Qəbələdə
Azərbaycan-Litva əlaqələrinə həsr olunmuş konfrans keçirilmişdir
Avqustun 26-da Qəbələdə, "Qafqaz Resort" otelində Azərbaycan və Litva gənclərinin iştirakı ilə ikitərəfli əlaqələrin genişləndirilməsinə həsr olunmuş konfrans keçirilmişdir.
İki ölkə gənclərinin yay düşərgəsi çərçivəsində təşkil edilən tədbirdə litvalı qonaqlara Azərbaycan haqqında geniş məlumat verilmişdir. Vergilər, Təhsil, Gənclər və İdman nazirliklərinin nümayəndələri ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət siyasəti, Azərbaycanın təhsil sistemi, Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti barədə danışmışlar.
Hər iki ölkə gənclərinin əlaqələrini daha da genişləndirmək, kreativ düşüncəli gənclər arasında fikir mübadiləsi aparmaq məqsədilə keçirilən konfransda ictimai birliklərin, gənclər təşkilatlarının nümayəndələri də çıxış etmişlər.
"İrəli" İctimai Birliyinin nümayəndəsi Azər Abdullayev, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) rəhbəri Samir Musayev və başqaları gənclər təşkilatlarının fəaliyyətindən danışmışlar.
Litvalı gəncləri təmsil edən Qrete Svegzdaite və Darius Skuseviçius ölkələrində həyata keçirilən gənclər və təhsil siyasətləri ilə bağlı təqdimatlar etmişlər.
Yay düşərgəsinin iştirakçıları bir neçə gün Qəbələdə qalacaq, sonra Nabrana gedəcəklər. Düşərgə çərçivəsində gənclərin iştirakı ilə mədəniyyət gecəsi, müxtəlif intellektual və əyləncəli oyunlar keçiriləcəkdir. Gənclər Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyalar edəcəklər. Onlar həmçinin Qubadakı kütləvi məzarlığı ziyarət edəcəklər.
Xatırladaq ki, yay düşərgəsinin təşkili bu il aprel ayının 2-də Bakıda keçirilən Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı razılaşdırılmışdır. Düşərgənin məqsədi iki ölkə gənclərinin əlaqələrinin dərinləşdirilməsi, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqun inkişafıdır.
AzərTAc
Azərbaycan.- 2012.- 28 avqust.- S. 3.