Uldis Lipskis:
Yalçın Adıgözəlov incə qəlbə və alovlu gücə malik maestrodur
Xəbər verildiyi kimi, Liyepayada ənənəvi musiqi festivalı keçirilir. Builki tədbir ənənəvi simfonik musiqi silsiləsindən əfsanəvi "Liyepaya yayı" festivalının mənəvi varisi və davamıdır.
Liyepaya Simfonik Orkestrinin (LSO) rəhbəri Uldis Lipskis AzərTAc-a demişdir ki, yayda musiqi bayramının keçirilməsi ideyası hələ ötən əsrin birinci yarısında yaranmışdır. İsti yay axşamlarında dənizkənarı parkın estradasında liyepayalılar üçün simfonik musiqi səslənirdi.
Bu il "Liyepaya yayı" ilk dəfə beynəlxalq festival kimi keçirilir, çünki burada bir çox ölkələrin sənətçiləri çıxış edirlər.
Dəvət edilənlər arasında dirijorlar Gintaras Rinkyaviçus, Andris Veysmanis, Atvars Lakstiqala, pianoçular Vestqard Şimkus, Risto Yosts, skripkaçı Paula Şumane və b. kimi tanınmış musiqiçilər olmuşdur.
U.Lipskis demişdir: "Böyük virtuoz Yalçın Adıgözəlovun idarəçiliyi ilə Liyepaya Simfonik Orkestrinin çıxışı festivalda, həqiqətən, unudulmaz hadisə olmuşdur. Latviyalı dinləyicilər Azərbaycan dirijorunu onun əvvəlki çıxışından tanıyırlar. Dirijor ötən ilin mayında Riqada, Böyük Gildiyada simfonik musiqi ilə Azərbaycan muğamının sintezini təqdim etmişdi.
Konsert peşəkarlar tərəfindən yüksək qiymətləndirilmişdir. Elə o vaxt biz bu əməkdaşlığı davam etdirmək qərarına gəlmişdik".
Festivalın təşkilatçıları bu il fransız musiqisi şedevrlərinə müraciət etmişlər. Festivalda Klod Debüssinin "Günortadan sonra favnın istirahəti", Jorj Bizenin "Arlezianka"sından Birinci və İkinci süitalar, Sen-Sansın "İntroduksiya və rondo-kapriççiozo", Moris Ravelin "İnfantanın ölümünə Pavana" və "Vals" əsərləri səslənmişdir.
Uldis Lipskis demişdir: "Maestro Yalçın Adıgözəlov sayəsində tamaşaçılar fransız impressionistlərinin incə interpretasiyasını hiss etdilər. Onun ustalığı, temperamenti fransız musiqisinin sirlərindən agah olmağımıza kömək etmişdir. Biz əməkdaşlığımızı davam və inkişaf etdirmək niyyətindəyik".
Lipskis daha sonra demişdir: "Azərbaycan dirijorunun şəxsi keyfiyyətləri üzərində dayanmaya bilmərəm. Maestro musiqiçilərlə mükəmməl ünsiyyət qurmaq bacarığına malikdir, gözəl məşq edir, nəticəyə təzyiq etmədən nail olur. O, incə qəlbə və alovlu gücə malik istedadlı və erudisiyalı musiqiçidir".
Nigar HÜSEYNOVA
Azərbaycan.- 2012.- 23 avqust.- S. 5.