Əmanətlərin sığortalanması vacibdir

 

 Bakıda Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun təşkilatçılığı ilə Əmanət Sığortaçıları Beynəlxalq Assosiasiyasının Avrasiya Regional Komitəsinin 5-ci illik konfrans və seminarı davam edir.

Seminarın əsas mövzusu Avrasiya Regional Komitəsinə üzv olan ölkələrdə (Rusiya, Qazaxıstan, Ukrayna və Azərbaycan) əmanətlərin sığortalanması sistemlərinin fəaliyyətinin qiymətləndirilməsidir. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd əmanətlərin sığortalanması sahəsində milli qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün digər ölkələrin təcrübəsinin öyrənilməsidir. Bu məqsədlə müxtəlif ölkələrin nümayəndələri öz qanunvericilikləri haqqında təqdimatlarla çıxış edəcəklər. Hansı istiqamətlərdə dəyişikliklər ediləcəyi haqqında qərar qəbul olunacaq.

ABŞ-ın Federal Depozit Sığorta Korporasiyasının (FDSK) xarici əlaqələr ofisinin nümayəndəsi Vijay Deşfande öz təqdimatında bildirib ki, FDSK tərəfindən əmanətlərin sığortalanması üzrə qanunvericilik sahəsində Albaniya, Nigeriya, MalayziyaKolumbiyada seminarlar keçirilib. Seminarlarda əmanətlərin sığortalanması sahəsində qanunvericilikdə çatışmazlıqlar, mövcud problemlər müzakirə edilib.

V.Deşfande qeyd edib ki, 2010-cu ildə dünya maliyyə böhranı ilə bağlı bir sıra hadisələr baş verib: "Maliyyə böhranı zamanı bir neçə bankda əmanətlər qaytarılmayıb və əmanətçilər bununla bağlı ciddi problemlərlə üzləşib. Buna görə də əmanətlərin sığortalanması çox vacib şərtdir. Bununla bağlı müxtəlif yollarla əhalinin maarifləndirilməsi zəruridir".

 

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 5.