Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə Mini informasiya laboratoriyası hədiyyə etmişdir

 

Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə "Mini informasiya laboratoriyası" hədiyyə etmişdir.

Fonddan bildirmişlər ki, "Mini informasiya laboratoriyası"na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif  informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.

Cəmiyyətə təqdim olunan "Jawes For Windows" səsli proqram paketi, "Pearl" kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram ilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.

Qeyd edək ki, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış etmişdir. 2005-ci ildə Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi imzalanmışdır. Layihə gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəlmişdir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbinin nəzdində mətbəə yaradılmışdır. Mətbəədə Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.