Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha çox görmək avropalıların vəzifəsidir

 

 Bu fikirlər Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter H.Ottingerin Azərbaycanla bağlı bəyanatında səslənib. Komissar açıq şəkildə etiraf edib ki, Avropa İttifaqı Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə etməli, ikili münasibətə son qoymalıdır. 23 ildir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və işğalçılıq siyasəti davam edir. "Nə sülh, nə müharibə" vəziyyətinin 20 "yaşına" az qalıb. ATƏT-in Minsk qrupunun "fəaliyyəti" isə düz 20 "yaşın" içindədi. Bu qurum 1999-cu ildən indiyədək münaqişənin tənzimlənməsi ilə bağlı 44-45 dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etsə də, nəticə baxımından heç nə əldə olunmayıb. Çünki ATƏT sədrləri hər kəlmələrinin başında bəyan edirlər ki, münaqişə tərəfləri özləri real addım atmalı, sülh masası arxasında oturmalıdırlar. Elə isə ATƏT-in Minsk qrupuna ehtiyac var idi?!

Birbaşa Ermənistanın israrlı təcavüzkar siyasətinin üzərinə qayıdaq. Bu illər ərzində zəbt etdiyi Azərbaycan torpaqlarını sahibinə qaytarmaq istəməyən işğalçı ölkə qıcıqlandırıcı bəyanatları separatçı əməlləri ilə hər addımda vəziyyəti kəskinləşdirir. Ermənistan rəhbərinin utanıb-çəkinmədən nümayiş etdirdiyi mövqeyinə görə, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində qala bilməz. O, bu fikirləri dünyanın gözü qarşısında bəyan edir. Cəzasızlıqdan yaranan daha ağır cinayət bax budur. Halbuki XX əsrdə Avropa İkinci Dünya müharibəsinin misalında bu həqiqətin dəhşətli fəsadlarını yaşamışdı. Buna baxmayaraq, dünya dövlətləri hələ sükunətlərini qoruyub saxlayırlar. Terrorçu dövlət isə dünyanın ikili siyasətindən, dünyadakı erməni diasporunun aparıcı ölkələrin rəsmi siyasətinə göstərdiyi ciddi təsirdən, himayədarının hərbi dəstəyindən bəhrələnərək münaqişənin ədalətli həlli istiqamətində heç bir ümidverici mövqe nümayiş etdirmir.  

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi fazasında atəşkəs olsa da, cəbhə xəttində hər gün ölənlər yaralananlar var. Müşahidələr göstərir ki, Ermənistan tərəfdə snayperlərin sayı artır. Dünya isə bu mənzərəyə indiyədək seyrçi olmaqdan o tərəfə keçməyib. Ya bəzən keçib, terrorçu ölkənin davranışlarına, pozucu hərəkətlərinə göz yumub. Azərbaycan isə bugünədək regionun geosiyasi, geoiqtisadi maraqları perspektivləri baxımından bütün daxili ölkələrarası münaqişələrin tezliklə, yeni müharibəyə əl atmadan - sülh yolu ilə nizamlanmasının tərəfdarı kimi çıxış edib.         

Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter H.Ottinger problemlə bağlı bəyanatında bildirdi ki, əgər Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayırsa, Avropa da Azərbaycanın probleminə biganə qalmamalıdır. Avropa İttifaqı mühüm tərəfdaşımız olan Azərbaycanın problemlərinə daha yaxından diqqət yetirməlidir. Çünki Azərbaycan energetika məsələsində iştirak edən əhəmiyyətli bir tərəfdir üçün mühüm tərəfdaşdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha çox görmək avropalıların vəzifəsidir. Birləşmiş Millətlər Təşkilatının bir çox beynəlxalq təşkilatların qətnamələrində birmənalı şəkildə göstərilir ki, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz hissəsidir". Belə düşünmək olar ki, artıq Avropa İttifaqı da status-kvonun bundan sonra çox sürəcəyinə səbir etmək istəmir. Çünki münaqişənin mövcudluğu həm region ölkələrinin inkişafına qoyulan sərmayələrin həcmini dəfələrlə azaldır. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər nüfuzlu şirkətlər region ölkələri ilə iqtisadi əlaqələri möhkəmlətməyin əsas şərti kimi məhz münaqişələrin sülh yolu ilə nizamlanması regionda sabitliyin qorunması vacibliyini göstərirlər. Münaqişə regionun özündə mühüm layihələrin reallaşmasına mane olur. Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartdan yanaşması Avropa ictimai rəyinin özündə birmənalı qarşılanmır.  

Azərbaycan son zamanlar dəfələrlə rəsmi şəkildə vəziyyətin bu cür davam edə bilməyəcəyini, status-kvonun hər an dəyişmə ehtimalının olduğunu, lazım gəlsə, başqa vasitələrdən istifadə olunacağını bəyan edib. Müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı Mayls Dirinqlə görüşəndə Qarabağda münaqişənin yenidən alovlanması ehtimalını irəli sürüb. Nazir vurğulayıb ki, Ermənistan təcavüzkar siyasətini davam etdirməkdədir. Belə olan təqdirdə Azərbaycanın öz ordusunu gücləndirərək işğal altında olan torpaqlarını azad etməkdən başqa yolu qalmır.  

Son günlər beynəlxalq aləmi gərginlikdə saxlayan problemlərdən biri də PKK-nın Suriyada fəallaşmasıdır. Bunu ən çox maraqlı dövlətlər istəyir ki, Ermənistanın da adı bu sırada öndədir. Siyasi analitiklər sübut ediblər ki, son günlər Suriyada fəallaşan PKK-çıların sıralarında erməni mənşəli terrorçular daha çoxdur. Onların məqsədi Türkiyənin müdafiə qabiliyyətinə zərbə vurmaq, onu parçalamağa nail olmaq, bununla da işğal etdikləri Dağlıq Qarabağı əldə saxlamaqdır. Halbuki Türkiyə Qafqazı sülh və əmin-amanlıq bölgəsinə çevirmək istəyir, bölgə dövlətlərinin iqtisadi birliyinə nail olmağa çalışır.

İstər Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasındaki çıxışı zamanı, istərsə də başqa çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan Azərbaycan ərazilərinin rəsmi Bakının və beynəlxalq aləmin nəzarətindən çıxdığını və "boş, nəzarətsiz və təhlükəli zonaya" çevrildiyini bəyan etmişdir. Bu isə həmin ərazidə beynəlxalq terrorizm, nəzarətsiz silahnarkotik qaçaqmalçılığı üçün əlverişli şərait yaradır.

Hamıya aydındır ki, bugünkü Azərbaycan özünün hərbi, iqtisadi və digər resursları ilə Ermənistandan dəfələrlə üstündür. Bu da ona inanmağa imkan verir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın daha ciddi güzəştlərə gedəcəyi qaçılmaz olacaq. Bu fikir son günlər rəsmi Yerevandan da eşidilir. Səbəb kimi  göstərilir ki, hərbi-siyasi balans məhz Azərbaycanın xeyrinə sürətlə dəyişir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 4.