Argentinanın nüfuzlu “El
Dia” qəzetində
Bakı haqqında məqalə dərc olunmuşdur
Argentinanın məşhur "El Dia" qəzetində "Bakı, Xəzər dənizinin incisi" adlı iki səhifəlik məqalə dərc olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanın paytaxtı Bakı şəhərinin turizm potensialı, tarixi abidələri və görməli yerləri, eləcə də şəhərin sosial-mədəni həyatından ətraflı bəhs olunmuşdur.
Bakının inkişafının ənənəvi olaraq neft sənayesi ilə sıx bağlı olduğunu bildirən müəllif Nobel qardaşlarının vaxtilə buradakı fəaliyyətindən söz açmış və şəhərin tarixinə və formalaşma mərhələlərinə ekskursiya etmişdir.
Şəhərin qədim tarixi abidələrindən danışan müəllif İçərişəhəri Bakının təməl daşı, Parisin Notre Dame kilsəsi ilə müqayisə edilən Qız qalasını isə simvolu adlandırmışdır. Məqalədə Fəvvarələr meydanı, "Atəşgah" və "Yanar dağ" haqqında məlumatlar da yer almışdır.
Qeyd olunmuşdur ki, şəhərdə yenidənqurma işləri aparılsa da, Bakının məşhur yerlərinin orijinallığı qorunub saxlanılmışdır.
Müəllif vurğulamışdır ki, Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatları, fauna və florası Bakı və bütün Azərbaycanın xəzinəsi olmaqla yanaşı, vətəndaşlar üçün əsas sağlamlıq mənbəyi, Abşeron yarımadasının qumlu çimərlikləri bakılıların sevimli istirahət məkanıdır.
Məqalədə Bakının sosial həyatından da danışılır. Çay evlərinin şəhərin əsas atributlarından biri, çayın ölkə vətəndaşlarının sevimli içkisi, plovun isə milli mətbəxin şahı olduğu bildirilir.
Məqaləyə Bakının müxtəlif görməli yerlərini əks etdirən şəkillər də əlavə edilmişdir.
Məqalənin tam mətnini
httr://www.eldia.com.ar/edis/20120812/baku-rerla-del-mar-casrio-revistadomingo10.htm
ünvanından oxumaq mümkündür.
Azərbaycan.- 2012.- 23 avqust.- S. 5.