Təhsil infrastrukturu müasirləşdirilir

 

 Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət almasıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır. Qeyd edək ki, son 8 ildə təkcə təhsil sahəsində 16 inkişafyönümlü xüsusi proqramın icrası təmin edilmişdir.

2012-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 322 milyon manatı bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. O cümlədən təhsil müəssisələrinin yenidənqurulması və əsaslı təmiri üçünxeyli vəsait ayrılmışdır. Cari ilin yanvar-iyul aylarında təhsil sahəsində tikinti-quruculuq işlərinə 277,5 milyon manat, yəni əsas kapitala yönəldilmiş bütün vəsaitin 3,9 faizi sərf olunmuşdur. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artım deməkdir.

2003-cü ildən indiyədək Azərbaycanda 2300-dən çox yeni məktəb binasının tikilməsi, əsaslı təmiri və müasir avadanlıqlarla, o cümlədən kimyafizika laboratoriyaları ilə təmin edilməsi, bütün məktəblərdə kompyuter siniflərinin yaradılması təhsil tariximizdə ən əlamətdar hadisələrdən olmuşdur.

Respublikada qəza vəziyyətində olan, yararsız binalarda yerləşən məktəblərin yeniləri ilə əvəzlənməsi də dövlət başçısının daim diqqət mərkəzindədir. Prezidentin "Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında" 16 avqust 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 23 iyun 2008-ci il tarixli sərəncamı ilə 25 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" 23 iyun 2009-cu il tarixli sərəncamı ilə 13 milyon, "Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" 4 dekabr 2009-cu il tarixli sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdır. Eyni zamanda, Azərbaycan Prezidentinin 2003-2011-ci illərdə təməli qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin açılış mərasimində iştirakı, hər yeni dərs ilinin ilk günündə müəllimlərlə, şagirdlərlə, valideynlərlə görüşü təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür.

Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən, 2009-2012-ci illərdə 390 məktəb üçün yeni binanın inşası, 540 məktəb üçün əlavə korpusların tikintisi, 900 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Perspektiv üçün əsas hədəf çoxnövbəliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır.

Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri də xüsusi qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 2010-2011-ci tədris ili ərəfəsində ölkədə 9380 yerlik daha 26 məktəb istifadəyə verilmişdir. 2011-2012-ci tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə yaxın məktəb əsaslı təmir edilmiş, yeni korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın məktəb təmir edilmişdir.

Ötən ilin noyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ rayonunun Nic qəsəbəsində yeni məktəb binasının açılışı olmuşdur. 2011-ci ilin dekabr ayında "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində fondun dəstəyi ilə Xaçmaz rayonunun ən ucqar məntəqələrindən birində - Şimali kəndində müasir standartlara uyğun orta məktəb binası tikilib istifadəyə verilmişdir. 120 şagirdin təhsil aldığı bilik ocağında tədris rus dilindədir. Məktəbin bütün maddi-texniki bazası, avadanlığı Heydər Əliyev Fondu tərəfindən təchiz edilmişdir. Yeni il ərəfəsində fondun təşəbbüsü ilə Samux rayonunun Lüksemburq kəndində yeni məktəb binasının açılışı olmuşdur. Bu il yanvarın 21-də Goranboy şəhər 3 nömrəli orta məktəbin yeni binası və martın 14-də Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 22 iyun tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən paytaxtda 2012-2013-cü illərdə 157 məktəbin tikintisi, əsaslı təmiri, yeni korpusların, kitabxana, idmanakt zallarının inşası, uşaq bağçalarının yenidənqurulması və s. işlərin görülməsi nəzərdə tutulmuşdur.

Bu il təbii fəlakət - zəlzələdən zərər çəkmiş bölgələrdə də yeni məktəb binalarının tikintisinə xüsusi diqqət yetirilir. Zaqatala rayonunda tam qəzalı vəziyyətə düşmüş məktəblərin yerində yeni binalar inşa edilir.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 5.