Tolerantlığın ən yüksək səviyyədə olduğu ölkə

 

 Prezident İlham ƏLİYEV: "Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar"

 

Azərbaycan xalqı dünyada islami dəyərlərə sadiq müsəlman ümməti kimi qəbul olunur. 70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dinimilli mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna əsla nail olmayıb. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən QurbanRamazan bayramları hər zaman olduğu kimi, bu gün də azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Bu və digər dini dəyərlərə qəlbən inanan Azərbaycan insanı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.

Ölkə Prezidentinin andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi Azərbaycanda vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması da xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.

 Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dinimilli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artımaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslinin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət başçısı İlham Əliyevin milli mədəniyyətin və dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti müasir dövrün reallıqları ilə şərtlənir. Dövlət başçısının Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin təşkil etdiyi iftar mərasimində iştirakı milli-mənəvi və dini dəyərlərə həssas münasibətini bir daha təcəssüm etdirdi. Prezident İlham Əliyev Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində bildirib: "Azərbaycan o ölkədir ki, burada bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu, bizim böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Bu sahədə də dövlət siyasətimiz dəyişməz olaraq qalır. Hesab edirəm ki, son illər ərzində Azərbaycanın bu sahədəki uğurları dünya ictimaiyyətinə daha da dolğun şəkildə çatdırılır. Çünki ölkəmizdə keçirilən müxtəlif forumlar, dini konfessiyalar, dünya dini liderlərinin zirvə görüşləri bir daha göstərir ki, Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac var. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir".

Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerantlıq ölkəsidir və biz keçmişin bu irsini yüksək dəyərləndiririk. Bu gün isə biz bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhunu yaratmaq məqsədilə səylərimizi artırmağa çalışırıq".  

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nunİSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Son illər fondun səyləri ilə Azərbaycanla İslam Konfransı Təşkilatı ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır.

Hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci amil yoxdur. Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etsə də, respublikamızda dinə dövlət qayğısı bu gün də qabarıq hiss olunur. Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Son illərdə dövlət funksional imkanlarını işə salaraq xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ardıcıl addımlar atır. Xalqın tarixi yaddaşının, dini və milli-mənəvi irsinin mühafizəsinə xidmət edən irimiqyaslı fəaliyyətin həyata keçirilməsi, milli ruhlu nəslin yetişdirilməsi, zəngin daxili aləmə malik azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunması cənab İlham Əliyevin dövlət başçısı kimi daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. Ölkə başçısı iftar mərasimində bildirib: "Qloballaşan dünyada bəzi hallarda sərhədlər silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər, mənəvi sahədə sərhədlər pozulur, sərhədləri keçirlər. Buna yol vermək olmaz. Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi dəyərlərimizdir, islami dəyərlərimizdir, dilimizdir, ədəbiyyatımızdır. Əgər biz bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə, bu məsələlərə mütləq diqqət göstərilməlidir. İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng gedə bilər. Bu, o qədər də böyük problem yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər hansı bir boşluq yaranarsa, yaxud da ki, milli mənəvi əsaslarmız zərər görsə, onda, əlbəttə, ölkə böyük çətinliklərlə üzləşər".

Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən də təqdir olunmaqdadır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 1.