Bişkekdə Xarici İşlər Nazirləri
Şurasının iclasından sonra
keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi haqqında
danışılmışdır
Avqustun 22-də Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında iclasda müzakirə olunan məsələlər, qurum çərçivəsində görülən işlər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışılmışdır.
Dağlıq Qarabağ münaqişəsinin 20 ildir öz həllini tapmaması ilə əlaqədar Qazaxıstan jurnalistinin sualına cavab verən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov demişdir ki, bu münaqişə uzun illərdən bəri regionun, MDB-nin və dünyanın ən ağrılı problemi olaraq qalır. Bu gün məhz bu problemin həll edilməməsi regionda sülh və sabitliyin inkişafına mane olur.
Nazir müavininin sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində maksimum səy göstərir, ancaq Ermənistanın problemin həllində tutduğu qeyri-konstruktiv mövqe onun tənzimlənməsinə mane olur.
Biz əminik ki, Azərbaycan torpaqları Ermənistanın işğalından azad edilməyincə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmayınca münaqişənin həlli mümkün deyildir.
X.Xələfov demişdir: "Problemin həlli ilə əlaqədar uzun illərdir ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır, ancaq bu görüşlər yenə də Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə nəticəsiz qalmışdır. Ermənistan Azərbaycan torpaqlarını hələ də azad etmək fikrində deyildir.
Region ölkələri, xüsusilə də türkdilli dövlətlər Türkiyə kimi münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə maksimum səy göstərməlidirlər.
BMT Təhlükəsizlik Şurası işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Ermənistan bu sənədlərə də məhəl qoymur. Fürsətdən istifadə edərək bu məsələdə bizə dəstək olan qardaş ölkələrə minnətdarlığımı bildirirəm".
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 24 avqust.- S. 2.