Birləşmiş
Ərəb Əmirliklərinin nüfuzlu “Asfaar” jurnalında Azərbaycan haqqında məqalə
dərc edilmişdir
Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi Turizm və Mədəniyyət İdarəsinin məlumatlarını özündə əks etdirən "Asfaar" jurnalında Azərbaycana səyahət etmək istəyənlər üçün ölkəmiz haqqında geniş məqalə dərc olunmuşdur.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məqalədə Azərbaycanın, xüsusən də Bakı şəhərinin gözəl turizm məkanı olduğu vurğulanmış, burada qədim binalar ilə yanaşı, müasir memarlıq üslubda inşa edilmiş tikililərin, beşulduzlu otellərin, geniş küçələrin, cazibədar və yaşıl parkların mövcudluğu qeyd olunmuşdur.
Jurnalda, həmçinin Azərbaycanın gəzməli və görməli tarixi yerləri, o cümlədən Bakının rəmzi sayılan Qız qalası haqqında da məlumat verilmişdir. Xüsusi vurğulanmışdır ki, Azərbaycan xalçaçılıq üzrə Şərqin ən məşhur mərkəzlərindən biridir.
Məqalənin sonunda Azərbaycanın zəngin
mətbəxi, xüsusən də milli şirniyyatları,
kababları, plovu haqqında ətraflı məlumat
verilmiş, ölkəmizin turizm sevənlər
üçün olduqca münasib yer olduğu bildirilmişdir.
Azərbaycan.- 2012.- 24 avqust.- S. 1.