Azərbaycanın qadın idmançıları güləş üzrə dünya çempionatında iki medal qazanmışlar

 

Azərbaycanın qadın idmançıları sərbəst güləş, yunan-Roma, qadın və çimərlik güləşi üzrə Bakıda yeniyetmələr arasında keçirilən çempionatda iki medal qazanmışlar. AzərTAc xəbər verir ki, Türkan Nəsirova (43 kq) finalda rusiyalı Kseniya Nesqovorovaya uduzaraq gümüş medal qazanmışdır.

Raqnetta Qurbanzadə (65 kq) mübarizəyə dörddəbir finaldan başlamış və avstriyalı Sabrina Sidlə qalib gəlmişdir. Finala doğru gedən yolda Qurbanzadə Alina Xarçenkoya (Ukrayna) qalib gələ bilməmişdir. Bürünc medal uğrunda mübarizədə o, Alissiya Cordan-Helen Le Frensis (ABŞ) üzərində qələbə qazanmışdır. Bu çəki dərəcəsində Yaponiya idmançısı Masako Firuiçi dünya çempionu olmuşdur.

Sahilə Ələkbərova (38 kq) 3-cü yer uğrunda döyüşdə zədə alaraq oyunu başa çatdıra bilməmişdir və qələbə bolqar Mariya Filipova Marinskanın olmuşdur. Bu çəkidə Marina Kioko Doi (ABŞ) qələbə qazanmışdır.

Ayan Məmmədova (49 kq) oyuna dörddəbir finaldan,  qazaxıstanlı Marina Sedneva ilə döyüşlə başlamışdır. Məmmədova Sednevaya qalib gələrək yarımfinala çıxmış, amma təəssüflər olsun ki, Yeva Ulrik Soyerə (Almaniya) uduzmuşdur. Bürünc medal uğrunda mübarizədə Məmmədova Ravita Ravitaya (Hindistan) uduzmuşdur. Bu çəki dərəcəsində Nanami İriye (Yaponiya) dünya çempionu olmuşdur.

Alyona Kolesnik (56 kq) dörddəbir finalda Qazaxıstan nümayəndəsi Svetlana Sergeyevaya qalib gələrək yarımfinala çıxsa da, Kayla Kolen Mirakl (ABŞ) üzərində qələbə çala bilməmişdir. Üçüncü yer uğrunda mübarizədə o, rusiyalı Yekaterina Myaqkova ilə görüşmüş, lakin rəqibinə uduzaraq bürünc qazanmaq imkanını əldən vermişdir. Yaponiya idmançısı Ai Kuradate 56 kq çəki dərəcəsində dünya çempionu olmuşdur.

Sərbəst güləş, yunan-Roma, qadın və çimərlik güləşi üzrə dünya çempionatı avqustun 27-də başa çatacaqdır.

 

 

Azərbaycan.- 2012.- 24 avqust.- S. 8.