Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ikinci zirvə görüşündə bir sıra mühüm sənədlər qəbul edilmişdir

 

 Şuranın növbəti toplantısının 2013-cü ildə Bakıda keçirilməsi qərara alınmışdır

 

Avqustun 23-də Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ikinci zirvə görüşü keçirilmişdir. Görüşdə şuraya daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət başçıları iştirak etmişlər.

Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Qırğızıstan Prezidenti Almazbek Atambayevin iştirak etdikləri sammitdə Azərbaycan Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Əvvəlcə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndə heyətləri başçılarının görüşü keçirilmişdir. Qırğızıstan Prezidenti Almazbek Atambayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşündə yaradıldığını xatırlatmış, TDƏŞ-də sədrliyin Qırğızıstana keçməsindən məmnun olduğunu bildirmiş, qurumun üzvü olan dövlətlər arasında əlaqələrin dərinləşməsi istiqamətində görülən işlərdən danışmışdır. 

Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev TDƏŞ çərçivəsində iqtisadi sahədə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyinə diqqət yetirmiş, mədəni sahədə əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunmuşlar.

Azərbaycanın Baş naziri Artur Rasizadə çıxış edərək bildirmişdir ki, son illər Azərbaycanda mühüm iqtisadi, sosial və digər infrastruktur layihələri həyata keçirilir. Transanadolu qaz kəmərinin tikintisi haqqında Sazişin imzalanması, Bakıda yeni Beynəlxalq Dəniz Ticarəti Limanının, müasir gəmiqayırma zavodunun inşası və icrasına başlanan digər vacib layihələr regionun iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir. Artur Rasizadə demişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə Yeni İpək Yolunun əsası qoyulmuşdur. Bu, Azərbaycanı Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan və Orta Asiya ölkələri ilə birləşdirəcək polad magistral olacaqdır. Bu nəqliyyat dəhlizinin ölkələrimiz üçün çox böyük strateji əhəmiyyəti vardır.

Baş nazir demişdir ki, son illərdə TDƏŞ-in üzvü olan ölkələr arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Cari ildə Azərbaycanın bu ölkələrlə mal dövriyyəsinin 55,5 faiz artması bunu bir daha sübut edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Artur Rasizadə demişdir: "Hər sahədə dinamik inkişafı qarşısına məqsəd qoyan Azərbaycanın əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Təəssüf ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının işğalı bu gündavam etməkdədir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, mütəmadi olaraq həyata keçirdiyi təxribatlar ucbatından münaqişənin həllində əhəmiyyətli dəyişikliklər mümkün olmamışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan bu sənədlər hələ də yerinə yetirilməmişdir".

Görüşdə şuraya daxil olan ölkələr arasında əlaqələrin daha da dərinləşdirilməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin, qurum çərçivəsində Türk Akademiyasının yaradılması məsələləri müzakirə olunmuşdur. 

Sonra plenar iclas keçirilmişdir. İclasda bir sıra sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanmışdır. Bundan başqa, tranzit dəmir yolunun inşası ilə əlaqədar məsələlərdən danışılmışdır. Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmir yolu layihəsi üçün razılığın əldə olunduğu qeyd edilmişdir. Bu məqsədlə protokolun hazırlanması və həyata keçirilməsi üçün nəqliyyat nazirlərinin görüşlərinin təşkili qərara alınmışdır. Şuraya sədrlik Qazaxıstandan Qırğızıstana keçmişdir.

Daha sonra zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin hökumətləri arasında dörd sənəd - Türk Mədəniyyəti və İrsi Fondunun nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları və Türk Akademiyasının təsis edilməsi haqqında sazişlər və Türk Şurasının ikinci zirvə toplantısının Bəyannaməsi qəbul olunmuşdur.

Sonda mətbuat konfransı keçirilmişdir. Bildirilmişdir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üçüncü zirvə toplantısının 2013-cü ildə Bakıda keçirilməsi qərara alınmışdır.

 

 

Qulu KƏNGƏRLİ

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 2.