bp-Azərbaycan
şirkətinin prezidenti XIV London Yay Paralimpiya
Oyunlarında iştirak edən Azərbaycan
idmançıları ilə görüşmüşdür
Avqustun 27-də bp-Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir XIV London Yay Paralimpiya Oyunlarının iştirakçılarının məskunlaşdığı şəhərcikdə Azərbaycan idmançıları ilə görüşmüşdür.
Görüşü həyatında ən gözəl anlardan biri olduğunu bildirən şirkət rəhbəri idmançıların məişət şəraiti ilə maraqlanmış və onlarla birgə nahar etmişdir. R.Cavanşir idmançılara çətin yarışlarda yüksək nəticələr qazanmalarını arzulamışdır.
Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə idmançılar adından ikiqat Paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev, məşqçilər adından isə əməkdar məşqçi Əhməddin Rəcəbli çıxış etmişlər.
İdmançılara bir daha uğurlar arzulayan R.Cavanşir oyunların açılış mərasimində və avqustun 30-31-də keçirilən idman yarışlarında komandamızı dəstəkləyəcəyini bildirmişdir.
Görüşdə Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Afiq Süleymanov iştirak etmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 28 avqust.- S. 4.