığının tərkibində olub.
1823-cü ildə rus məmurları vergi yığmaq məqsədilə
siyahı tərtib edərkən Cəbrayılda 17 tirə,
443 ev, 2200 əhali qeydə almışdı.
Rusların işğalından sonra Cəbrayıl
ərazisi bir müddət mərkəzi Şamaxı şəhəri
olan Xəzər vilayətinin, 1846-cı ildən isə
Şuşa qəzasının tabeliyinə verilib. Hələ
o vaxtlar Cəbrayılda baramaçılıq,
xalçaçılıq geniş inkişaf edib, 5 ipək
fabriki olub. 1873-cü ildə Cəbrayıl və ona qonşu
olan ərazilər Şuşa qəzasının tərkibindən
çıxarılaraq Yelizavetpol quberniyasının tərkibində
Cəbrayıl qəzası yaradılıb. Bu vaxt qəzanın
ərazisi 6,63 min kvadratkilometr, əhalisi 66.360 nəfər
olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və
Zəngilan rayonlarının ərazisini əhatə edib.
1876-cı ildə Cəbrayılda ilk rus məktəbi, 1912-ci
ildə isə qızlar məktəbi açılıb.
XIX-XX əsrin əvvəllərində Rusiya-İran dəmir
yolu xəttinin Cəbrayıl ərazisindən keçən
hissəsi çəkilib.
1930-cu il avqustun 8-də mərkəzi Cəbrayıl
kəndi olmaqla Cəbrayıl rayonu təşkil ediləndə
indiki hüdudları daxilində olmaqla sahəsi 1050
kvadratkilometr, əhalisi 24.300 nəfər olub.
Tanınmış ziyalıları və mərd
oğulları ilə həmişə fəxr edən Cəbrayıl
Azərbaycan SSR-nin maarif naziri, akademik Mehdi Mehdizadə, Azərbaycan
SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev, akademik, Azərbaycan
SSR Elmlər Akademiyasının vitse-prezidenti Əşrəf
Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, türkoloq, dilçi, ədəbiyyatşünas
Tofiq Hacıyev, Sovet İttifaqı Qəhrəmanı Cəmil
Əhmədov, erməni hərbçisinin cavabını
verdiyi üçün Rumıniyada məhbus həyatı
yaşayan Ramil Səfərov, Azərbaycanın Milli qəhrəmanları
Kazım Məmmədov, Şikar Aslanov, Vüqar Hüseynov,
Akif Əkbərov, Sosialist Əməyi qəhrəmanları Bəyaz
Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov,
Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov,
Sərdar İmrəliyev və neçə-neçə
tanınmış simaların yurdudur. Dünyaca məşhur
Xudafərin körpüləri də bu rayonun ərazisindədir.
Erməni
işğalının nəticələri
Bütün
dövrlərdə "erməni-müsəlman"
qarşıdurmasında ən çox zərər görən,
eyni zamanda yüksək şücaət göstərən də
məhz bu bölgənin insanları idi. Kökə,
torpağa bağlılıq və adət-ənənəyə,
dinə sadiqlik buradakı insanları həmişə fərqləndirib.
Bunu hələ bitməyən Qarabağ savaşı, bir də
Cəbrayılın bu savaşda şəhid olmuş
övladları öz qanı və qəhrəmanlığı
ilə bir daha sübut etdi...
Cəbrayıl öz tarixinin ən
ağır günlərini 1993-cü ildə yenidən
yaşadı, bu qədim yaşayış məskəni erməni
qəsbkarları tərəfindən zəbt edildi. 1994-cü
il Horadiz əməliyyatı zamanı şəhər mərkəzi
və Xudafərin körpüsü istiqamətində milli
ordu irəliləsə də, yalnız Cocuq Mərcanlı kəndi
azad olundu.
İşğal nəticəsində
rayona 13928 milyon ABŞ dolları dəyərində ziyan dəydi.
Cəbrayılın 52049 sakinindən 362 nəfəri şəhid, 191 nəfər isə əlil oldu.
Dağıntıya məruz qalan sənaye və kənd təsərrüfatı
obyektlərinin sayı 52, mədəni-maarif müəssisələri
149, kənd və qəsəbələri 91, tarixi abidələri
127-dir.
Yaşayan, yaradan və darıxan cəbrayıllılar
Erməni hərbi
birləşmələri tərəfindən işğal
edildikdən sonra hazırda 66509 nəfər rayon sakini (16014
ailə) respublikanın 55 şəhər və rayonunda
müvəqqəti məskunlaşıb. 32 min 98 nəfər
(48,3 faiz) Bakı şəhəri, Bakıətrafı qəsəbələrdə,
3 min 991 nəfər (6 faiz) Abşeron rayonunda, 5 min 653 nəfəri
(8,5 faiz) Sumqayıt şəhərində, 18 min 316 nəfəri
(27,5 faiz) Biləsuvar rayonu ərazisində yeni
salınmış qəsəbələrdə, 6 min 451 nəfəri
isə (9,7 faiz) digər şəhər və rayonlarda məskunlaşmışdır.
Bütün bu çətinliklərə
baxmayaraq rayonun sosial-iqtisadi göstəriciləri ürəkaçandır.
2012-ci ilin 7 ayında rayon üzrə ümumi məhsul
buraxılışının həcmi 5 milyon 428,6 min manat, o
cümlədən kənd təsərrüfatı məhsullarının
həcmi 5 milyon 37 min manat olub. Əhalinin gəlirləri 36
milyon 446 min manat, xərcləri 37 milyon 49 min manat, göstərilən
pullu xidmətlər 4 milyon 603 min manat, adambaşına
düşən aylıq gəlir 547,9 manat, orta aylıq əməkhaqqı
isə 161 manat təşkil edib.
Ümummilli lider Heydər Əliyevin 13 may
2002-ci il tarixli fərmanına əsasən cəbrayıllı
məcburi köçkünlər üçün 2003-cü
ildə Biləsuvar rayonu ərazisində 2598 evdən ibarət
6 qəsəbə, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 1 iyul 2004-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq həmin ərazidə əlavə
1858 evdən ibarət daha 5 qəsəbə yaradılıb və
ümumilikdə bu 11 qəsəbədə müasir tipli hər
biri 280 yerlik 11 məktəb, hər biri 50 yerlik 11 uşaq
bağçası, 11 klub, 11 rabitə evi, 5 feldşer-mama məntəqəsi,
5 həkim ambulatoriyası, 11 qəsəbə əhalisinə
xidmət göstərən 50 çarpayılıq 1 sahə
xəstəxanası, qəsəbə nümayəndəlikləri
üçün 11 inzibati bina, baytarlıq idarəsi
üçün inzibati bina, 3 qəsəbədə
yanğından mühafizə idarəsi üçün bina
və 2011-ci ilin mart ayında rayon icra hakimiyyəti
üçün ikimərtəbəli yeni inzibati bina tikilib
istifadəyə verilib.
Dövlət proqramına uyğun olaraq Biləsuvar,
Saatlı rayonlarında salınan yeni qəsəbələrdə
və Bakı şəhərində tikilən hündürmərtəbəli
binalarda 4466 cəbrayıllı köçkün ailəsi və
ya ümumi rayon əhalisinin 30 faizi mənzillə təmin
olunub, Bakı və Sumqayıt şəhərində 94 məskunlaşma
obyektinin təmirindən sonra 3052 cəbrayıllı ailənin
yaşayış şəraiti yaxşılaşıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin
başçısı Mahmud Quliyev görülən işlərdən
danışarkən bir faktı xüsusi qeyd etdi:
"Torpaqlarımızı erməni hərbi birləşmələrinin
təcavüzündən müdafiə edərkən həlak
olmuş Cəbrayıl şəhidlərinin xatirəsini əbədiləşdirmək
üçün bu il may ayının 20-də Biləsuvar
rayonu ərazisindəki 3-4 saylı qəsəbə
arasında "Şəhidlər abidə kompleksi"nin
tikintisinə başlayıb, avqustun 5-də onu başa
çatdırdıq. "Şəhidlər abidə
kompleksi"nin tikinti altında olan ümumi ərazisi 3380
kvadratmetrdir. Erməni işğalçılarına
qarşı mübarizədə həlak olan, itkin düşən
hərbi qulluqçuların, hərbi xidmət vəzifəsini
yerinə yetirən zaman vəfat edən əsgərlərin,
polis işçilərinin, mülki şəxslərin 392 nəfərinin
"Şəhidlər kompleksi"ndə lövhəsi
vurulub. Onlardan 368 nəfəri rayonun, 24 nəfəri isə əslən
Cəbrayıldan olub, Bakı, Sumqayıt və digər
rayonlarda məskunlaşan həmyerlilərimizin
övladlarıdır".
Artıq rayon əhalisi qəsəbələrdə
pay torpaqlarında əkdiyi arpa və buğda sahələrində
biçini başa çatdırıb, 2380 hektar taxıl sahəsindən
6892 ton məhsul əldə edib, məhsuldarlıq 29 sentnerdir.
Bununla yanaşı, cari il üçün 870 hektarda yonca, 42
hektarda bostan-tərəvəz, 25 hektarda kartof, 21 hektarda şəkər
çuğunduru, 12 hektar dənlik qarğıdalı, 60
hektarda yem üçün təkrar qarğıdalı əkilib.
25 hektar kartof sahəsində yığım başa
çatıb, 414 ton məhsul əldə edilibdir. Hazırda
bostan-tərəvəz sahələrindən 348 ton məhsul
toplanıb, yığım davam edir. Bir sözlə, həyat
davam edir, lakin bu həyatın davamı, ölkə
başçısının dediyi kimi, doğma torpaqlarda
olmalıdır: "Bu gün Azərbaycanın əsas
problemi 20 faiz torpaqların Ermənistan tərəfindən
işğalı və bunun nəticəsində bir milyondan
çox qaçqın və məcburi
köçkünün olmasıdır".
"Edəmən tərki,
Füzuli..."
Cəbrayılla
bir gündə işğal olunan Füzulidən
danışarkən təkcə bir faktı demək kifayətdir:
yalnız Azərbaycanın deyil, dünyanın ən qədim
tarixə malik abidələrindən biri - Azıx
mağarası Füzuli rayonu ərazisindədir. Azıx
mağarası indinin özündə də analoqu olmayan ilk
insan məskəni kimi bəşər sivilizasiyanı heyrətləndirməkdədir.
Qarabağ dağ silsiləsinin cənub ətəklərindən
Araz çayına qədər düzənlik sahələri əhatə
edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan
rayonları ilə qonşu olan Füzulinin tarixi çox qədimlərə
gedib çıxır.
Hələ
1827-ci ildən bu bölgə Qarabulaq adı ilə
tanınıb. 1930-cu ildə sovet hakimiyyəti bir sıra
yaşayış məntəqələrimizin adını dəyişdirdiyi
vaxt Qarabulağı da "unutmadı". Bu dəfə onun
adı "Qaryagin" rayonu oldu. Bu qondarma adı isə
Qarabağın bu müqəddəs torpaqları 1959-cu ilə
qədər daşımalı oldu.
İndiki adı isə böyük söz
ustadı, Azərbaycan türk poeziyasının korifeyi Məhəmməd Füzuli ilə
bağlıdır. Məhz M.Füzulinin anadan olmasının
400 illiyi şərəfinə onun adı dəyişdirilərək
Füzuli rayonu adlandırıldı.
Rayon ərazisindəki
Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə
kurqanlarında, Quruçay sahillərində və digər
yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi
ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz sinəsində
qoruyub saxlayan və dərin köklərə malik bir ərazidir.
Rayonun ərazisi
1386 kvadratkilometr, əhalisi 105 min nəfərdir. Rayonda iki
şəhər, 75 kənd və digər yaşayış məntəqələri
var. Bu yerlərdən axan Qusarçay, Köndələnçay,
Qozluçay, Çərəkan çayı Araza tökülür.
İşğala
qədər, yəni 23 avqust 1993-cü ilədək rayonda 70
kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət
dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40
feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi
xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki
peşə məktəbi, 38 məktəbəqədər
müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer
təsərrüfatı və digər obyektlər var idi.
Ümumilikdə, 190 mədəni-maarif müəssisəsi, 94
kənd və qəsəbə, 40-dan çox tarixi abidə
işğala məruz qalıb.
1988-ci ildən
başlayan erməni təcavüzünə qarşı
barışmaz mübarizə aparan Füzuli sakinlərinin
doğma torpaq uğrunda verdiyi itkiləri çoxdur.
Müharibənin bu ərazidə əsas
ağırlığını rayonun Yağlıvənd,
Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli,
Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli,
Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli,
Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin
əhalisi çəkib.
Ümumi sahəsi
139 393 hektar olan Füzuli rayonunun qərbindəki 50 kənd
- 125 368 hektar ərazisi ermənilərin
işğalı altındadır.
1994-cü ildə
rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə
və 20 kənd var. Qəsəbələrdən 12-si yeni
salınıb və məcburi köçkün ailələri
müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə
51 min məcburi köçkün məskunlaşıb.
Araşdırmalara
görə, Füzuli rayonunda ümumi ehtiyatları 58 858 min
kubmetr mişar daşı istehsalına yararlı iki - Dövlətyarlı
və Dilağar əhəngdaşı, kərpic-kirəmit
istehsalına yararlı 11 211 min kubmetr ehtiyatlara malik
Kürdmahmudlu gil, ehtiyatları 13 053 min kubmetr olan Quruçay
qum-cınqıl qarışığı yataqları var.
Özünəməxsus
təbiəti olan Füzuli rayonunun ərazisində
yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd
Şərq çinarı təbiət abidəsi kimi
pasportlaşdırılmış və işğala qədər
mühafizə olunub.
Vaxtilə məhsuldarlıq
baxımından kənd təsərrüfatına yararlı
boz, şabalıdı, boz-qəhvəyi torpaq sahələri
olan rayonda taxılçılıq, heyvandarlıq,
üzümçülük, qoyunçuluq, quşçuluq,
baramaçılıq geniş inkişaf etmişdi. Kənd təsərrüfatı
ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı,
13 sənaye müəssisəsi və s. fəaliyyət
göstərirdi.
Bu gün
işğaldan azad olan ərazilərdə yenə təsərrüfat
və quruculuq işləri davam edir. Uçurulan evlər,
dağılan yollar bərpa edilib qaydaya salınır. Amma
Füzulinin sağalmayan yaraları da var. Onun bu savaşlarda
1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər
müxtəlif dərəcəli əlili var. Erməni təcavüzü
nəticəsində 36 361 nəfər uşaq zərər
çəkib, onlardan 155-i yetim qalıb.
Vətənimizin
bu dilbər guşələrinin azadlıq günü isə
hələ qabaqdadır. Onu Füzuli babamız demiş
heç nə əvəz edə bilməz:
Edəmən tərki, Füzuli, səri-kuyin
yarın
Vətənimdir, Vətənimdir, Vətənim.
Bəxtiyar QARACA
Azərbaycan.-
2012.- 23 avqust.- S. 4.