Bir nəslin iki Zülfüqarı

 

 Bir sıra mətbuat orqanlarında "Üzeyirşünas alimlər"imiz hələ də öz "tədqiqatlarında", məqalələrində, hətta kitablarında Zülfüqar Hacıbəyovla əlaqədar yanlışlığa yol verməkdə davam edirlər. Bu günlərdə Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əli Məmmədbağır oğlunun "Zülfüqar bəy Hacıbəyov arxivinin təsviri arxivşünaslığa dəyərli töhfə kimi" adlı məqaləsi diqqətimizi çəkdi ("525-ci qəzet", 28 iyul 2012-ci il sayı). Esmira Cavadovanın eyniadlı kitabına həsr edilmiş həmin məqalədə oxuyuruq: "Təsvir-material Zülfüqar və Üzeyir Hacıbəyov qardaşlarının Xan qızı Xurşidbanu Natəvanla görüşü adlanır… Hacıbəyov qardaşlarının Qori Müəllimlər Seminariyasına oxumağa gedərkən Xurşidanu Natəvanla görüşüb, xeyir-dua almaları və Xan qızının iki qardaşın qulağına özünün köçürüb hazırladığı Qurandan bir ayə oxuduqdan sonra həmin Quranın altından keçirib hərəsinin əlinə bir tikə çörək verməsindən bəhs edir".

Açığı, çox təəccübləndik. Birinci, Üzeyir bəylə Qori Müəllimlər Seminariyasına oxumağa gedən Zülfüqar Hacıbəyov onun qardaşı deyil. İkincisi, bu iki şuşalı gənc Qori Müəllimlər Seminariyasına 1899-cu ildə gediblər. Xurşidbanu Natəvan isə 1897-ci ildə vəfat etmişdi. O, bu xeyir-duanı necə verib?

Təəssüf ki, Zülfüqar Hacıbəyovları eyni şəxsiyyət təsəvvür edənlər hələ də var. Vaxtilə görkəmli tədqiqatçı Qulam Məmmədli və üzeyirşünas alim Mirabbas Aslanov yazılarında dəfələrlə qeyd ediblər ki, Qori Müəllimlər Seminariyasında təhsil alan Zülfüqar Üzeyir Hacıbəylinin qardaşı deyil. Ən azından gərəkdir ki, tədqiqatçılar sadə bir məsələyə diqqətlə yanaşsınlar. Üzeyir bəyin atası Əbdülhüseyn kişidir, tələbə yoldaşı Zülfüqar isə Məmmədbəy oğludur.

 

Müəllim Zülfüqar

 

 Bir sıra yazılarda Üzeyir bəyin qardaşı kimi təqdim edilən Zülfüqar Məmmədbəy oğlu Hacıbəyov, əslində, kimdir? 1885-ci ildə Şuşada Məmmədbəyin ailəsində doğulan Zülfüqar böyük pedaqoq və ədəbiyyatşünas alim Firudin bəy Köçərlinin bacısı oğludur. O, Üzeyir bəylə Şuşada rus-tatar məktəbində birgə oxumuş, 1899-cu ildə də Qori Müəllimlər Seminariyasına daxil olmuşdular.

Hələ uşaqlıq illərindən ədəbiyyata, incəsənətə, musiqiyə maraq göstərən Zülfüqar istedadı ilə diqqət çəkirdi. Şuşa ədəbi mühiti onun formalaşmasına böyük təsir göstərirdi. Şuşada oxuyarkən Zülfüqar "Cavanlar ittifaqı" adlı bir ədəbi dərnək yaradaraq öz yaşıdlarını, tay-tuşlarını başına yığmışdı. Tez-tez bir yerə toplaşaraq ədəbiyyat, poeziya və musiqi ilə əlaqədar müxtəlif müzakirələr keçirərdilər. O vaxt bu dərnəyin üzvləri arasında kim yox idi: Yusif Vəzir Çəmənzəminli, Mirhəsən Vəzirov, Zülfüqar Hacıbəyov (Üzeyir bəyin böyük qardaşı), Ceyhun Hacıbəyov, Azad bəy Əmirov və başqaları. Onlar bu dərnəkdə keçirilən məşğələlərdə əl-ələ verərək Azərbaycan ədəbiyyatı, folkloru, xalq musiqisi, milli rəqslər haqqında fikir və rəyləri öyrənirdilər.

1899-cu ilin avqustunda Şuşadan beş gənc - Zülfüqar Hacıbəyov, Üzeyir bəy Hacıbəyov, Azadbəy Əmirov, Abbasbəy İsmayılov və Həsən Sultanovla birlikdə Qoriyə gediblər. Beş qarabağlı oğulun bu addımı tarixin şərəfli bir səhifəsidir. Yay tətillərində Şuşaya gələndə şəhərin mədəni həyatında yaxından iştirak edən Zülfüqar Hacıbəyov imkan tapan kimi ədəbi gecələr təşkil edər, istedadlı gəncləri başına yığardı.

Qori Müəllimlər Seminariyasında 15-dən artıq fənn tədris edilirdi. Zülfüqar bəy Hacıbəyov seminariyanın nümunəvi tələbələrindən sayılırdı. Hətta şəxsi işində olan arayışlarda onun gələcəkdə gözəl bir müəllim olacağına böyük inam ifadə edilib. Seminariyada əsas fənlərdən biri də musiqi idi. Bu sahədə böyük istedada malik olan Zülfüqar bəy bütün musiqi məclislərində, konsertlərdə, müxtəlif orkestrlərin çıxışlarında mütləq iştirak edərdi. 1904-cü ildə simli və nəfəsli orkestrdə fəal iştirak edən Zülfüqar Hacıbəyov, Üzeyir Hacıbəyli, Azadbəy Əmirov və Müslüm Maqomayev əla ifaçılıq bacarıqlarına görə pulla mükafatlandırılıblar. Tələbələrinin müvəffəqiyyətlərindən sevinən Firudin bəy Köçərli "Şərqi-rus" qəzetində yazırdı: "Əziz və mehriban balalarım, seminariyada aldığınız bilik və mərifəti cəhalət və nadanlıqda qalan qardaşlarınıza sərf edin. Cəhd edin ki, sizi sevsinlər, sizə etibarları olsun, burdan apardığınız elm və tərbiyəni elə yüksək və hündür məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Zəhmət çəkin, səy edin ki, vəzifənizi kamalınca, layiqincə yerinə yetirəsiniz. Sizin tərifiniz bizi xoşhal və başıüca edəcəkdir, eybiniz isə məyus və məlul qılacaq. Əlbəttə, bizi məyus etməyi özünüzə rəva görməzsiniz... Əziz balalar, inanıram ki, siz xalqa sidqi-dil ilə qulluq edəcəksiniz".

Həm dayısının, həm də müəlliminin bu öyüdü Zülfüqar bəyin həyat meyarına çevrildi. Qəlbi arzularla dolub-daşırdı. Həm müəllim işləmək istəyirdi, həm də musiqi ilə əlaqədar özünəməxsus planları var idi. 1904-cü ildə Üzeyir bəylə birlikdə Müəllimlər Seminariyasını bitirən Zülfüqar bəy təyinatla Gəncə Sənət Məktəbində müəllim işlədi. O, bu təhsil ocağında özünü nümunəvi bir pedaqoq kimi təsdiq etdi. Qori Seminariyasından aldığı bilikləri böyük həvəslə öz şagirdlərinə öyrətdi.

Cəmi iki il pedaqoji fəaliyyətlə məşğul olan Zülfüqar bəy amansız bir xəstəliyə düçar olub. Müxtəlif həkimlərə müraciət edilsə də, nəticəsi olmayıb. Həyatla vidalaşanda heç 21 yaşı da tamam deyildi Zülfüqar bəyin. Bu ağır xəbəri eşidən Üzeyir Hacıbəyli uşaqlıq və gənclik dostunun vaxtsız ölümünə kədərlənərək göz yaşları ilə dolu bir nekroloq yazdı: "Zülfüqar öldü... Bu, acı həqiqətdir. Nakam öldü! Valideyni Zülfüqar adlı bir oğul itirdisə, biz Zülfüqar adlı bir adam itirdik ki, xalqımız üçün yıxılmaz, qaralmaz bir sütun olacağı ab-aşkar idi".

1906-cı ilin aprelində Şuşada geniş bir dəfn mərasimi təşkil olundu. Bu ağır xəbəri eşidən Şuşa ziyalıları, Zülfüqarın tələbə dostları, müəllimləri onunla son görüşə toplaşdılar. Onu "Mirzə Həsən" qəbiristanlığında torpağa tapşırdılar...

 

Bəstəkar Zülfüqar

 

 XX əsr Azərbaycan musiqi mədəniyyətinin tarixində xüsusi yeri olan Üzeyir Hacıbəylinin böyük qardaşı, unudulmaz maestro Niyazinin atası Zülfüqar Əbdülhüseyn oğlu 1884-cü ildə Şuşa şəhərində anadan olub. Azərbaycanda musiqi teatrının təşkilində fəal iştirak edib. Musiqi teatrımızın tərəqqisində xidmətləri unudulmazdır.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası - "50 yaşında cavan"ın (1910) müəllifidir. Bu, Azərbaycan səhnəsində məzhəkə janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsusdur. Sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar Naxçıvanda, İrəvanda, Bakıda, Şuşada göstərilmişdir. "Evli ikən subay", "11 yaşlı arvad və varlı" musiqili komediyaları və "Aşıq Qərib" operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi. Onun əsərləri Azərbaycanın musiqi sənətində müxtəlif yaradıcılıq formalarının üzə çıxmasını sürətləndirdi. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətinin obrazlarına musiqi təcəssümünü ilk dəfə Zülfüqar Hacıbəyov vermişdir.

O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir opera da yazıb. Əsərin səhnəyə qoyulması üçün ciddi hazırlıq da gedib, xüsusi geyimlər də hazırlanıb. Naməlum səbəblərdən nə o zaman, nə də sovet hakimiyyəti illərində bu əsər tamaşaya qoyulub. Eləcə də üçpərdəli təşviqat məzmunlu əsər olan digər bir naməlum musiqili komediyasının librettosu mətbuatda çap edilsə də, səhnələşdirilməyib. Bu komediyaya ona görə naməlum deyirik ki, müəllif pyesin adını da dəqiqləşdirməyib. Çünki komediyanın bir neçə adı olub: "İşıq və ya zülmət", "Ruhani həkim", "Klub" və s.

Onun musiqi sənətinin bir çox janrlarına müraciət etməsi bu sahədə yeni janrların yaranmasına rəvac verirdi. O dövrün, yəni ötən əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan "Kənd qızı", "Çoban qız", "Əsgər nəğməsi" məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

O, 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - "Almaz"a musiqi yazmışdır.

Tədqiqatçıların apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəstəkarın arxivində Nizaminin "İsgəndərnamə" poemasının motivləri əsasında Abdulla Şaiqin librettosuna yazılmış "Nüşabə" operasının müəyyən materialları qalmışdır. Eləcə də bir sıra operetta librettolarına yazılmış musiqi eskizləri də var. Zülfüqar Hacıbəyovun tamamlanmamış və yarımçıq qalmış əsərləri bir daha təsdiqləyir ki, o, geniş yaradıcılıq planları ilə yazıb-yaratmışdır.

Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında da dünyasını dəyişən Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yer tutur. Zülfüqar Hacıbəyovun əsərlərinin əhəmiyyəti ondan ibarətdi ki, Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesi sürətləndi. İlk bəstəkarlardandır ki, musiqi sənətinin bir çox janrlarında əsərlər yaradıb. Azərbaycanda ilk kütləvi mahnıların müəllifləri Üzeyir Hacıbəyli və Müslüm Maqomayev olub. Amma Zülfüqar Hacıbəyov bu janra yeni məzmun gətirib.

Musiqi mədəniyyətimizin çiçəklənməsində, yeni əsərlərlə zənginləşməsində böyük xidmətləri olan bəstəkarın xatirəsi həmişə ehtiramla yad edilir, yaradıcılığı bir məktəb kimi gənc həmkarları tərəfindən öyrənilir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 23 avqust.- S. 5.