Veteran yenə öz yerindədir

 

Azərbaycan teleməkanında onu tanımayan yoxdur. Televiziyadan, idman jurnalistikasından söz düşəndə Oqtay Atayev, Mark Peyzel, Şamil Şahməmmədov, Aqşin Kazımzadə, Sabutay Quliyev, Adil Seyidbəyli, Altay Zahidov, Valid Sənani, Çingiz İsmayılov kimi tanınmışlarla bir sırada onun da adı çəkilir. Söhbət əməkdar mədəniyyət işçisi, müxtəlif media mükafatlarının sahibi, idman jurnalistikasının böyük fədakarlarından olan Aydın Əliyevdən gedir.

O, 1937-ci ildə Bakıda anadan olub. Dörd yaşında ikən atasını müharibədə itirib. Çətinliklərlə yaşamağa və ona qalib gəlməyə lap uşaqlıq illərindən öyrəşib. Elə bu çətinliklər onu jurnalistikaya gətirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib. Tələbəlik illərində "Azərbaycan dəmiryolçusu" və "Abşeron" qəzetlərində çalışıb. 1961-ci ildən Azərbaycan televiziyasında işə başlayıb. 1965-ci ildən dövlət televiziyasının idman proqramları şöbəsində redaktor kimi çalışıb. Beləliklə, ömrünün 50 ilindən çoxunu Azərbaycan teleradiosuna bağlayıb. Kiməsə eyni sahədə yarım əsr çalışmaq qəribə görünə bilər, ona isə yox! Radionun "Xəbərlər" redaksiyası ilə əməkdaşlığı isə daha əvvəllərə - 1959-cu ilə təsadüf edir. Buna səbəb isə müasir jurnalistikamızın patriarxı kimi hörmətlə andığı "Bakı" qəzetinin baş redaktoru Nəsir İmanquliyev oldu: "O, bizə ADU-nun jurnalistika şöbəsində dərs deyirdi. 3-cü kursda oxuyarkən müəllimim məni "Bakı"da işləməyə dəvət etdi. O redaksiyada Oqtay Atayev, Mark Peyzel, Şamil Şahməmmədov kimi təcrübəli jurnalistlər çalışırdılar".

Həmin vaxt "Azərbaycan dəmiryolçusu" qəzetində çalışdığından bu təklifi qəbul edə bilməyib. Ancaq Nəsir müəllimin təklifi ilə Azərbaycan teleradiosunda təcrübə keçməyə başlayıb: "Ən yaxın dostum, BDU-nun professoru Yalçın Əlizadə ilə birlikdə teleradio komitəsinə gəldik. Hacı Hacıyev, Valid Sənani və Altay Zahidov bizi çox mehribanlıqla qarşıladı. İdman yarışlarına tez-tez getdiyimdən teleradioda da idman jurnalistikasını seçdim".

 

 İllər və xatirələr

 

 Söhbətimizdə Aydın müəllim xatırlayır ki, o vaxt ana dilimizdə reportajları əsasən Valid Sənani ilə Qərib Əhmədli, rus dilində isə Nicat Rəhimovla Ceyhun Şərifov aparardı: "Bizdə radio ilə ilk futbol reportajını Aleksandr Qnezdov aparıb. 1956-cı ildə azarkeşlər ilk dəfə öz dilimizdə respublika stadionundan futbol matçının birbaşa translyasiyasından reportajı dinləyiblər. Onu da gözəl diktorlarımızdan Sabutay Quliyevə həvalə ediblər. 1957-ci ildə isə Azərbaycan televiziyası ilə ilk dəfə futbol reportajı verilib. Bu qismət də gözəl telejurnalistlərimizdən biri Valid Sənaninin payına düşüb".

Özü də o illərdə "Neftçi"-"Kayrat" oyununun şərhi ilə teleşərhçilikdə ilk addımını atıb. Bu minvalla idmana, televiziyaya ömürlük bağlanıb və düz 25 il - 1972-ci ildən 1997-ci ilə kimi Azərbaycan televiziyasında İdman proqramları redaksiyasına rəhbərlik edib. Hazırda idman jurnalistikamızda öz dəst-xətti olan əməkdar jurnalistlərdən Abbas Əzimov, Fikrət Adıgözəlov, Salar Aslanov, Azad Müzəffərli və Yaqub Nuriyev vaxtilə həmin redaksiyada püxtələşiblər və onları birbaşa Aydın müəllimin yetirmələri də adlandırmaq olar. Bu illər ərzində o, işi ilə əlaqədar dünyanın 53 ölkəsinə səfər etsə də, öz ilk iş yerindən heç vaxt ayrılmayıb. Cəmi bircə dəfə müəyyən səbəblərdən doğma kollektivindən uzun müddətə ayrılmalı olub - xeyli vaxt "Space" kanalında İdman departamentinə rəhbərlik etməli olub. Sonra yenidən AzTV-yə qayıdıb. Bunu isə özü belə xatırlayır: "AzTV-yə iki layihə təqdim etmək üçün gəlmişdim. Söhbət zamanı sədr Arif Alışanov "İdman Azərbaycanın" mənim təcrübəmə ehtiyacı olduğunu söylədi və baş redaktor vəzifəsini təklif etdi. Yenidən illərlə çalışdığım iş otağına qayıtdım. İdarə rəhbərinin belə diqqətli olmasını və həssaslığını sözlə ifadə etmək çətindir".

Onun yaradıçılığına və həyat yoluna idman jurnalistikamızın dünəni, bugünü və sabahı kimi də baxmaq olar. Bu sahədəki problemləri onun qədər bilən, uğurlara da onun qədər sevinən çox az olar. Özü də vətəndaşlıq mövqeyini heç vaxt gizlətmir - istər idmanda olsun, idman jurnalistikasında olsun, istər başqa bir sahədə. Buna əmin olmaq üçün ayrı-ayrı illərdə müxtəlif mətbuat səhifələrində işıq üzü görən müsahibələrinə baxmaq kifayətdir: "Bu yaxşıdır ki, son vaxtlar jurnalistikamız barədə işgüzar diskussiyalar aparılır, istər elektron KİV-də, istərsə də mətbu orqanlarda müxtəlif səpkidə müzakirələrin keçirilməsi hər halda işin xeyrinədir. Biri "tok şou" deyir, digəri başqa şey deyir, ancaq əsas ad deyil! Bir halda ki söhbət müasir jurnalistikamızın problemlərindən gedir, deməli, məsələ diqqət mərkəzindədir... Bilirsiniz ki, bu gün jurnalistikamızda qeyri-peşəkarlar daha çoxdur. Mən peşəkar deyəndə nəzərdə tutmuram ki, o, mütləq jurnalist ixtisaslı olsun. Xeyr, neftçidən də, iqtisadçıdan da yaxşı jurnalist ola bilər! Ancaq yəqin siz də razılaşarsınız ki, son dövrlərdə istər Azərbaycanda, istərsə də keçmiş sovet respublikalarında jurnalistika bir qədər cılızlaşıb. Mən bunu təkcə idman jurnalistikasına aid etmirəm. Qəzetlərin başlığına baxın, manşetləri oxuyun: "Ata qızını zorladı", "Oğul anasını qətlə yetirdi", "Qardaş bacını öldürdü" və s. Mən belə şeylərin tərəfdarı deyiləm. İndi telekanallarımızı dünyanın başqa ölkələrində də  izləyirlər, qəzetlərimizi internetdə oxuyurlar. Ucuz, populist yollarla bazara çıxmaq olar, ancaq bu, jurnalistika deyil. Çox təəssüf ki, bu gün oxucu və ya tamaşaçı kontingenti də sensasiyaya meyillidir, nəinki ciddi mövzulara".

 

 "Qardaş, otur tərcümeyi-halını yaz"

 

Jurnalist istər televiziyada, istərsə də qəzetdə olsun, işıqlandırdığı mövzunu yaxşı bilməlidir. Bunu illərin sınağı və təcrübəsi də sübut edir: "O vaxt biz "Neftçi"nin oyunundan bir saat qabaq mütləq məşqçi ilə görüşərdik. Komandada olan vəziyyətlə yaxından tanış olardıq. Məsələn, o vaxt çox adam bilməzdi ki, unudulmaz Banişevski 10 oyundan 6-7-nə iynə altında çıxardı. Zədələr onu çox incidərdi. Təbii ki, şərhçi bunu biləndə hücumçu haqqında sərt ittihamlar irəli sürməzdi. Yadımdadır, reportaj zamanı mən oyunçulardan biri haqqında çox tündməcaz bir ifadə işlətdim. Belə çıxırdı ki, həmin epizodda qolu vura bilməyən oyunçu heç futbolçu deyil! Həmin futbolçu sonra mənə zəng vurub dedi ki, "Aydın müəllim, eşitdim məni tənqid eləmisiniz. Siz heç bilirsinizmi mən iki gün idi ki, gecə-gündüz yatmırdım. Anam can üstündəydi... Mən məcbur olub oyuna çıxmışdım". Ondan üzr istədim və növbəti reportajımda məsələyə aydınlıq gətirdim. Ona görə jurnalist bir az hadisələrin dərinliyinə getməlidir".

Bunun üçünsə artıq jurnalistikada ixtisaslaşma getməlidir: "Rusiyanın "NTV" kanalında hətta futbol sahəsinin özündə də ixtisaslaşma gedib. Vladimir Maslaçenko əksər hallarda İspaniya çempionatının oyunlarını şərh edir. Eləcə də Vasili Utkin, Viktor Qusev, Aleksey Andronov müxtəlif ölkələrdəki çempionatları aparırlar. Biz də tədricən buna nail olmağa çalışacağıq, ixtisaslaşma gedəcək. Bu gün şahmatdan danışan sabah əlbəyaxa döyüş növlərindən reportaj aparsa, açığı, bu, mənə birtəhər görünər.

Bilirsiz, qüsurlar əslində, həddən artıq çoxdur. Biri elə diktofon jurnalistikası. Nə qədər intervyü olar? İşə götürülən adamın qabağına bir ağ kağız qoyub deyərlər: "Qardaş, otur tərcümeyi-halını yaz". İnandırım sizi ki, hər gün efirdə olan, hər gün qəzet səhifələrində yazıları çıxan jurnalistlərin bir çoxu tərcümeyi-halını yazsa, ən aşağısı, 5-6 səhvi çıxacaq".

 

"Bu, rep deyil ki..."

 

Aydın Əliyev idmansevərlərin hamısını narahat edən bir məsələyə -  reportyorların nitqində dinamikliyə də münasibət bildirir: "Axı, verdiyin informasiyanı qulaq eşidib, beyin qavramalıdır. Bu, rep deyil ki, sözləri bir-birinin ardınca qoşasan! İnformasiyanın, şərhin də öz sürəti, öz tempi var. Valid Sənani dönə-dönə bir dəqiqədə neçə söz işlətməli olduğunu vurğulardı. Bu qanunu nə mən, nə Valid Sənani, nə də Yalçın müəllim qoyub. Bunlar qəbul edilmiş qaydalardır. Rusiya telekanallarında da belədir. Elə bilirsiz tez-tez danışmaq şərhçinin səviyyəsini göstərir? Tez danışmaq predmeti bilmək deyil".

Bu gün ictimaiyyəti narahat edən bir məsələ - Azərbaycan dilinin saflığının qorunub saxlanması, onun KİV-də, mətbuatda işlənməsinə toxunan A.Əliyev nəinki televiziyada, bir çox qəzetdə dilimizə yad olan sözlərdən, ibarələrdən də danışır: "Böyük türk şairi Nazim Hikmət deyərdi ki, türkdilli ölkələr arasında ən saf, ən təmiz dil Azərbaycan xalqına məxsusdur. Əgər türk xalqının böyük oğlu bu sözləri deyibsə, niyə biz öz dilimizdə lazım gəldi-gəlmədi əcnəbi sözləri işlədək... Bir vaxtlar Türkiyədə televiziya kanalı yarananda onların şərhçiləri AzTV-yə gələrək şərhçiliyin yollarını öyrənirdilər. İndi isə təkcə "İdman Azərbaycan" kanalında yox, bütün özəl telekanallarda işlədilən "şans", "adını tabloya yazdırdı", "ehtiyat oyunçular skamyasında yer alıb" kimi qəribə ifadələr həddindən artıq çoxdur. Belə getsə, gərək biz yaxın vaxtlarda hücuma "atak", əks-hücuma "kontr-atak" deyək. "İmkan", "fürsət", "şərait" sözləri dilimizdə olduğu halda niyə "şans" sözünü işlətməliyik?"

"İdman şərhçiliyinin "peşələrin möcüzəsi" və ya "idman jurnalistikasının akademiyası" adlandırıldığını deyən A.Əliyev televiziyanın bir xüsusiyyətini qeyd etməyi unutmur: "Saatlarla birbaşa evlərə daxil olub tamaşaçı ilə ünsiyyətdə olursan. Onlarla qəzet cümlələrilə danışmaq, onları internet saytlarındakı həddən artıq informasiyalarla yükləmək olmaz. Bir sözlə, şərhçi ekranın o biri tərəfində oturub onu dinləyən hər hansı vətəndaşımızla və ya dünya azərbaycanlıları ilə həmsöhbət olmağı bacarmalıdır. Şərhçi çalışmalıdır ki, tamaşaçının görüb duya bilmədiyi nüansları izah etsin. Bəzən şərhçilər nəfəslərini dərmədən danışır, eyni sözləri, eyni ifadələri təkrar-təkrar söyləyirlər. Ona görə reportajlara televizorun səsini alıb baxmaq istəyirsən. Şərhçi haqqında danışdığı predmetə dərindən bələd olmaqla yanaşı, ədəbi dilimizi də mükəmməl bilməli, yüksək nitq mədəniyyətinə malik olmalıdır".

 

 

Müqəddəs yalan

 

50 illik jurnalistlik fəaliyyəti dövründə çoxlu maraqlı hadisələrlə rastlaşan həmkarımız onun birini ayrıca yada saldı: "Heydər Əliyev o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini idi. "Neftçi" Alma-Atada "Kayrat"la oynayacaqdı. Biz də radioreportaj verməli idik. Təsəvvür edin, 15 dəqiqədən sonra ikinci hissə başlayacaq, Azərbaycan üçünsə hələ xətt açılmayıb. Araşdırmalar aparmaq yeri deyildi. Mənim yalanla heç aram yoxdur. Ancaq onda işin xatirinə yalan danışmalı oldum. Dedim, məni Moskva ilə birləşdirin. Dəstəyi götürən rabitə işçisinə başa saldım ki, Heydər Əliyev "Neftçi"nin ən sadiq pərəstişkarlarındandır. Bizim futbol reportajı alınmasa, kim cavab verəcək buna? İnanın, Əliyevin adını eşitcək, necə əl-ayağa düşdülərsə, heç 5 dəqiqə çəkmədi ki, Alma-Ata ilə Bakı arasında rabitə yaradıldı".

 

 "Kimdir qapını döyən?"

 

Aydın Əliyevin bu illər ərzindəki fəaliyyəti təkcə televiziya ilə, idmanla bağlı olmayıb. O, həm də yuxusuz gecələrinin məhsulu olan müxtəlif kitabların, filmlərin müəllifidir:  "Qızlar", "Yelkənlərin nəğməsi" kitabları, "8 nömrəli", "Xəzər qasırğası", "Qızlar hücuma keçir" və "Cəngavər" sənədli filmləri, "Bizim olimpiyaçılar" üç seriyalı televiziya filmini onun yaradıcılığının bəhrəsidir. A.Əliyev "Xarici iqtisadi əlaqələr terminlər lüğəti" kitabının da müəlliflərindən biridir. O, A.Kiknadzenin "Kimdir qapını döyən" və "Yovşan ətri" romanlarını, P.Kubertenin "İdman odası", "Küləklə sovrulanlar", "İkinci ana", "Ölüm üçün ən münasib gün" əsərlərini və onlarla bədii filmi dilimizə tərcümə edib.

Bu gün 75 yaşını qeyd edən Aydın Əliyev həyat yoluna nəzər salaraq bir faktı xüsusi vurğulayır: "İdman jurnalistini populyarlaşdıran idmandırsa, idmançını da tamaşaçılara tanıdan, sevdirən jurnalistdir. Onun üçün ideal şərhçi yoxdur! İdeal şərhçi odur ki, Valid Sənaninin səlis, rəvan nitqini, Aqşin Kazımzadənin artistizmini, Çingiz İsmayılovun idmana yanğısını özündə birləşdirə bilsin".

Bu, onun illər öncə gəldiyi və dəyişməyən qənaətlərindən biridir. Bu qənaəti daha da artıran başqa amillər də var - Aydın müəllim, əvvəllər olduğu kimi, yenə sevdiyi televiziyadadır, "İdman Azərbaycan" kanalının baş redaktorudur, gənc jurnalistlərin hazırlanmasında kanal rəhbərliyinə əlindən gələn köməyi göstərir. Gündəlik verilişlərinin həcmi 18-20 saata çatan "İdman Azərbaycan" kanalında qırx nəfərlik bir kollektivlə bu boyda işin öhdəsindən gəlməyə çalışırlar. Aydın müəllimin xoşladığı işi, heç nəyə dəyişməyəcəyi sənəti, gözəl ailəsi var. Amma üç övladı olsa da, onların arasında Aydın müəllimin jurnalistikadakı yolunu davam etdirən yoxdur. İndi ümidi bircə nəvələrinədir. Nə yaxşı ki, onlar var! Axtarsaq, həyatda ən axıra qalan da elə nəvələr, ümidlər, bir də təbriklərdir -  75 yaşın gətirdiyi xoşbəxtlikdən, azadlıqdan, yorğunluqdan doğan təbriklər. London Yay Olimpiya Oyunlarında idmançılarımızın qələbəsini də Aydın müəllim öz ad gününə bir təbrik kimi də qəbul edir. Biz də A.Əliyevin qapısını döyən o təbriklərə qoşuluruq.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 7.