Mexikonun ən qədim kilsələrindən birində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

 

Meksikanın paytaxtı Mexikodakı Tlakskoake-Xocalı meydanının ərazisində fəaliyyət göstərən XVI əsrə aid tarixi Tlakskoake katolik kilsəsində avqustun 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.

Azərbaycanın Meksikadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Tlakskoake-Xocalı meydanının və burada Xocalı soyqırımına həsr edilmiş abidənin açılışından sonra avqustun 26-da kilsədə ilk dəfə bazar günü ibadəti keçirilmişdir. Katolik kilsəsinin təşəbbüsü ilə ilk dini ayin rəsmi olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmişdir.

Dini ayin zamanı kilsənin rəhbəri Eduardo Lozano əvvəlcə Xocalı soyqırımı barədə ətraflı məlumat vermişdir. Azərbaycanda  bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşıldığını vurğulayan E.Lozano 20 il əvvəl Azərbaycana qarşı hərbi təcavüzün baş verdiyini, bunun nəticəsində günahsız mülki insanların kütləvi şəkildə qırılması ilə soyqırımının törədildiyini demişdir. Dinindən və etiqadından asılı olmayaraq, bütün dünyada yaşayan insanların qardaş olduğunu qeyd edən kilsənin rəhbəri Xocalıda törədilmiş soyqırımının və bu kimi bütün cinayətlərin yolverilməz olduğunu vurğulamışdır. E.Lozano demişdir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə əslində ədalət və sülhün rəmzidir. Bu faciə qurbanlarının xatirəsi hər zaman Mexiko şəhərinin sakinləri tərəfindən ehtiramla anılacaqdır.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə və dünyada sülh naminə dualar oxunmuşdur.

Xatırladaq ki, avqustun 22-də Mexikonun Tarixi Mərkəz rayonu ərazisində Tlakskoake-Xocalı meydanının və burada Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 5.