Azərbaycan ilə
Qırğızıstan arasında əlaqələrin
inkişaf etdirilməsi məsələləri müzakirə
olunmuşdur
Avqustun 23-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ikinci zirvə görüşündə iştirak etmək üçün Bişkekə gələn Azərbaycanın Baş naziri Artur Rasizadə Qırğızıstanın Baş naziri Omurbek Babanov ilə görüşmüşdür.
Görüşdə son vaxtlar Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafının yeni mərhələyə qədəm qoyduğu vurğulanmışdır. Bu işdə qarşılıqlı rəsmi səfərlərin mühüm rol oynadığı diqqətə çatdırılmışdır.
Qırğızıstanın Baş naziri demişdir ki, Azərbaycan tərəfinə böyük investisiya layihələri təqdim olunmuş, eləcə də İssık-Kul vilayətindəki Kamçı aeroportunun yenidən qurulması və Azərbaycan banklarının Bişkekdə filiallarının açılması təklif edilmişdir.
Baş nazir Artur Rasizadə bildirmişdir ki, Azərbaycan qarşılıqlı maraq doğuran layihələrə, o cümlədən konkret investisiya layihələrinə sərmayə yatırmağa hazırdır. Bunun üçün, ilk növbədə, ölkədə ictimai-siyasi vəziyyət sabit olmalıdır.
Görüşdə Qırğızıstan-Azərbaycan-Qazaxıstan birgə neft kəmərinin və Qırğızıstan ərazisində neft emalı zavodunun tikintisi, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması məsələləri də müzakirə edilmişdir.
Baş nazirlərin görüşündə Bişkekdə Qırğızıstan-Azərbaycan İnvestisiya Forumunun keçirilməsi haqqında razılıq əldə olunmuşdur.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 24 avqust.- S. 1.