Azərbaycanın və Türkmənistanın milli informasiya agentlikləri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

 Avqustun 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc-da) Türkmənistanın ölkəmizdəki səfiri Toyli Komekov ilə görüş olmuşdur.

Baş direktor Aslan Aslanov diplomata 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış rəsmi informasiya agentliyinin tarixi barədə ətraflı məlumat vermişdir.

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın keçdiyi böyük inkişaf yolundan, ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulamışdır ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlmiş, respublikamız regionun lider dövlətinə çevrilmişdir. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açmışdır.

Görüşdə Azərbaycan və türkmən xalqlarının qədim tarixi köklərə malik əlaqələrinin genişlənməsində informasiya mübadiləsinin əhəmiyyəti vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə  Türkməndövlətxəbərləri Agentliyi (TDX) arasında rəsmi əlaqələrin qurulması münasibətlərin inkişafına daha sanballı töhfə verə bilər.

Səfir Toyli Komekov Türkmənistan tərəfinin də milli agentliklər arasında rəsmi əlaqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırmış, bunun üçün müvafiq sənədin layihəsinin hazırlanmasını təklif etmişdir.

Azərbaycan və türkmən xalqları arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə tərəfləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.