Türkdilli
dövlətlər arasında əlaqələr bütün
sahələrdə uğurla inkişaf edir
Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən ikinci zirvə görüşü bir daha təsdiqlədi
Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Prezident İlham Əliyev də türkdilli dövlətlərlə əlaqələrin daha da dərinləşdirilməsinə böyük önəm verir. Son 8 ildə ümumtürk birliyinin möhkəmləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirən ölkə başçısı Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir.
2009-cu ilin oktyabrında Naxçıvanda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) yaradılmışdır. 2010-cı ildə İstanbulda və 2011-ci ildə Almatıda keçirilən görüşlər türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqlədi. TDƏŞ-nin birinci zirvə toplantısı türkdilli ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından yadda qalmışdır.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdrmaq baxımından mühüm əhəmiyyət kəsb edir. TDƏŞ geniş coğrafi arealı əhatə edən türk dünyasının problemlərinin həllinə, ölkələrimiz və xalqlarımızın bir-birinə daha sıx bağlanmasına imkan yaradacaqdır. Dövlət başçılarının görüşünün yekunu olaraq TDƏŞ-nin birinci zirvə toplantısının 49 bənddən ibarət yekun sənədi - Almatı Bəyannaməsi imzalandı. Sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
TDƏŞ-nin üzvü olan ölkələr arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Cari ildə Azərbaycanın bu ölkələrlə mal dövriyyəsinin 55,5 faiz artması bunu bir daha sübut edir.
Bu günlərdə isə Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ikinci zirvə görüşü keçirilib. Görüşdə şuraya daxil olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət və hökumət başçıları iştirak ediblər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında Qırğızıstan Prezidenti Almazbek Atambayev quruma üzv olan dövlətlər arasında əlaqələrin dərinləşməsi istiqamətində görülən işlərdən danışıb. Türkiyə Prezidenti Abdullah Gül və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə TDƏŞ çərçivəsində iqtisadi sahədə əlaqələrin daha da dərinləşməsinin vacibliyinə diqqət yetirmiş, mədəni sahədə əməkdaşlığın genişləndirilməsi məsələsinə toxunublar.
Zirvə görüşündə iştirak edən Azərbaycanın Baş naziri Artur Rasizadə bildirib ki, son illər Azərbaycanda iqtisadi, sosial və digər infrastruktur layihələri həyata keçirilir. Transanadolu qaz kəmərinin tikintisi haqqında Sazişin imzalanması, Bakıda yeni Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma zavodunun inşası və icrasına başlanan digər vacib layihələr regionun iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına imkan verəcək. Baş nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə Yeni İpək Yolunun əsası qoyulub. Bu, Azərbaycanı Türkiyə və Avropa ilə, Avropanı Azərbaycan və Orata Asiya ölkələri ilə birləşdirəcək polad magistral olacaqdır. Bu nəqliyyat dəhlizinin ölkələrimiz üçün çox böyük strateji əhəmiyyəti var.
Baş nazir zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Bildirib ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan bu sənədlər hələ də yerinə yetirilməyib. Bişkekdə Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi haqqında da danışılmışdır.
Artur Rasizadə Qırğızıstanın baş naziri Omurbek Babanov ilə də görüşüb. Görüşdə son vaxtlar Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafının yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bu işdə qarşılıqlı rəsmi səfərlərin mühüm rol oynadığı diqqətə çatdırılıb. İkitərəfli görüşdə Qırğızıstan-Azərbaycan-Qazaxıstan birgə neft kəmərinin və Qırğızıstan ərazisində neft emalı zavodunun tikintisi, Qırğızıstan-Azərbaycan İnvestisiya Fondunun yaradılması məsələləri də müzakirə edilib. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan İnvestisiya Forumunun keçirilməsi haqqında da razılıq əldə olunub.
Zirvə görüşündə türkdilli dövlətlərin bir sıra sahələrdə, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vuruğulanıb. Bundan başqa, tranzit dəmiryolunun inşası ilə əlaqədar məsələlər müzakirə edilib. Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmiryolu layihəsi üçün razılıq əldə edilib. Bu məqsədlə protokolun hazırlanması və həyata keçirilməsi üçün nəqliyyat nazirlərinin görüşlərinin təşkili qərara alınıb.
Bişkekdə keçirilən zirvə görüşündə TDƏŞ üzv dövlətlərin hökumətləri arasında dörd sənəd - Türk Mədəniyyəti və İrs Fondunun Nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları və Türk Akademiyasının təsis edilməsi haqqında sazişlər imzalanıb və Türk Şurasının ikinci zirvə toplantısının Bəyannaməsi qəbul olunub. TDƏŞ-nin üçüncü zirvə toplantısının 2013-cü ildə Bakıda keçirilməsi qərara alınıb.
Dövlət və hökumət başçılarının imzaladıqları sənədlər möhkəm təməl üzərində qurulmuş münasibətlərin hazırkı və perspektiv inkişaf prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bişkek zirvə toplantısı ümumi tarixi, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında böyük perspektivlər açacaqdır.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 28 avqust.- S. 4.