Azərbaycanda zəngin alternativ və
bərpa olunan enerji mənbələri mövcuddur
Azərbaycan 2020: təklif edirəm
Bu mənbələrdən maksimum
istifadə etmək dövrün tələbidir
Son illər
enerji təhlükəsizliyinin yüksəlməsinə
yönəldilən bir sıra tədbirlərin həyata keçirilməsi
nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunda
elektrik enerjisi ixrac edən ölkəyə
çevrilmişdir. Hazırda ölkəmizin enerji
gücü 6500 MVt-dır və gələn ilin sonunadək bu gücün daha
1300 MVt artırılması nəzərdə tutulur. Eyni
zamanda alternativ enerji mənbələrindən maksimum istifadə
edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi
üçün konkret addımlar atılır.
Bu məqsədlə
qəbul edilmiş "Azərbaycan Respublikasında alternativ və
bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı"nda ölkədə
külək, günəş, hidro, biokütlə və
geotermal enerji mənbələrindən geniş və səmərəli
istifadə olunması üçün müvafiq dövlət
qurumları qarşısında yerinə yetirilməsi vacib
olan konkret məsələlər qoyulmuşdur. Dövlət
proqramına müvafiq olaraq respublikada külək və
günəş enerjisinin paylanması üzrə xəritələr,
cədvəllər hazırlanmış, kiçik
çayların, kanal və digər su axarların enerji
potensialının öyrənilməsi həyata
keçirilmişdir.
Aparılmış
çoxillik müşahidələr və tədqiqatlar nəticəsində
müəyyən olunmuşdur ki, küləyin illik orta
sürəti Azərbaycanın Xəzəryanı ərazisində
40-50 metr hündürlükdə saniyədə 7 metrdən az
deyil. Abşeron yarımadasında isə 12-14 metr
hündürlükdə bu göstərici saniyədə
5,6-7,1 metr intervalında dəyişir. Külək enerjisini
elektrik enerjisinə çevirmək üçün külək
energetik qurğularından (KEQ) istifadə olunur. Bu qurğular
müxtəlif - kiçik (0,1 - 30 kVt (kiloVatt)), orta və
böyük gücə (0,33-5 MVt) malikdir. Təyinatına
görə onlar müvafiq olaraq fərdi və şəbəkə
qurğularına bölünürlər. Kiçik gücə
malik olan KEQ-lər əsasən fərdi elektrik tələbatçılarını
(fərdi və bağ evlərini, kiçik fermer təsərrüfatlarını,
müxtəlif məişət xidməti obyektlərini və
s.) elektrik enerjisi ilə təchiz etmək üçün
istifadə olunur. Orta və böyük gücə malik olan
KEQ-lər isə yüksək gərginlikli elektrik sisteminə
qoşularaq, onun dayanıqlı və fasiləsiz işləməsinə
şərait yaradır.
2009-cu ildə
özəl şirkət tərəfindən Xızı
rayonunun Şuraabad kəndi yaxınlığında külək
enerjisindən elektrik enerjisi istehsal edən pilot layihəsi həyata
keçirilmiş və həmin ərazidə Danimarka
istehsalı olan 0,85 MVt gücə malik olan 2 KEQ
quraşdırılmışdır. Qurğular vasitəsilə
bir il ərzində 7 milyon kVt-saat elektrik enerjisi istehsal olunaraq
yüksək gərginlikli elektrik sisteminə
ötürülmüşdür. Bu qədər elektrik
enerjisi Xızı rayonunun tələbatını 50 faiz
ödəməklə bərabər, tələbatçıları
"yaşıl enerji" ilə təmin etmişdir. Yeri gəlmişkən,
bu qədər elektrik enerjisinin istilik elektrik stansiyasında
istehsalına 2 milyon kubmetr təbii qaz tələb olunur.
Şirkət tərəfindən həyata keçiriləcək
yeni layihəyə görə, hazırda hər birinin
gücü 3 MVt olan 16 KEQ-dən ibarət külək
parkının yaradılması üçün işlər
yerinə yetirilir. Bundan əlavə, Qobustan Eksperimental Poliqonu
və Tədris Mərkəzinin ərazisində hər birinin
gücü 0,9 MVt olan 3 KEQ
quraşdırılmışdır. Onu da qeyd edək ki,
Avropa İttifaqı dövlətlərinin rəsmi məlumatına
görə, təkcə külək enerjisindən istifadə
olunması atmosferə atılan karbon qazının
miqdarını 2020-ci ildə 236 milyon ton azaltmağa imkan verəcək.
Azərbaycanın
iqlim şəraiti günəş enerjisindən istifadə
etməklə elektrik və istilik enerjisinin istehsalını
artırmağa geniş imkanlar açır. Ölkəmizdə günəşli saatların
miqdarı il ərzində 2400-3200 saat və il ərzində 1
kvadratmetr yer səthinə düşən günəş
enerjisinin miqdarı 1500-2000
kVt-saatdır. Bu yaxınlarda AzGüntex zavodunda günəş modulları istehsal
olunmağa başlanmışdır. Yaxın gələcəkdə
LED lampaları xətləri də fəaliyyət göstərəcək.
Müəssisədə hər birinin gücü 42 Vt-dan 250
Vt-a qədər olan və 60 fotoelementlə təchiz edilən panellər beynəlxalq standartlar səviyyəsində
hazırlanır və sabit elektrik enerjisi verir. Bərpa olunan
enerjinin tətbiqi zamanı istifadə olunan əsas
çeviricilərdən biri də
LED lampalarıdır. Yeni nəsil
işıqlandırma sistemi olan və geniş yayılan bu LED
lampalar enerjiyə qənaəti və uzun müddət ərzində
istismar olunması ilə fərqlənir. Müəssisə
tam işə salındıqdan sonra il ərzində 240 min
günəş paneli və 12 milyon LED lampası istehsal
olunacaq.
2010-cu ildən
Sumqayıt Texnologiyalar Parkında Günəş
Kollektorları və Qazanları Zavodu fəaliyyət göstərir.
Yüksək keyfiyyətə malik olan bu kollektorların iş
prinsipi suyun qızdırılmasından ibarətdir.
İstehsal edilən kollektorlar 1 saat ərzində 100 litr suyu
hava şəraitindən asılı olaraq 40-80oC və daha
artıq qızdırma gücünə malikdir. Zavodda təbii dövretmə prinsipi ilə
işləyən qapalı isti su kollektorlarından və xrom
çənlərdən ibarət su sistemləri və təzyiq
altında işləyən boyler sistemləri də istehsal
edilir. Həmçinin Qobustan Eksperimental Poliqonu ərazisində
1,8 MVt gücündə günəş elektrik stansiyası fəaliyyət
göstərir.
Bunlardan əlavə,
"Azərbaycan Respublikası regionlarının 2009
-2013-cü illərdə sosial-iqtisadi inkişafı"
Dövlət Proqramına müvafiq olaraq respublikanın
iqtisadi rayonlarında ümumi gücü 140 MVt olan kiçik
su elektrik stansiyalarının tikintisi, Naxçıvan iqtisadi
rayonunda isə eyni zamanda KEQ-lərin və günəş
elektik stansiyalarının tikintisi nəzərdə tutulur.
Biokütlə enerjisinə gəldikdə isə qeyd edək
ki, Qobustan Eksperimental Poliqonu ərazisində 1 MVt gücündə
bioenerji qurğusu quraşdırılmışdır. Azərbaycanın
ərazisi termal sularla da zəngindir və bu sulardan istilik
enerjisi almaq məqsədilə istifadə oluna bilər.
Dövlət
başçısının 29 dekabr 2011-ci il tarixli sərəncamı
ilə Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinə 2012-2020-ci illər
üçün Azərbaycanda alternativ və bərpa olunan
enerji mənbələrindən istifadəyə dair dövlət
strategiyasının 6 ay müddətinə hazırlanması
ilə əlaqədar tədbirlərin həyata keçirilməsi
tapşırılmışdır. Sərəncama görə
dövlət strategiyasında həmin enerji mənbələrinin
hesabına istilik və elektrik enejisi istehsalının əsas
istiqamətləri müəyyən edilməli,
normativ-hüquqi baza yaradılmalı,
stimullaşdırıcı tədbirlər görülməli
və iqtisadiyyatın bütün sahələrində həmin
mənbələrdən istifadə olunması təmin edilməlidir.
Azərbaycanda
elektrik enerjisi tələbatçılarının
üçdə ikisi fərdi tələbatçılar
olduğu üçün kiçik gücə malik KEQ-lərin
istehsalına başlanması ümumi işin xeyrinə
olardı. Fərdi elektrik tələbatçıları
arasında KEQ-lərin tətbiqini genişləndirmək məqsədilə
Xəzər sahili ərazidə və Abşeron
yarımadasında küləyin energetik parametrlərini 12-15
metr hündürlükdə ölçməyə imkan verən
əlavə metroloji stansiyalar quraşdırmaqla ərazinin
elektron külək atlası hazırlanıb alınan məlumatların
ictimaiyyətin istifadə etməsi üçün şərait
yaradılması da həmçinin. Dağ rayonlarında fərdi
tələbatçılar üçün kiçik dağ
çaylarının enerjisindən istifadə etməklə
kiçik gücə malik (30 kVt-a qədər) qurğuların,
maldarlığın, quşçuluğun inkişaf etdiyi
iqtisadi regionlarda isə sutkada məhsuldarlığı 5-15
kubmetr olan kiçik bioqaz qurğularının istehsalı
çox fayda verir. Belə qurğuların istismarı
zamanı alınan maye gübrələr əkinçilikdə
məhsuldarlığı 15-20 faiz artırmağa şərait
yaradır. Xəzər dənizi akvatoriyasında isə
küləyin potensialından səmərəli istifadə etmək
məqsədilə dəniz külək parkının
yaradılması məqsədəuyğun olardı.
Ölkədə
alternativ və bərpa olunan enerji mənbələrindən
istifadə edilməsi sahəsində dövlət tənzimlənməsini,
fəaliyyətin səmərəli təşkilini və
dövlət nəzarətini həyata keçirən dövlət
agentliyinin yaradılmasından 3 il keçməsinə
baxmayaraq, alternativ və bərpa olunan enerji mənbələrindən
istifadəni tənzimləyən qanunvericilik aktları qəbul
edilməmişdir. Buna görə də "Alternativ və bərpa
olunan enerji mənbələri" haqqında qanunun qəbul
edilməsi üçün tədbirlərin həyata
keçirilməsi sürətləndirilməli və milli
standartlar qəbul olunmalıdır. Təbii ki, bu aktlar beynəlxalq
tələblərə müvafiq hazırlanmalı və qanunvericilik
aktlarında mənbələrin təsnifatı,
onların yerləşdiyi ərazilərdə
ətraf mühitin qorunması tələbləri göstərilməli,
mənbələrdən istifadə olunması zamanı
hüquqi-iqtisadi tənzimləmələr, şəbəkə
və fərdi tələbatçılarının hüquq
və vəzifələri öz əksini tapmalıdır.
Kiçik
gücə malik KEQ-lərin, bioqaz qurğularının,
günəş kollektorlarının fərdi
istehlakçılar arasında yayılmamasının əsas
səbəblərindən biri də geniş əhali kütləsinin
bu qurğular haqqında məlumatlarının kifayət qədər
olmamasıdır. Fərdi istehlakçıların bərpa olunan enerji mənbələri,
onlardan istifadə edilməsi, texniki imkanları və s.
haqqında maarifləndirilməsi məqsədilə kütləvi
informasiya vasitələrinin imkanlarından, internet şəbəkəsindən
geniş istifadə olunmalıdır. Belə ki, telekanallarda,
radio yayımlarında, qəzetlərdə aparıcı alimlər
və mütəxəssislərin
çıxışları hazırlanmalı, xüsusi
internet şəbəkəsi yaradılmalı (şəbəkə
vasitəsi ilə on-layn rejimində istifadəçilərin
sualları mütəxəssislər tərəfindən
cavablandırılmalı, qurğuların seçilməsi, yerləşdirilməsi
və quraşdırılması ilə əlaqədar video
görüntülər verilməli) və bu qəbildən
olan digər vacib tədbirlər görülməlidir.
Bu sahə
üzrə elmi-tədqiqat işləri də sürətləndirilməlidir.
Qeyd edək ki, KEQ-lər ilə
məşğul olan kiçik qrup AMEA-nın Radiasiya Problemləri
İnstitutunun bərpa edilən enerji növlərinin
çevrilməsi laboratoriyasının tərkibində fəaliyyət
göstərir. Lakin bu qrupun imkanları məhduddur. Onların
malik olduğu cihazlar və qurğular elmi-tədqiqat işlərini
müasir tələblər səviyyəsində aparmağa
imkan vermir. Bununla belə, AMEA-nın Fizika İnstitutunda
yarımkeçiricilərin bazasında günəş
enerjisini elektrik enerjisinə çevirmək üçün
müxtəlif tədqiqatlar aparılmış və günəş
panellərinin sınaq nümunələri
hazırlanmışdır.
Enerjiyə
olan tələbatın artdığı və karbohidrogen
ehtiyatlarının məhdud olduğu bir şəraitdə
özünün sınaq və istehsal bazası olan
"Alternativ və bərpa olunan enerji mənbələri"
elmi-texniki mərkəzin yaradılmasına ehtiyac duyulur. Mərkəzdə
nəinki külək, günəş, hidro, biokütlə və
geotermal enerji mənbələrinin elmi-texniki problemlərinin həlli
istiqamətində, eləcə də XXI əsrin enerji mənbəyi
sayılan hidrogen enerjisindən istifadə olunması sahəsində
elmi-tədqiqat işləri də aparılmalıdır. Belə
ki, suyun müxtəlif üsullarla parçalanması nəticəsində
alınan hidrogenin yanması zamanı enerji yaranır və
tullantı kimi yenidən su yaranır. Qeyd etmək
lazımdır ki, hazırda
dünya miqyasında "hidrogen iqtisadiyyatı"
adında məfhum formalaşır və ABŞ, Yaponiya, Avropa
İttifaqı, Rusiya və digər dövlətlər hidrogen
enerji mənbəyindən istifadə olunması sahəsində
geniş elmi-tədqiqat işləri aparırlar. Yaxın illərdə
dünya ictimaiyyəti bu tədqiqatların nəticələrindən
bəhrələnəcək. Yeri gəlmişkən bildirək
ki, keçmiş sovet dövründə respublikamızın
alimləri və mütəxəssisləri tərəfindən
bu sahədə elmi-tədqiqat işləri
aparılmışdır və həmin kadr
potensialının imkanlarından istifadə etməklə tədqiqatların
bərpa olunmasına şərait yaradıla bilər.
Azərbaycan
Prezidentinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə Alternativ və
Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyi ləğv edilmiş və onun əsasında bərpa
olunan enerji mənbələrindən istifadə edilməsi sahəsində
dövlət xidmətləri göstərən, habelə bərpa
olunan enerji resursları mənbələrinin müəyyən
olunmasını təşkil edən və bu sahənin
inkişafı ilə bağlı digər işləri yerinə
yetirən Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Şirkəti
yaradılmışdır. Göründüyü kimi, bu sahə
üzrə dövlət strategiyasının
hazırlanması və onun bilavasitə həyata keçirilməsi
ilə bu şirkət məşğul olacaq. Strategiyanın həyata
keçirilməsi nəticəsində 2020-ci ildə Azərbaycanda
elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin
miqdarı azı 12 faizə çatdırılmalıdır.
Bu vəzifənin həyata keçirilməsi
üçün isə ölkəmizdə kifayət qədər
enerji, insan və maliyyə resursları mövcuddur.
Şamil
MÖVSÜMOV,
ekologiya və energetika
üzrə müstəqil ekspert
Azərbaycan.- 2012.- 28 avqust.- S. 5.