Azərbaycan təkcə
Cənubi Qafqazda deyil,
dünyada iqtisadi
möcüzələr ölkəsi kimi
tanınır
Bu, dünyanın nüfuzlu
nəşrlərinin də diqqətindən yayınmır
Bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Həyata keçirilən məqsədyönlü strategiya ölkə iqtisadiyyatının davamlı artımını təmin etməklə yanaşı, Azərbaycan xalqının maddi rifahının durmadan yaxşılaşmasını da şərtləndirib. Azərbaycan iqtisadiyyatı bu ilin 7 ayı ərzində 1,6 faiz artıb. Eyni zamanda, Azərbaycana yatırılan sərmayə 120 milyard dolları ötüb. Son 8 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə, qeyri-neft sektoru 4,3 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, strateji valyuta ehtiyatları 25 dəfə, rabitə sahəsi 6,4 dəfə artıb. Yüksəliş həmçinin digər sahələrdə, o cümlədən kənd təsərrüfatı və nəqliyyat sektorlarında müşahidə olunub.
Ötən dövr ərzində nail olunmuş sosial-iqtisadi göstəricilər ölkəmizin dünya iqtisadiyyatında baş verən qlobal böhran meyillərindən kənarda qalmasını şərtləndirməklə yanaşı, qarşıdakı illər üzrə uzunmüddətli inkişafın təmin edilməsini özündə ehtiva edir. Avrozona ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı əlverişsiz xarici iqtisadi mühit şəraitində inkişaf etməkdədir.
Artıq ölkəmizin qeyri-neft sektoru, eləcə də ümumi iqtisadiyyatının sürətli inkişafı, bu istiqamətdə hökumətin atdığı uğurlu addımlar, həyata keçirilən böyük layihələr beynəlxalq aləmin də diqqətindən yayınmır. Bir çox Avropa və dünya ölkələrinin aparıcı nəşrləri Azərbaycan iqtisadiyyatının inkişafı, qeri-neft sektoruna ayrılan diqqət və s. məsələlərlə bağlı geniş araşdırma məqalələr dərc edirlər. Eyni zamanda, beynəlxalq maliyyə qurumları hazırladıqları hesabatlarda Azərbaycan iqtisadiyyatının uğurlarından bəhs edirlər.
Bir müddət öncə "Moody's" beynəlxalq reytinq agentliyi məlumat yayaraq Azərbaycan iqtisadiyyatının ortamüddətli artım üçün güclü potensiala malik olduğunu qeyd etmişdir. Agentlik ölkədə yüksək maliyyə davamlılığının olduğunu və ortamüddətli perspektivdə ÜDM-də (Ümumi Daxili Məhsul) dövlət borcunun nisbətinin aşağı səviyyəsinin saxlanacağını proqnozlaşdırır: "Əsasən regionda geosiyasi gərginliyə görə siyasi risklərin doğurduğu risklərə Azərbaycanın həssaslığı mülayim hesab edilir. İqtisadi və maliyyə riskləri digər tərəfdən çox aşağı səviyyədə qiymətləndirilir. Hökumətin istiqraz vərəqələrinin reytinqləri üzrə proqnozu müsbətdir ki, bu da artıq Azərbaycanın güclü maliyyə durumunun gələcəkdə yaxşılaşacağına, həmçinin ölkənin institusional potensialının inkişafına dair gözləntilərimizi əks etdirir".
Bu günlərdə Argentinanın nüfuzlu "El Dia" qəzetində "Bakı, Xəzər dənizinin incisi" adlı ikisəhifəlik məqalə dərc olunmuşdur. Məqalədə Azərbaycanın paytaxtı Bakı şəhərinin turizm potensialı, tarixi abidələri və görməli yerləri, eləcə də şəhərin sosial-mədəni həyatından ətraflı bəhs olunmuşdur. Bakının inkişaf dinamikasından yazan müəllif Nobel qardaşlarının vaxtilə buradakı fəaliyyətindən söz açmış və şəhərin tarixinə, formalaşma mərhələlərinə ekskursiya etmişdir. Qeyd olunmuşdur ki, şəhərdə yenidənqurma işləri aparılsa da, Bakının məşhur yerlərinin orijinallığı qorunub saxlanılmışdır.
Almaniyada nəşr olunan nüfuzlu "Spiegel" jurnalının 2012-ci il avqust nömrəsində isə ölkəmizin sosial-iqtisadi inkişafı, Azərbaycan-Almaniya əlaqələri, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti haqqında "İqtisadi möcüzələr ölkəsi Azərbaycan: Xəzər dənizinin sahilində müasirləşmənin güclü təmsilçisi" sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə bildirilir ki, Azərbaycan qarşısına özünü geniş şəkildə inkişaf etdirməklə neftdən asılı olmayan sektorların qurulması məqsədini qoyub. Azərbaycan haqlı olaraq qısa müddət ərzində qənaətbəxş iqtisadi şaxələndirməyə - nəinki informasiya texnologiyalarında, eləcə də kənd təsərrüfatı sahəsində güclü artıma (2012-ci ilin birinci yarısında 10,4 faiz) nail olması ilə fəxr edir.
Digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycan öz inkişafını daha rahat şəkildə həyata keçirmişdir. Ötən səkkiz il ərzində 9,3 milyon əhalisi olan Azərbaycanda bir milyondan artıq yeni iş yeri açılmışdır. Avropada avro ilə bağlı həyəcanın artdığı bir zamanda Qafqaz ölkəsi öz sabitliyi ilə fəxr edir: insanların gəlirləri ölkədə inflyasiyanın səviyyəsini iki dəfə üstələyir.
İyul ayının əvvəlində Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanda gedən sürətli inkişafın onda xoş təəssürat oyatdığını bildirmişdir. Daha sonra o qeyd etmişdir ki, rəsmi Bakı və Brüssel arasındakı "Şərq tərəfdaşlığı" proqramında artıq müəyyən müvəffəqiyyət əldə edilmişdir.
Məqalədə o da qeyd edilmişdir ki, Xəzər dənizinin sahilindəki islahatçılar keçən 20 il ərzində iqtisadiyyatı liberallaşdırmış, özəl biznes strukturlarının yaradılması və fəaliyyət göstərməsi üçün əlverişli şərait yaratmış və ölkədə investisiya mühitini yaxşılaşdırmışlar. Nəticədə ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faiz həddini aşmışdır. Hazırda Cənubi Qafqazın bütövlükdə iqtisadiyyatının dörddə-üçü Azərbaycanın payına düşür. Bu gün Azərbaycan artıq təkcə özünün zəngin neft və qaz ehtiyatlarına güvənmir, qeyri-neft sektorunun inkişafına əsaslanan ölkənin gələcək inkişaf modelinin gerçəkləşməsi istiqamətində inamla addımlayır. Azərbaycan elm və texnologiya, təhsil və səhiyyə sektorlarını inkişaf etdirərək cəmiyyəti yeni məqsədlərə doğru yönəldib müasirləşir. "Ulduz"lara çatmaq arzusu artıq uzaqda deyildir. Azərbaycan yaxın zamanlarda özünün ilk peykini kosmosa göndərəcəkdir.
Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatların və digər iqtisadi qurumların hesabatlarında öz əksini tapır. Demək olar ki, ölkəmizin bu uğurları gələn il üçün də müsbət iqtisadi proqnozlar verməyə əsas verir.
Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev vurğulamışdır ki, hədəf ölkənin iqtisadiyyatının digər sahələrinin, qeyri-neft sektorunun inkişafına nail olmaqdır və Azərbaycan artıq buna nail olur: "Bu gün ölkənin enerji resursları Azərbaycan xalqına xidmət edir. 1994-cu ildə "Əsrin müqaviləsi" imzalanandan bu günədək bir sıra çətinliklərlə üzləşmişik. Uzaqgörən siyasətimiz nəticəsində bütün çətinliklərin öhdəsindən gəlmişik və uğurlara imza atmışıq. Bunun nəticəsidir ki, bu müddətdə neft-qaz sahəsinə 50 milyard dollar həcmində sərmayə qoyulub. Ümumilikdə isə Azərbaycan iqtisadiyyatına 120 milyard dollar həcmində investisiya yatırılıb. Uğurlu neft strategiyası nəticəsində ölkəmizin qarşıda duran problemlərini həll etmişik".
Beləliklə, Azərbaycan cəmiyyətin siyasi və iqtisadi sisteminin qarşılıqlı əlaqələr və qarşılıqlı asılılığından səmərəli şəkildə istifadə etmək sayəsində regional lider səviyyəsinə qalxıb. Və hazırda təbii yox, insan kapitalı Azərbaycanın iqtisadi və sosial inkişafını müəyyən edən amilə çevrilib. Son 8 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artıb. Dövlət başçısı tərəfindən elə bir inkişaf strategiyası müəyyən edilib ki, onun nəticəsində növbəti 10 il ərzində 2023-cü ilədək ölkəmiz iqtisadiyyatın növbəti - ikiqat artımının şahidi olacaq. Azərbaycan bu strategiyanın reallaşdırılması nəticəsində dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2012.- 28 avqust.- S. 4.