Kaliforniyanın orta məktəblərində dövlət quruculuğunda Azərbaycan modeli mövzusunda dərslər keçirilmişdir

 

ABŞ-ın Kaliforniya ştatının bir sıra  orta məktəblərinin yuxarı siniflərində "İctimai inkişafda Azərbaycan modeli" mövzusunda dərslər  keçirilmişdir.

AzərTAc-ın təşəbbüsü ilə həyata keçirilən bu layihədə amerikalı məktəblilər tarix, iqtisadiyyat, dövlət quruculuğu və vətəndaşlıq fənləri üzrə dərslər zamanı bu mövzularda Azərbaycanın təcrübəsi ilə tanış olmuş, respublikamızın müstəqilliyinin bərpasından sonra qısa zamanda ölkəmizin beynəlxalq səhnədə "uğur modeli"nə çevrilməsi barədə öyrənmişlər.

Dərsləri aparan AzərTAc-ın ABŞ üzrə xüsusi müxbiri Şəfəq Mehrəliyeva tarixi İpək Yolunda Azərbaycanın əhəmiyyətli keçid olması və bunun nəticəsində zəngin mədəni və tolerantlıq irsi formalaşdırması, müsəlman Şərqinin ilk demokratik dövləti olması, Sovet İttifaqı iqtisadiyyatında Azərbaycanın rolu, SSRİ-nin süqutundan sonra ölkəmizin həyata keçirdiyi siyasi, iqtisadisosial islahatlar haqda danışmışdır. Dərslərdə, xüsusilə, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri, onun uzaqgörən neft strategiyasının Azərbaycanın bir dövlət kimi taleyində oynadığı həlledici rol vurğulanmışdır.  Kaliforniyalı məktəblilər, həmçinin gənclərin respublikamızın ictimai-siyasi həyatında fəal iştirakı, Azərbaycanda gənclər strategiyasının əsas istiqamətləri barədə məlumat almışlar.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.