Türkiyənin xarici işlər naziri Ermənistanın
Dağlıq Qarabağ münaqişəsinin
həllində tutduğu qeyri-konstruktiv
mövqeyi kəskin tənqid etmişdir
Avqustun 23-də Bişkekdə keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) zirvə görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyi kəskin tənqid etmişdir.
Ə.Davudoğlu bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasını əngəlləyir. Dağlıq Qarabağ və işğal altında olan digər Azərbaycan ərazilərinin azad edilməsi xarici siyasətimizin əsas istiqaməti olaraq qalır və biz bundan sonra da bu istiqamətdə fəaliyyət göstərəcəyik.
Ə.Davudoğlu demişdir: "Biz Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi və azərbaycanlı qardaşlarımızın zorla öz evlərindən didərgin salınmasına qəti etirazımızı bildiririk. Münaqişənin sülh yolu ilə həll olunması üçün 20 ildən bəri davam edən danışıqların nəticəsiz qalması bizi ciddi narahat edir. Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməyincə Cənubi Qafqazda və Orta Asiyada sülh, sabitlik və əmin-amanlığa nail olmaq çətin olacaqdır". Türkiyənin xarici işlər naziri qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və Türkiyə bu istiqamətdə öz səylərini davam etdirəcəkdir.
Qulu KƏNGƏRLİ
Azərbaycan.- 2012.- 24 avqust.- S. 2.