Ermənilərin ərazi iddiaları
və qanlı cinayətləri
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Bölməsinin sədri akademik İsmayıl Hacıyev Azərbaycanın,
onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın
yeni dövr tarixşünaslığında özünəməxsus
yer tutan məhsuldar alimlərdən biri kimi tanınır. Görkəmli alimin
"Tarixdə və günümüzdə
Naxçıvan", "Naxçıvan və
naxçıvanlılar", "Heydər Əliyev və
milli tarixi yaddaşın bərpası", akademik İsa Həbibbəyli
ilə həmmüəllifi olduğu "Mustafa Kamal
Atatürk və Naxçıvan", "Azərbaycan Xalq
Cümhuriyyəti və Naxçıvan" kimi çox sayda
kitabları, respublikada və xarici ölkələrdə nəşr
olunan məqalələri elmi ictimaiyyətə məlumdur. Ümumilikdə bu əsərlərin hər biri
müasir dövr Azərbaycan tarixinə, Naxçıvan
tarixinə işıq tutan sanballı əsərlərdir.
Akademik
İsmayıl Hacıyevin elmi fəaliyyətində ermənilərin
Azərbaycana, qədim türk diyarı Naxçıvana
qarşı əsassız ərazi iddialarının və
torpaqlarımıza yalnız siyasi, inzibati-ərazi
baxımından deyil, həmçinin qədim mədəniyyət
baxımından da olan iddialarının ifşası məsələləri
də ön planda dayanır. Alimin "Ermənilərin
Azərbaycana qarşı ərazi iddiaları və qanlı
cinayətləri" adlı monoqrafiyası xüsusilə
diqqəti çəkir və böyük maraq doğurur.
İki fəsildən ibarət olan monoqrafiyada
ermənilər tərəfindən Azərbaycan xalqına
qarşı törədilmiş soyqırımı və
deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan
torpaqlarına qarşı əsassız ərazi iddiaları,
xalqımıza qarşı törədilən cinayətlər
aydın şəkildə göstərilmişdir.
Ermənilərin dünya ictimaiyyətinə
çatdırmaq istədikləri budur ki, guya Tanrı tərəfindən
"seçilmiş olan millət" məhz ermənilərdir. Onlar sadəcə Qafqaz və
Şərqi Anadolu bölgələri ilə kifayətlənməkdə
və iddia etdikləri bu torpaqların bir zamanlar məhz hz. Nuhun nəvəsinin nəvəsi
olan Haya vəd edildiyini önə sürməkdədirlər.
Ümumiyyətlə, ermənilər öz
tarixlərini olduğu kimi deyil, görmək istədikləri
kimi yazmaqda və bunun təbliğatını
aparmaqdadırlar. Tarixlərini daha da qədimlərə
apararaq dünya mədəniyyətini, yazını,
astrologiyanı, mis və dəmir mədənçiliyini
özlərinin kəşf etdiklərini və dünyada insan
həyatının Sevan gölü sahillərindən
başlandığını önə sürməkdə və
özlərini xristianlığı ilk qəbul edən xalq
olaraq görməkdədirlər. Məlum
məsələdir ki, belə iddialar heç bir həqiqəti
özündə əks etdirmir. Bütün
bunlar mifoloji təxəyyüllərə əsaslanan əfsanəvi
iddialardır. Məsələyə dini
aspektdən yanaşsaq, Adəm peyğəmbər bəşəriyyətin
ilk atası sayıldığı kimi, Nuh peyğəmbər
də Dünya Tufanı səbəbiylə bəşəriyyətin
ikinci atası sayılır. Belə bir vəziyyətdə
hər hansı milli mənsubiyyətdən söhbət gedə
bilməz. Yox, əgər hz. Nuh, ermənilərin
də iddia etdiyi kimi, ermənidirsə, o zaman ağla gələn
ilk fikir budur: bəşəriyyət ermənilərdən
törəmiş və bütün dillər erməni dili əsasında
formalaşaraq sonradan deformasiyaya məruz qalmışdır. Necə
deyərlər, bax budur müəmma!
Ermənilərin urartulularla bağlı iddiaları da
mövcuddur. Halbuki əsl həqiqətdə urartu dili ilə erməni
dili nəinki bir-birinə bənzəmir, hətta
ayrı-ayrı dil qrupuna məxsusdurlar. Qədim
urartu dili və mədəniyyəti Ural-Altay qrupuna, erməni
dilisə hind-Avropa dil qrupuna aiddir. Urartu ilə
ermənilər arasında hər hansı əlaqə
qurmağa heç bir əsas yoxdur.
Erməni
tarixçiləri tərəfindən sürülən digər
iddiaya görə isə, onlar Frakiyada yaşamış olan
bir friq qrupundan törəmiş olub, e.ə. XIII-XII əsrlərdə
Balkan yarımadasında yaşamış, sonra Kiçik
Asiyaya köçüb gəlmiş və Het dövlətinə
son qoymuşlar. Əgər "yuxarı ellər"
mənasında işlədilən Armeniyaya - Ermənistana
köçüb gələn friq soyu iddiası qəbul edilərsə,
onda yuxarıda bəhs edilən ermənilərin Nuh peyğəmbər
və urartululardan törədiklərinə dair nəzəriyyələr
çox bariz bir şəkildə öz-özlüyündə
təkzib olunur və bu iddialar bir-biri ilə ziddiyyət təşkil
edir. Ermənilərin Cənubi Qafqaz mənşəli
olması ilə bağlı versiyaya gəlincə isə,
onların, daha doğrusu, hayların Qafqaz xalqları ilə
heç bir əlaqəsi yoxdur.
Akademik İsmayıl Hacıyev ermənilərin etnik mənşəyinə
və tarixinə dair irəli sürülən mülahizələrə
nəzər salaraq erməniləri öz dillərindən
ifşa etmişdir. Məşhur erməni tarixçisi Manuk Abekyan ermənilərin
kim olduqları və harada təşəkkül
tapdıqları barədə yazır: "...erməni
xalqının mənşəyi nədir, necə və nə
vaxt, haradan və hansı yollarla buralara gəlmişlər,
erməni olmazdan əvvəl və sonra hansı xalqlarla əlaqələr
qurmuşlar, onun dilinə, etnik mənsubiyyətlərinə
kimlər necə təsir göstərmişlər? Bizim əlimizdə
bunları isbatlayan açıq və dəqiq məlumatlar
yoxdur..."
Akademik
İsmayıl Hacıyev erməni tarixində bir müəmmalıq,
bir ziddiyyətlik olduğunu ortaya çıxararaq belə bir
nəticəyə gəlmişdir ki, erməni tarixi tamamilə
ermənilər tərəfindən yazılıb,
yazılı tarixin qəbul etdiyi, elmi metodologiyanın sənədlərə
əsaslanaraq isbat etdiyi "Böyük Ermənistan dövləti"
mövcud olmayıb, erməni tarixinin qədimliyi məsələsi
və "Böyük Ermənistan" əfsanəsi tamamilə
mifologiyaya əsaslanır.
Müəllif
eyni zamanda məşhur rus və erməni tarixçilərinin
əsərlərinə istinad edib ermənilərin Cənubi
Qafqaza, xüsusilə də Azərbaycana və indiki Ermənistana
ruslar tərəfindən köçürülməsi məsələlərinə
nəzər salaraq, erməniləri çarizmin regionda öz
imperiya siyasətini yeritməsini artıran faktorlardan biri kimi dəyərləndirmişdir.
Şübhəsiz, ermənilər də özlərini
Rusiyanın bölgədəki əsas icraçıları
kimi görərək bundan faydalanmağa
çalışmış, İrəvan və
Naxçıvan xanlıqlarının ərazisi əsasında
müvəqqəti inzibati-idarəetmə vahidi kimi "Erməni
vilayəti"nin yaradılmasına da nail
olmuşdular. Ermənilərin Qafqazda heç
bir dövlət quruculuğu olmamışdır. Akademik
İsmayıl Hacıyev bu məsələyə xüsusilə
diqqət çəkərək ermənilərin Qafqazda deyil,
Qafqaz ərazisindən kənarda asılı və
yarımasılı vəziyyətdə vassal dövlət
yaratdıqlarını, tarixdə ilk dəfə Çar I
Nikolayın 1828-ci il martın 21-də verdiyi fərman ilə
İrəvan və Naxçıvan xanlıqları əsasında
"Erməni vilayəti"nin yaradılmasını göstərmiş
və qeyd etmişdir ki, "Erməni vilayəti" heç
də erməni dövləti deyildi. Bu, tarixi Azərbaycan
torpaqlarında İrəvan və Naxçıvan
xanlıqlarının ərazisində yaradılacaq gələcək
Ermənistanın təməli idi. Müəllif
XX əsrin əvvəllərindən başlayaraq ermənilərin
xalqımıza qarşı törətdikləri soyqırımı
cinayətlərinin əsl mahiyyətini açıb göstərmiş,
eyni ssenarinin Xocalıda da davam etdiyini faktiki materiallar əsasında
açıb ortaya qoymuşdur.
Monoqrafiyanın ikinci fəsli Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan qədim türk diyarı
Naxçıvana qarşı ermənilərin əsassız
iddialarına, törətdikləri cinayətlərə həsr
olunub. Uzun illərdir ki, ermənilər Naxçıvana
qarşı ərazi iddiaları ilə çıxış
etməkdə və bu iddialarını həyata keçirmək
üçün saxta tarixçilik metodologiyasına baş
vurmaqda, hətta məsələyə siyasi olmaqla birlikdə
dini mövqedən də yanaşmaqdadırlar. Bu iddialar dünya mətbuatında sıx-sıx
gündəmə gətirilərək Azərbaycana və
ümumiyyətlə türklüyə qarşı mənfi rəylərin
formalaşmasına səbəb olmuşdur. Ermənilər tərəfindən istər internet
saytlarında, istərsə də dərc olunan kitab, məqalə
və dövri mətbuatda Naxçıvanın hazırda Azərbaycanın
sərhədləri daxilində olmasına baxmayaraq, guya tarixən
erməni ərazisi olduğu şəklində əsassız
iddialara yer verilməkdədir. Bütün
bu iddiaları gündəmə gətirərkən məsələyə
dini, siyasi və antitürk mövqeyindən yanaşan ermənilər
böyük güclərin yeritdikləri siyasətdən və
ikili münasibətlərdən də bəhrələnməkdədirlər.
Son dövrlərdə Naxçıvandakı tarixi memarlıq
abidələrinin guya ermənilərə məxsus olması,
eyni zamanda xaçqarların dağıdılması məsələsi beynəlxalq
qurumların müzakirə obyektinə
çıxarılmışdır. Şübhəsiz
ki, bu cür iddialar daha əvvəllər də önə
sürülürdü, ancaq günümüzdə bu təzyiq
və hücumlar daha geniş xarakter almışdır. Qeyd etmək lazımdır ki, bu təzyiq və
hücumlar heç də təsadüfi xarakter
daşımır. Artıq hər kəs tərəfindən
qəbul olunan bir reallıqdır ki, Naxçıvan
dünyanın siyasi xəritəsində kiçik bir yerə
sahibdir. Lakin kiçik olmasına baxmayaraq,
böyük geosiyasi, coğrafi əhəmiyyətə
malikdir. Bu bölgə bütün türk
dünyasını bir-birinə bağlayan bir
körpüdür.
Akademik İsmayıl Hacıyev monoqrafiyasında
bütün bunlara aydınlıq gətirmişdir.
İsmayıl Hacıyevin "Ermənilərin Azərbaycana
qarşı ərazi iddiaları və qanlı cinayətləri"
adlı monoqrafiyası Azərbaycan
tarixşünaslığına ən sanballı töhfədir. Belə layiqli
töhfəyə görə yeni dövr elmi mühiti layiqincə
təmsil edən AMEA-nın həqiqi üzvü, tarix elmləri
doktoru, professor İsmayıl Hacıyevə öz gələcək
fəaliyyətində uğurlar arzulayırıq.
Emin ŞIXƏLİYEV,
AMEA Naxçıvan Bölməsi
Tarix,
Etnoqrafiya və Arxeologiya
İnstitutunun
Qafqaz tarixi şöbəsinin
müdiri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-
2012.- 24 avqust.- S. 6.