Xeyirxah ənənələrin davamçısı

 

Azərbaycan xalqının milli təfəkküründə xeyirxahlıq, mərhəmət, humanizm və nəciblik kimi dəyərlər daim xüsusi yer tutmuşdur. Tarix boyu çətin sınaqlarla üzləşən, milli dövlət qurmaq uğrunda şərəfli mübarizə aparan xalqımız bütün dövrlərdə yüksək mənəvi-əxlaqi keyfiyyətlərini, özünəməxsusluğunu, milli kimliyini qoruyub saxlaya bilmişdir.

Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək, bir sözlə, xeyirxah işlər görmək həm də xalqımızın etiqad bəslədiyi dini dəyərlərdən irəli gəlir. Sərbəst bazar münasibətlərinə, özünütənzimləməyə əsaslanan iqtisadi sistemdə insanların sosial müdafiəsinə və rifahına hesablanmış müxtəlif layihələrin, xeyriyyəçilik aksiyalarının həyata keçirilməsi, ən başlıcası, mənəvi-etik dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu aktuallıq, ilk növbədə, onunla şərtlənir ki, elmi-texniki inqilabın məhsulu olan müasir informasiya-kommunikasiya texnologiyaları müsbət tərəfləri ilə yanaşı, bəzi hallarda insanlar arasında mənəvi uçurumu, psixoloji səddi dərinləşdirir, mənəvi idealları ifrat maddiləşmənin mənfi təsirlərinə məruz qoyur. Bu təsirləri zərərsizləşdirmək, ictimai düşüncədə xeyirxahlıq, humanizm, insanpərvərlik, mərhəmət kimi ali keyfiyyətlərin möhkəmlənməsinə nail olmaq missiyası isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dərin məzmunlu nitqlərində deyirdi ki, mənəviyyat olmayan yerdə haqdan, ədalətdən, düzgünlükdən söhbət gedə bilməz. İstənilən cəmiyyətdə ədalət, insanpərvərlik, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, alicənab, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur. Belə seçilmiş insanlar pak əməlləri ilə təkcə müasirlərinin deyil, həm də gələcək nəsillərin qarşısında cavabdehlik daşıdıqlarını dərk edir, zəmanənin problemlərinə əsl ziyalı yanğısı, yüksək vətəndaş təəssübkeşliyi ilə yanaşırlar. Mənəviyyatı maddiyyətdən üstün tutan belə dəyərli ziyalılarımız müxtəlif dövrlərdə yaşasalar da, milli ləyaqət hissinə sadiq qalmış, xeyirxahlıq ənənələrini yaşatmağa, daha da zənginləşdirməyə çalışmışlar.

 

 

İnsanların güvənc yeri

 

 Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasız həyata keçirən insanlar arasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, ulu öndərin ali ideyalarına tapınan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Azərbaycan xalqının milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var. Cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik, sosial tərəfdaşlıq, korporativ sosial məsuliyyət və s. prinsiplərin möhkəmlənməsinə, milli özünəməxsusluğu şərtləndirən xüsusiyyətlərimizin qorunmasına çalışan Heydər Əliyev Fondu ötən 8 ildə bu məqsədlərə xidmət edən strateji əhəmiyyətli layihələri inamla həyata keçirmişdir.

Ümumi şəkildə deyilsə, fondun başlıca məqsədləri həm də xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək; elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq; milli mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq; respublikanın beynəlxalq nüfuzunu daha da artırmaq; milli həqiqətləri dünyaya çatdırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Yerli əhəmiyyətli sosial problemlərin həllinə, insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardımçı olmaq qurumun məqsədləri sırasında mühüm yerlərdən birini tutur. Bundan savayı, fondun prezidentinin Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti də bəşəri miqyasda rəğbətlə qarşılanır. Son illər UNESKO, İSESKO, YUNİSEF və digər beynəlxalq qurumlarla birgə keçirilən tədbirlər Azərbaycanın qlobal sferada sülh, tərəqqi və iqtisadi əməkdaşlıq mərkəzi kimi tanındığını, nüfuzunun yüksəldiyini göstərir.

Heydər Əliyev Fondunun 8 illik fəaliyyətinin ən mühüm nəticələrindən birirespublikada xeyriyyə fəaliyyətinin canlandırılmasıdır. UNESKO-nunİSESKO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır. Bütün bunlar isə son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.

Azərbaycanın birinci xanımı 2004-cü ildə UNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə "Qızıl ürək" və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə "XXI əsrin böyük qadını" laueratına, 2010-cu ildə isə Fransanın "Fəxri Legion" ordeninə, yenə də UNESKO-nun "Qızıl Motsart" medalına, 2011-ci ildə Krans Montana Forumunun qızıl medalına layiq görülmüşdür. 2012-ci ildə Mehriban xanım Əliyeva İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını almış, eyni zamanda, ona Moskvada "Birlik ulduzları" dövlətlərarası mükafatı verilmişdir.

Bütün bu mükafatlar, şübhəsiz, dünyada fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Azərbaycanın birinci xanımının belə yüksək mükafattitullara layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrildiyini bir daha təsdiqləyir. 

Heydər Əliyev Fondunun prezidentinin fəal təşəbbüsləri həm də Azərbaycan haqqında obyektiv beynəlxalq rəyin formalaşmasına, həmçinin respublikamızın dünya miqyaslı tədbirlərin təşkilatçısına çevrilməsinə xidmət etmişdir. Azərbaycanın birinci xanımı ingilis dilində səlist nitq söyləməklə - Avropa siyasi leksikonunda ölkə həqiqətlərini dünyaya çatdırır, bəşəriyyəti sülhə, sabitliyə, qarşılıqlı faydalı əməkdaşlığa dəvət edir. Çıxışlarında qlobal problemlərin birgə həllinə səsləyən qlobal çağırışların yer alması onun UNESKO və İSESKO-nun xoşməramlı səfiri adına tam layiq olduğunu bir daha təsdiqləyir.

 

 

Maarifçilik ənənələrinin uğurlu davamı

 

 Ötən 8 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini xüsusi diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Bu da təsadüfi deyildir - ölkə iqtisadiyyatının gələcəkdə davamlı və tarazlı inkişafının təmin edilməsi üçün daxili resurslarla yanaşı, güclü insan kapitalının da formalaşdırılması mühüm şərtdir. Bütün bunlar isə dövlət idarəetməsi üçün müasir təfəkkürlü, kreativ gənc kadrların hazırlanmasını obyektiv zərurətə çevirir.

Şübhəsiz, elm və təhsil kimi strateji sahələrdə özünü göstərən problemlərin həllini yalnız dövlətdən gözləmək obyektiv yanaşma olmazdı. Bu prosesdə dövlət strukturları ilə yanaşı, biznes qurumları, ictimai birliklər, qeyri-hökumət təşkilatları da yaxından iştirak etməlidirlər. İctimai statusda fəaliyyət göstərsə də, cəmiyyət həyatının müxtəlif sahələrində həllini gözləyən problemlərin həllində yaxından iştirak edən Heydər Əliyev Fondunun fəaliyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. Fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 8 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında respublikamızın müxtəlif bölgələrində reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı müstəsna əhəmiyyət daşımışdır. Proqram təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənmişdir. İctimai dəstəyi vacib hesab edən Heydər Əliyev Fondu cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini bu məsələyə yönəltmək məqsədilə 2005-ci ilin iyununda müvafiq qurumların, habelə beynəlxalq təşkilatların iştirakı ilə "dəyirmi masa" təşkil etmiş, proqramın həyata keçirilməsi məqsədi üçün 100, 200 və 240 şagird yerlik məktəb binalarının layihələri hazırlanmışdır. Layihənin həyata keçirilməsi ilə bağlı fondun prezidentinin cəmiyyətə ünvanladığı əməkdaşlıq çağırışı geniş əks-səda doğurmuş, az sonra Azərbaycanın müxtəlif bölgələrində - hətta ucqar dağ kəndlərində belə, məktəb binası tikintisi geniş vüsət almışdır. Əslində, "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsinin ən üstün cəhətlərindən biri onun paytaxtla yanaşı, regionlarda da icra edilməsi olmuşdur. İnanılmaz görünsə də, layihənin icrası nəticəsində yalnız ilk 4 ayda ölkədə 132 yeni məktəb tikilərək istismara verilmişdir.

2006-cı ildə Heydər Əliyev Fondu "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının ikinci mərhələsinə başlamış, Bakıətrafı qəsəbələrdə yeni məktəblər inşa olunmuşdur. Bununla da, fond ictimaiyyətin diqqətini növbəti dəfə müasir dünyada hər bir ölkənin inkişafının, onun dünya birliyinə inteqrasiyasının əsasında yalnız mükəmməl təhsilin dayandığına yönəltmişdir. Ümumilikdə, fond indiyədək 300-dən çox yeni məktəbin tikintisini uğurla həyata keçirmişdir.

Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist mahiyyəti ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

"Təhsilə dəstək" layihəsi bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Fond Pakistanda, Hollandiyada, Gürcüstanda, Misirdə, Rumıniyada, Rusiyada yeni məktəb binaları tikdirmiş və təmir etdirmişdir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası bu baxımdan xüsusi vurğulanmalıdır. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xəttilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompyuter otağı, idman meydançası vardır.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda da yeni elmi-tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanılmışdır.

Layihə çərçivəsində Rusiyanın Ulyanovsk şəhərində bərbad vəziyyətdə olan məktəb binasının ən müasir tələblər səviyyəsində təmir olunması da fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir. Həmin məktəbin 2010-cu il sentyabrın 1-də istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ulyanovsk vilayətinin qubernatoru Sergey Moroz bununla əlaqədar demişdir: "Bizim birgə səylərimiz sayəsində şəhərin xəritəsində çox maraqlı mikrorayon qeydə alınmışdır. Heydər Əliyev adına meydanda gənclər gəzintiyə çıxır, uşaqlar oynayır, ahıllar dincəlirlər. İndi Heydər Əliyev Fondundan olan tərəfdaşlarımız bizə müasir məktəb binasını hədiyyə etmişlər. Sağlam millətlərarası münasibətlərin mozaikası da məhz belə yaranır".

Heydər Əliyev Fondunun bu sahədə başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkənin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır.

 

 

Fəal vətəndaş mövqeyi

 

 Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Milli Məclisin fəal deputatı kimi həm də öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Azərbaycanın birinci xanımı qısa müddətdə deputatı olduğu Xəzər rayonunda böyük layihələrin həyata keçirilməsinə nail olmuşdur. Məhz onun təşəbbüsü və dəstəyi ilə yaradılan "Xəzər rayonunun İnkişaf Fondu" Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlamışdır. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, rayonda investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

2004-2012-ci illərdə fondun yaxından köməyi ilə rayonun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrdə yollar çəkilmiş, habelə onların su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır. 2010-cu il iyulun 7-də Bakının Türkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa edilmiş mədəniyyət mərkəzinin açılışı olmuşdur.

Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını, istilik sistemi, ev əşyaları və digər zəruri avadanlıqla təmin edilməsini xüsusi vurğulamaq lazımdır.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ötən illərdə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi də yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyeva firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı münasibəti ilə amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Milli Məclisin deputatı bildirirdi ki, məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir.

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. İxtisas etibarilə tibb elminin incəliklərinə dərindən bələd olan Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə, ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus, tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli bu gün Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq eviinternat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmışdır.

Fondun "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük rəğbətlə qarşılanmış, bu xəstəliklərdən əziyyət çəkən insanların, ələlxüsus da, körpələrin və uşaqların şəfa tapmasına, pulsuz müayinə, müalicə almasına imkan yaratmışdır. Azərbaycanın birinci xanımının dəstəyi ilə ölkədə bir sıra yeni tibb müəssisələri, o cümlədən Talassemiya Mərkəzi inşa olunaraq insanların istifadəsinə verilmişdir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən, Rusiya, ABŞ, Türkiyə və Rumıniyada filialları olan fond müxtəlif ölkələrdə təbii fəlakətlərdən, o cümlədən zəlzələdən ziyan çəkən insanlara da yardım edir. Pakistanda zəlzələdən ziyan çəkən insanlara humanitar yardımın göstərilməsi bu missiyanın Azərbaycan hüdudları ilə məhdudlaşmadığını göstərir. Həmin tədbirlərin davamı olaraq 2012-ci il iyunun 14-də - Beynəlxalq Donorlar Günündə Pakistanda talassemiya, hemofiliyaqan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondu adından xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş bir təcili tibbi yardım avtomobili, habelə 2 min qanköçürmə paketi təqdim edilmişdir.

 

 

Milli mədəniyyətə qayğı örnəyi

 

 UNESKO və İSESKO-nun xoşməramlı səfiri kimi fərqli mədəniyyətləri bir araya gətirmək missiyasını üzərinə götürmüş Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyəti hələ 90-cı illərin ortalarından başlayır. Mehriban xanım Əliyeva  1995-ci ildən "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun rəhbəri kimi ağır böhranla üzləşmiş milli mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. Həmin vaxtdan musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun daim diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

Mehriban xanım Əliyevanın 2004-cü ilin sentyabrında UNESKO-nun "xoşməramlı səfiri" seçilməsi ilə fondun milli irsin mühafizəsi sahəsindəki fəaliyyəti bir qədər də genişlənmişdir. Azərbaycanın bir sıra görkəmli alimlərinin, yazıçı və bəstəkarların yubileylərinin keçirilməsi, habelə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil edilməsi bu fəaliyyətin təqdirəlayiq məqamları kimi vurğulana bilər. Fondun prezidentinin şəxsi səyləri nəticəsində Azərbaycan xalqının milli sərvəti sayılan muğam həmin mötəbər təşkilatın vasitəsilə bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilmişdir. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının və yüksək vətənpərvərliyinin bariz göstəricisidir. "Qarabağ xanəndələri" adlı nəfis albomun buraxılması da fondun uğurları sırasında qeyd oluna bilər.

Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın tanınmış oğul və qızlarının adı ilə bağlı tarixi abidələrin bərpasını isə yalnız keçmişə hörmət və tarixi həqiqətin təsdiqi kimi deyil, eyni zamanda, gənc nəsli milli-vətənpərvərlik ruhunda tərbiyə etməyin əsas elementi, azərbaycançılıq ideologiyasının inkişafı kimi qiymətləndirir. Fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış anlaşma memorandumuna əsasən, hazırda Fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə dəstək verir.

2012-ci ildə "Eurovision" mahnı yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi də məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Müsabiqənin keçirilməsi üzrə təşkilat komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində respublikamız nəinki bu məsuliyyətli işin öhdəsindən uğurla gəlmiş, eyni zamanda, milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu da təsdiqləmək imkanı qazanmışdır. Mehriban xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Bakıya gəlmiş əcnəbilərə müraciətində demişdir: "Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. "Eurovision" mahnı müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək".

Fond 2012-ci ildə mədəniyyət sahəsində digər layihələri də uğurla həyata keçirmişdir. Yanvar ayında Londonda təşkil olunmuş "Bakıya uçuş: Azərbaycanın müasir incəsənəti" sərgisində ən müxtəlif janrlarda bir-birindən maraqlı əsərlər, boyakarlıq, qrafika, fotovideo nümunələri nümayiş etdirilmişdir. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-dan iyunun 5-dək Fransanın Ron-Alp regionunun Qayar, TononEvian şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Fransa ictimaiyyətində böyük maraq doğuran tədbir Azərbaycan mədəniyyətinin nümunələrini əks etdirən sərginin açılışı ilə başlamış, musiqi nömrələrimizin və milli mətbəximizin təqdimatı ilə başa çatmışdır.

Ümumilikdə, fondun həyata keçirdiyi müxtəlif layihələr son nəticədə insanlara səmimi yaxşılıq kimi bir müqəddəs istəyin reallaşdırılmasına yönəlmişdir. Azərbaycanın birinci xanımı "Busıness-Year" jurnalına müsahibəsində bu məqsədi daha dolğun şəkildə ifadə edərək demişdir: "Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən. Bu kömək müxtəlif cür ola bilər. Bəziləri itirdiyi sağlamlığını qaytarmağa çalışır, bəzisi təhsil almaq, digəri muzey yaratmaq istəyir, biri isə gələcək nəsillər üçün abidələri qorumaq istəyir. Bəzən infrastruktur dəyişikliklərini müdafiə etmək zərurəti yaranır, bəzən də maraqlı layihələrin təşkilati dəstəyə ehtiyacı olur. Ən əhəmiyyətlisi odur ki, biz həm böyük layihələrin həyata keçirilməsi ilə, həm də insanlara kömək etməklə məşğuluq".

Şübhə yoxdur ki, fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfəsini verəcəkdir.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin

sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 3.