“Kapital Bank” ASC-nin
xidmət məntəqələrində fərdi birdəfəlik
ödəmələrin verilməsi davam etdirilir
Azərbaycan Respublikası Prezidentinin "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" 2012-ci il 14 mart tarixli Fərmanına uyğun olaraq, cari ilin iyunun 1-dən etibarən "Kapital Bank" ASC-nin xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi davam etdirilir.
Ötən müddətdə Maliyyə Nazirliyinə və "Kapital Bank"a "Qaynar xətt" və poçt vasitəsilə vətəndaşlardan müxtəlif məzmunlu suallar daxil olmaqdadır. Bu sahədə aparılan ictimai maarifləndirmə tədbirlərinin davamı kimi vətəndaşlar tərəfindən tez-tez verilən xarakterik sualların cavabları aşağıda təqdim edilir.
- Eyni əmanətçinin bir neçə əmanət kitabçası olduqda fərdi birdəfəlik ödəmə hər bir hesab üzrə ayrıca, yoxsa ümumiləşdirilərək hesablanır?
- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanının tələblərinə əsasən, fərdi birdəfəlik ödəmələr əmanət hesablarına deyil, əmanətçilərə verilir. Buna görə də bir neçə əmanət hesabı olan əmanətçilərə həmin hesablarında olan əmanət qalıqları cəmləndikdən sonra fərdi birdəfəlik ödəmələr hesablanaraq ödənilir.
- Bir neçə əmanət hesabına malik olan əmanətçi bu hesablardakı qalıqların cəmlənməsi üçün Banka bütün hesablar üzrə eyni vaxtda müraciət etməlidir, yoxsa ayrı-ayrı vaxtlarda da müraciət edə bilər?
- Əmanətçinin bütün hesablar üzrə banka eyni vaxtda müraciət etməsinə ehtiyac yoxdur. Məlumat sistemi mərkəzləşdirilmiş və fərdi birdəfəlik ödəmələrin hesablanması mərkəzi qaydada aparılır. Ödəmə məbləğini kompyuter proqramı hesablayır. Bir neçə hesaba malik olan əmanətçi hər dəfə eyni, yaxud müxtəlif xidmət məntəqələrinə müraciət etdikcə, mərkəzləşdirilmiş proqram onun adında bir neçə hesabın olduğunu nəzərə alır. Beləliklə, hesablama, ümumi qalıq üzrə aparılır. Ona görə də əmanətçi ona verilmiş fərdi birdəfəlik ödəmə məbləğinin onun özünün hər bir hesab üzrə ayrı-ayrılıqda hesabladığından az olduğunu gördükdə, nəzərə almalıdır ki, məbləğin azlığı onun bir neçə əmanət hesabına malik olması ilə bağlıdır.
- Fərdi birdəfəlik ödəmə Əmanət Bankında yalnız 1992-ci il yanvarın 1-nə qədər olan qalığa verilir və ödəmə verilən zaman əmanət kitabçası əmanətçidən təhvil alınır. Bu halda bəs 1992-ci il yanvarın 1-dən sonrakı dövrə aid əmanətlərin taleyi necə olacaq?
- Fərmana əsasən, əmanətçi fərdi birdəfəlik ödəməni almaqdan ötrü əmanət hesabını mütləq bağlamalıdır. Bu zaman hesabdakı qalığın 1992-ci il yanvarın 1-dən əvvəlki dövrə aid hissəsinə fərdi birdəfəlik ödəmə hesablanır. 1992-ci il yanvarın 1-dən sonrakı dövrə aid əmanət qalığı isə faizlər də nəzərə alınmaqla fərdi birdəfəlik ödəmə məbləğinə əlavə olunaraq əmanətçiyə ödənilir. Beləliklə, əmanətçinin bankda heç bir vəsaiti qalmır. Əgər kimsə istəyirsə, əmanət kitabçasını təhvil verməzdən əvvəl sənədin surətini çıxarıb özündə saxlaya bilər.
- Bəzi vətəndaşlar 1992-ci il yanvarın 1-dən sonra hesablarını bağlayıb və yenidən açıb, onlara verilmiş əmanət kitabçasında isə yeni tarix göstərilib. Belə hallarda əmanətçilərə fərdi birdəfəlik ödəmə verilirmi?
- Bu kimi hallar fərdi birdəfəlik ödəmələrin verilməsi üçün müvafiq meyarlara uyğun gəlmir. Fərdi birdəfəlik ödəmələrin verilməsi üçün zəruri olan meyarları belə sıralaya bilərik: əmanətçi əmanəti 1992-ci il yanvarın 1-nə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına qoymuş olmalıdır; həmin əmanət qalığı "Kapital Bank"da müvafiq fərman qüvvəyə mindiyi tarixə şəxsi hesablarda saxlanmalıdır; əmanətçi və ya onun vərəsəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
- "Təqdim edənə" əmanət kitabçasına, habelə xüsusi rubl hesabları və xüsusi kompensasiya hesablarına da fərdi birdəfəlik ödəmə verilirmi?
- Əvvəlki fərmanlardan fərqli olaraq, son fərman 01.01.1992-ci il tarixinə qədər keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında yerləşdirilmiş bütün növ əmanətlərə şamil olunur. Fərmanda göstərilən dövr nəzərə alınmaqla Əmanət Bankında "Təqdim edənə" əmanət növü üzrə vəsait yerləşdirmiş əmanətçilər də fərmanın təsir dairəsinə aiddirlər. "Təqdim edənə" əmanət növü üzrə yerləşdirilmiş vəsait vaxt baxımından fərmanın təsir dairəsinə düşürsə, bu halda vətəndaşa fərdi birdəfəlik ödəmənin verilməsi üçün heç bir fərqli xüsusiyyət yoxdur. Sadəcə olaraq bu halda vətəndaşlar "Təqdim edənə" əmanət kitabçası ilə birgə ona məxsus nəzarət vərəqəsini və şəxsiyyət vəsiqələrini də müvəkkil banka təqdim etməlidirlər.
Xüsusi rubl hesabları və xüsusi kompensasiya hesabları üzrə əmanət kitabçasına malik olan bütün vətəndaşların müraciətləri də qəbul edilir və araşdırmalar aparılır. Vətəndaşların təqdim etmiş olduqları məlumatlarla bankda qorunan arxiv məlumatları arasında hər hansı uyğunsuzluq aşkar edilmədikdə, ödəmə dərhal həyata keçirilir. Bu sahədə hər hansı uyğunsuzluq, problem aşkar edildikdə isə, araşdırmanın müddətindən asılı olaraq, ola bilər ki, ödəmə bir qədər gec aparılsın. Ona görə də təsadüfi deyil ki, birdəfəlik ödəmələrin verilməsi prosesinin başa çatdırılması üçün 1 il də əlavə müddət müəyyən edilmişdir. Bu prosesin ümumən 2013-cü il dekabrın 31-dək başa çatdırılması nəzərdə tutulmuşdur.
- Sovet dövründə əhalinin müəyyən hissəsi dövlət qiymətli kağızlarından, sertifikat və istiqrazlarından geniş istifadə edirdi. Fərman onlara da şamildirmi?
- Müvafiq fərman bu kateqoriyadan olan vətəndaşlara fərdi birdəfəlik ödəmələrin verilməsini nəzərdə tutmur. Ona görə də istiqrazlara və ya hər hansı digər qiymətli kağızlara birdəfəlik ödəmələrin verilməsindən söhbət gedə bilməz.
- Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid rayonlardan olan əmanətçilər fərdi birdəfəlik ödəməni necə alırlar?
- Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid yaşayış məntəqələrindən olan və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə malik əmanətçilər öz əmanət kitabçaları, şəxsiyyət vəsiqəsi və digər müvafiq sənədlərlə yaşadıqları ərazidəki xidmət məntəqəsinə müraciət edə bilərlər. Hər bir müraciət araşdırılır və nəticəyə uyğun olaraq Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir. Bundan sonra fərdi birdəfəlik ödəmə həyata keçirilir.
- Əmanətçinin təqdim etdiyi sənədlərlə bankda olan məlumatların üzləşdirilməsi zamanı uyğunsuzluq aşkar edildikdə, yaxud əmanətçi əmanət kitabçasını itirdikdə Xüsusi Komissiyaya kim müraciət edir, bank, yoxsa əmanətçi?
- Əmanətçinin təqdim etdiyi sənədlərlə bankda olan məlumatların üzləşdirilməsi zamanı uyğunsuzluq aşkar edildikdə əmanətçi özü Xüsusi Komissiyaya rəsmi qaydada ərizə ilə müraciət etməlidir. Belə hal yarandıqda bu barədə təfərrüatlar göstərilməklə bank tərəfindən 10 iş günündən gec olmayaraq əmanətçiyə əsaslandırılmış məlumat verilir. Bu məlumat da əmanətçi tərəfindən Xüsusi Komissiyaya müraciət edilməsi üçün əsasdır.
Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə əmanətçinin verdiyi məlumatlar üzrə bankda aparılmış üzləşdirmə nəticəsində həmin məlumatlar təsdiqini taparsa, əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd verilməsi üçün Xüsusi Komissiyaya bank müraciət edir. Bu barədə bank tərəfindən 10 iş günündən gec olmayaraq əmanətçiyə məlumat verilir. Bank və əmanətçi Xüsusi Komissiyaya ərizə ilə müraciət edərkən ərizəyə birdəfəlik ödəmənin alınması üçün istinad olunan sənədlər də əlavə edilməlidir.
- Vəfat etmiş vətəndaşın övladları əmanət kitabçası olmadan mərhumun keçmiş Əmanət Bankında hesabının olub-olmadığını necə öyrənə bilərlər?
- Əgər vəfat etmiş vətəndaşın vərəsəsi sayılan şəxslər əmanət kitabçasına, eləcə də əmanət hesabı haqqında heç məlumata malik olmadan sadəcə mərhumun Əmanət Bankında hesabının olub-olmadığını aydınlaşdırmağa çalışırlarsa, bundan ötrü ilk növbədə vərəsəliyin təsdiqlənməsi üçün dövlət notariat kontoruna, yaxud məhkəməyə müraciət etməlidirlər. Bu zaman banka notarial və yaxud məhkəmə qaydasında sorğu verilir, həmin sorğu əsasında araşdırma aparılır.
- Birdəfəlik ödəməni almaq üçün əmanətçi müəyyən səbəblərdən müvəkkil banka 2012-ci ilin dekabrın 31-dək müraciət etməsə, həmin müddətdən sonra əmanətçinin müraciətinin taleyi necə olacaq?
- Fərmanda bu barədə müddət nəzərdə tutulmuşdur və əmanətçilərdən xahiş olunur ki, həmin müddət ərzində banka müraciət etsinlər. Üzrlü səbəblərdən bu müddətdə müraciət edə bilməyənlərin müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır.
- Xarici ölkələrdə yaşayan və fərdi birdəfəlik ödəmə almaq hüququna malik olan Azərbaycan Respublikasının vətəndaşları banka necə müraciət edə bilərlər?
- Mövcud qanunvericiliyə uyğun olaraq təsdiqlənmiş və Azərbaycan Respublikası tərəfindən tanınan etibarnaməyə ona əlavə olunmuş digər müvafiq sənədlər təqdim edilməklə fərdi birdəfəlik ödəmə bankdan götürülə bilər.
- Əmanətçi fərdi birdəfəlik ödəməni ödəniş kartı vasitəsilə ala bilərmi?
- Bəli, əgər vətəndaşın "Kapital Bank"da və yaxud digər hər hansı bir bankda hesabı varsa (cari, plastik kart və s.) ödəmə məbləği onun hesabına da köçürülə bilər. Vətəndaş bu istəyini ərizəsindəki xüsusi bölmədə göstərməlidir. Bu zaman əmanətçinin fərdi birdəfəlik ödəməni nağd qaydada almaqdan ötrü vaxt və zəhmət sərf edib növbəti dəfə xidmət məntəqəsinə gəlməsinə ehtiyac qalmır.
- Fərdi birdəfəlik ödəmələrin alınmasından ötrü müraciətlərin qəbulu və ödəmələrin verilməsi üçün müəyyən edilmiş müddət artırıla bilərmi?
- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları"nın 4.7-ci bəndinə əsasən, birdəfəlik ödəmənin alınması üçün əmanətçilərin müraciət etməsi və həmin ödəmələrin verilməsi müddəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada uzadıla bilər.
AzərTAc
Azərbaycan.- 2012.- 24 avqust.- S. 5.