Nikbin nəğmələrində siyasi motivlər tapdılar

 

Azərbaycanın ilk peşəkar qadın pianoçusu repressiya qurbanı oldu

 

Xədicə Qayıbova Azərbaycanın ilk peşəkar qadın pianoçusu idi. Muğamlarımızı yüksək sənətkarlıqla ilk dəfə fortepianoda ifa etmiş, xalq mahnıları əsasında improvizasiyalar yaratmışdı. O, ötən əsrin 20-ci illərinin əvvəllərindən açıq konsertlər verir, müəllimlik edir, musiqi sahəsində böyük təşkilatçılıq işləri aparırdı. Lakin keçən əsrin 30-cu illərində Stalin rejiminə qulluq edən məmurlar, əslində isə həmin rejimin nökərləri bu xanıma elə bir damğa vurdular ki, yeni nəsillər onu pianoçudan daha çox repressiya qurbanı kimi xatırlayası oldu.

O dövrdə hakimiyyət kürsülərində özlərinə yer tutmuş tarixi düşmənlərimizin - ermənilərin nümayəndələrinin əlinə fürsət düşmüşdü. Onlar qəddar siyasi rejimin ab-havasından bəhrələnərək azərbaycanlıları addımbaşı zərbələrlə qarşılayırdılar.

1938-ci il martın 16-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizlik İdarəsinin 3-cü şöbə rəisinin müavini, leytenant Tevosyan belə bir arayış hazırlayır: "Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman, 1893-cü ildə anadan olan, Azərbaycan Dövlət Konservatoriyasının keçmiş müəlliməsi Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə idi, həmin qərargahların zabitlərini evinə qonaq çağırırdı.

Azərbaycanın sovetləşməsindən sonra Qayıbova öz evində Müsavat firqəsinin liderlərindən olan Mustafa Vəkilovu gizlətmişdi. Vəkilovu həbs etməyə gələndə Qayıbova ona qaçmaq üçün imkan yaratmışdı. Vəkilov xaricə qaçıb və indi Türkiyədədir.

1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti azərbaycanlı Sultan Hüseynzadə gizlənirdi. Qayıbovanın evindən o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edir.

Əksinqilabi millətçi təşkilatının rəhbərlərindən biri - Ə.Fərəczadənin 1937-ci il iyulun 17-də verdiyi ifadədən görünür ki, Türkiyə kəşfiyyatının agenti Dadaş Bünyadzadə həmin kəşfiyyatla əlaqəsini Qayıbova Xədicə xanımın vasitəsilə saxlayırdı.

Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov Azərbaycan SSR XDİK tərəfindən əksinqilabi millətçi təşkilatının üzvü kimi həbs edilmişdir.

1933-cü ildə X.Qayıbova casusluqda təqsirləndirilərək Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən həbsə alınmışdı, amma ittiham sübut olunmadığı üçün azad edilmişdi.

Yuxarıdakılara əsasən X.Qayıbova həbs olunub Azərbaycan SSR CM-nin 68-ci maddəsinə görə istintaqa cəlb edilməlidir".

Halbuki hər şey tamamilə başqa cür idi. 30-cu illərdə istedadlı pianoçu Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Elmi-Tədqiqat Musiqi Kabinetində peşəkar fəaliyyət göstərirdi. O, xalq mahnılarının, muğam və dastanların toplanması ilə məşğul olurdu.

Xədicə Qayıbova çox nikbin, insanlarla ünsiyyət qurmağı bacaran, xeyirxah təşəbbüslərlə çıxış edən bir xanım idi. Xarakterindəki bu keyfiyyətlər ona böyük hörmət gətirirdi. O, tez-tez öz evində musiqi məclisləri təşkil edirdi. Belə ki, bura əsl musiqi ocağına, Xədicə xanım isə musiqi salonunun sahibinə çevrilmişdi.

Erməni leytenantının arayışında göstərilirdi ki, bu salona guya sovet dövlətinin və xalqının düşmənləri, müsavatçılar, pantürkistlər toplaşırdı. Amma o səhv edirdi. Bura dövrün ən qabaqcıl insanları - ziyalılar, musiqiçilər, şair və yazıçılar, elm xadimləri, aktyorlar yığışırdılar. Xədicə xanım həmin məclislərdə Azərbaycan milli musiqisinin gələcəyi, xalq nəğmələrinin mühafizə olunması, qadın musiqiçilərin təhsil imkanları haqqında müzakirələr keçirirdi. Bu, öz missiyasını dərk edən o dövrün Azərbaycan ziyalısının parlaq fəaliyyəti sayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrol səfərinə gələn ifaçılar, xarici ölkələrin, xüsusilə Türkiyənin ezamiyyətdə olan alimləri, şairləri var idi. Əgər həmin məclislərə Üzeyir Hacıbəylinin, F.Köprülüzadənin,  R.Qliyerin, L.Rudolfun, L.Abın, M.Pressmanın, H.Sarabskinin, Bülbülün, İ.Hikmətin, V.Qorovitsın, N.Milşteynin və dövrün neçə-neçə digər ziyalısının, incəsənət xadiminin də gəldiyini desək, onda buranın nə qədər işıqlı, bütün qaranlıq fikirlərdən uzaq, mütərəqqi bir yer olduğu daha aydın görünər.

Xədicə xanım özü belə deyirdi: "Azərbaycanda sovet hakimiyyətinin qurulmasının birinci günündən mən incəsənət və musiqi sahəsində işləyirdim. Xalq Maarifi Komissarlığı nəzdində olan Şərq musiqisi adlı şöbəyə müdir təyin olundum. Şərq Konservatoriyasını yaratdım və oraya bütün peşəkar musiqiçiləri dəvət etdim. Həmin musiqiçilər elə o zaman təşkil olunan Şərq orkestrinə daxil oldular. Sonra türk qadınları üçün musiqi-dramatik studiya açıldı ki, burada səhnə üçün türk qadınlarından kadrlar hazırlanmalıydı.

Studiyanın işi dəyişəndən sonra mən yaradıcı işlə məşğul olub konsertlər verdim və musiqinin əsaslarını da mükəmməl öyrənmək məqsədilə 1927-ci ildə konservatoriyanın nəzəriyyə və kompozisiya sinfinə daxil oldum. Eyni zamanda konsert verir, teatr texnikumunda dərs deyirdim. 1934-cü ildən konservatoriyada elmi-tədqiqat işi aparırdım".

Belə şəffaf bir həyat yaşamasına baxmayaraq, Xədicə xanım 1933-cü ildə hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunaraq üç ay müddətinə həbs edilir. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarını yaymaqda günahlandırırlar. Lakin bunu təsdiq edən heç bir sübut tapılmır və Xədicə xanım həbsdən azad olunur.

X.Qayıbovanın acınacaqlı və faciəli taleyinə akademik Ziya Bünyadovun, professor Rəfael Hüseynovun, G.Mirzənin və Bakı Musiqi Akademiyası musiqi tarixi kafedrasının professoru Fərəh Əliyevanın araşdırmaları işıq tutur. Belə ki, Xədicə xanım 1893-cü il mayın 24-də Tiflis şəhərində dünyaya göz açmışdı. Atası tanınmış din xadimi Osman Müftizadə el arasında böyük hörmət və nüfuz sahibi idi. Anası Züleyxa xanım Terequlovlar nəslindən idi. Valideynləri çox arzulayırdılar ki, altı uşağın ilki olan Xədicə təhsilli bir xanım olsun. Onlar öz imkanları daxilində bu arzunu həyata keçirməyə çalışırdılar. Odur ki, Qafqaz canişinliyinə qızlarını dövlət hesabına oxutdurmaq üçün ərizə göndərilməsinə nail olurlar və Xədicə püşkatma yolu ilə Tiflisdəki "Müqəddəs Nina" qızlar məktəbinə daxil olur.

İstedadlı qız burada fortepianoda çalmağı öyrənir, musiqi nəzəriyyəsinə yiyələnir. L.N.Knini və Truskovskidən dərs alır.

1911-ci ildə Xədicə təhsilini başa çatdırır və həmin il çox gənc ikən yol mühəndisi Nadir Qayıbovla ailə həyatı qurur. Nadir Qafqaz müftisi məşhur Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Həmin Mirzə Hüseyn Qayıbzadə ki "Məşhur Azərbaycan şairlərinin şeirləri" adlı ilk dördcildlik toplumun müəllifi idi. O, həmçinin Qori Müəllimlər Seminariyasının Azərbaycan bölməsinin açılmasının təşəbbüskarlarından biri olmuşdu. Yeri gəlmişkən qeyd edək ki, ərəb və fars dillərini gözəl bilən Hüseyn Əfəndi seminariyanın ilk illərində müəllim kadrlarına olan böyük ehtiyacı nəzərə alıb həmin dillərdən dərs demişdi. O, seminariyadan aldığı əlavə əməkhaqqı hesabına 43 tələbəni öz himayəsində oxutdurmuşdu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, həmin təhsil ocağını Qayıbov soyadlı 20 gənc bitirmişdi. Belə ki, 1879-cu ildə açılan bu şöbə təxminən 40 illik fəaliyyəti dövründə Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.Maqomayev, N.Nərimanov, F.Köçərli kimi təxminən 350-yə yaxın görkəmli ziyalı vermişdi. Mirzə Hüseyn Qayıbzadə əqidə baxımından özündən fərqli olan, ateist, mütəfəkkir, dövrünün görkəmli maarifpərvər ziyalıları M.F.Axundzadə və məşhur gürcü şairi İlya Çavçavadze ilə dostluq etmiş, bir sıra ictimai və mədəni problemlərin həllində onlarla həmfikir olmuşdur.

Hüseyn Əfəndinin Azərbaycan qadınlarının təhsili, tərbiyəsi sahəsində fəailiyyəti də xüsusilə təqdirəlayiqdir. O, bu yolda böyük əmək sərf etmiş, qızların yeni məktəblərdə təhsil almalarına təşəbbüs göstərmiş, hətta öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti"ndə iştirak etməyə icazə vermiş, övladları Nigar (sonralar general Əliağa Şıxlinskinin həyat yoldaşı) və Gövhəri (sonralar general İbrahim Usubovun həyat yoldaşı) rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda (əsilzadə qızlar məktəbi) oxutmuşdur. Belə bir ailəyə düşən Xədicə xanım həyat yoldaşının soyadını götürür. Həm Müftizadələrin, həm də Qayıbzadələrin maarifçilik ənənələri, ailələrin və çevrənin mədəni mühiti Xədicə xanımın dünyagörüşünə və şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir.

X.Qayıbova Tiflisdə bir müddət müəllimlik edərək tatar, yəni Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə isə onlar ailəliklə Azərbaycana köçürlər. Xədicə xanım tezliklə şəhərin mədəni həyatına qatılmağa başlayır. Qadın sənətçilərin az olduğu Bakıda qısa müddətdə şöhrətlənir, kubar məclislərində iştirak edir. "İsmayilliyə"də düzənlənən konsertlərdə muğamlarımızı, xalq mahnılarını fortepianoda böyük məharətlə çalır, hamının rəğbətini qazanır. Deyirlər, Hacı Zeynalabdin Tağıyevin Xədicə xanıma xüsusi hörməti var imiş. Hətta ona üstündə öz inisialı olan bahalı çini çay və yemək dəsti və çox qiymətli briliyant qaşlı üzük də bağışlayıbmış... (R.Hüseynov). Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətinin inkişafında daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir çox layihələrə imza atır. 1920-ci ilin əvvəllərində Xalq Maarifi Komissarlığında Şərq musiqisi şöbəsinin müdiri təyin olunur. Elə həmin il onun təşəbbüsü ilə qadın musiqi müəllimləri hazırlamaq üçün "Qısamüddətli Şərq musiqi kursları" açılır, uşaq xoru yaradılır. İstedadlı xanım 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və kompozisiya fakültəsinə daxil olur. Dövrün tanınmış sənətkarı L.Abdan musiqi nəzəriyyəsi və bəstəkarlıq dərsi alır.

X.Qayıbova Bakıda ilk Türk Konservatoriyasının yaradıcısı olur. Həmin dövrdə qadınlar üçün Musiqili Dram Teatrının açılması da onun xidmətləri sırasındadır.

Xədicə xanım iki dəfə ailə həyatı qurmuşdu. İstər əvvəlki, istərsə də sonrakı həyat yoldaşı dövrün ziyalı insanları olmuşlar. Yazılanlara görə, birinci ailəsi tez dağılmışdı. İkinci həyat yoldaşı - Rəşid Qayıbovu isə ictimai-siyasi fəaliyyətində dövlət əleyhinə işin aparılması və əksinqilabi millətçi təşkilatın üzvü kimi 1937-ci ilin noyabrında həbs etmişdilər. O da repressiya qurbanlarından olmuşdu. Lakin tale X.Qayıbovaya bir cüt övlad payı vermişdi. O, axırıncı dəfə həbs olunarkən oğlu Əbdülkərim 23, qızı Alanqu 11 yaşında idi.

Bu zaman 45 yaşlı Xədicə xanım Şah döngəsindəki 16 nömrəli evdə yaşayırdı. Bax, ömrünün belə çiçəklənən bir dövründə, 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsi onu 4390 nömrəli orderə əsasən həbs edir (ikinci əri Rəşid bu vaxt artıq həbsdə idi). Qızı Alanqu xanım həmin günü belə xatırlayır: "Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi. Bibim Nigarın əri general Şıxlinski qardaşım Əbdülkərimə gözəl bir şaşka bağışlamışdı. Əsl sənət əsəri idi. Divardan, xalçanın üstündə asılmışdı. Onu da götürdülər".

Beləliklə, bir neçə gündən sonra Qayıbovanın istintaqı başlanır. Martın 20-də keçirilən birinci dindirmədə müstəntiq Xədicə xanımın əksinqilabi fəaliyyətlə məşğul olduğunu, türkçülük ideyalarının yayılması yönümündə xüsusi iş apardığını söyləyir. O, bu ittihamı qəti şəkildə rədd edir. Sonra müstəntiq xaricdə yaşayan qohumları, tanışları barədə soruşur. Xədicə xanım belə cavab verir: "Qardaşım Məmməd Müftizadə. O, Türkiyəyə 1917-ci ildə gedib, hazırda heç bir əlaqəm yoxdur. 1922-1923-cü illərdə Bakıda İran konsulu olan Məmmədxan, indi o haradadır, bilmirəm. Müsavatın zabiti Sultan Hüseynzadə 1925-ci ildə gizli şəkildə İrana qaçıb. İndi nə ilə məşğuldur, bilmirəm". 1938-ci il martın 23-də keçirilən ikinci dindirmədə ondan türk və ingilis qoşun zabitlərindən kimləri tanıdığı barədə ifadə verməyə israr edirlər. O, türk qoşunlarının rəhbərlərindən biri Xəlil paşanı, onun adyutantı Cavad bəyi və təyyarəçi zabit Əşrəf Təmuçini tanıdığını söyləyir. Xədicə xanım müstəntiqin türk zabitləri ilə tanışlığın hansı mahiyyət daşıdığı barədə sualına qısa və aydın şəkildə cavab verir: "Xəlil paşa dəfələrlə bizim evə gəlib. Məni onunla qardaşım Məmməd Müftizadə tanış edib. Cavad bəyi Xəlil paşa vasitəsilə tanımışam. Təyyarəçi zabit Əşrəf Təmuçinlə tanışlığımız indi xalq düşməni kimi ifşa edilən Çingiz İldırım vasitəsilə olmuşdu... General Əliağa Şıxlinski, general İbrahim Usubov mənim keçmiş ərimin qohumlarıdır". 

Qeyd edək ki, müsavat zabiti Sultan Hüseynzadə isə vaxtilə bu gözəl xanımın pərəstişkarı olmuş, onu bir neçə dəfə teatra dəvət etmişdi. İstintaqda bu insanlar haqqında da müttəhim xeyli sorğu-suallara cavab vermişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra Qayıbova öz evində 10-15 gün Müsavat firqəsinin və hökumətinin liderlərindən biri - Mustafa Vəkilovu gizlətmişdi. Onun Azərbaycandan getməsinə də bu qadın kömək etmişdi və bunda özünün günahkar olduğunu söyləmişdi.

Bütün bunları Xədicə Qayıbova istintaqda özü açıb danışır. Lakin bu şəxslərlə əlaqələrində hökumət əleyhinə heç bir siyasi motivlərin olmadığını söyləyir və dəfələrlə təsdiq edir. Əvvəlki dindirmədə adları çəkilən Dadaş Bünyadzadə, Həmid Sultanov və arvadı, Əliheydər Qarayev və başqaları ilə yalnız işlə və incəsənətlə bağlı münasibətləri olduğunu deyir. İstintaq materiallarına görə isə guya Dadaş Bünyadzadə və digərləri casusluq məqsədilə Xədicə xanıma xüsusi tapşırıqlar verir və onun vasitəsilə Türkiyə kəşfiyyatı ilə əlaqə saxlayırmışlar. O, isə bütün bu ittihamları israrla rədd etmişdi.

Diqqəti çəkən cəhət budur ki, möhkəm iradəli xanım istintaq zamanı düzü düz, əyrini əyri kimi danışır. Onun boynuna yalan qoya bilmirlər. Elə birinci dindirmədə müstəntiq ondan soruşur: "İstintaq müəyyən edib ki, əksinqilabi fəaliyyətlə məşğul idiniz. Özünüzü müqəssir bilirsinizmi?" Cavab verir ki, heç bir əksinqilabi fəaliyyətlə məşğul olmayıb və özünü müqəssir bilmir.

Müstəntiq onun yalan danışdığını deyir və təkid edir ki, düzgün cavab versin. Xədicə xanım yalnız bunu deyir: "Mən axıradək öz cavabımı təsdiq edirəm".

Sonralar da əksinqilabçı kimi fəaliyyət göstərmədiyini, casusluqda əli olmadığını, heç bir xarici kəşfiyyatla əlaqə saxlamadığını dönə-dönə vurğulayır, müstəntiqlərin ona şər, böhtan atdıqlarını onların üzlərinə vurur. Bununla belə etiraf edir ki, zabit Sultan Hüseynzadənin həbsdən azad olunması üçün Əliheydər Qarayevə və Mirzə Davud Hüseynova müraciət edib. 1925-ci ildə həbs olunmuş tanışı, "Kommunist" qəzetinin əməkdaşı Yusifzadənin həbsdən buraxılmasını isə Mircəfər Bağırovdan xahiş edib. Təbii ki, onun bu istəklərinə əməl olunmayıb. Tədqiqatçıların yazdıqlarına görə, Mircəfər Bağırov Xədicə xanımı şəxsən tanıyırmış və onun özünün, sənətinin pərəstişkarı imiş. Ona görə də birinci həyat yoldaşı Nadir Qayıbovu iki dəfə tutub-buraxırlar. Ərindən ayrılır. 1934-cü ildə ikinci dəfə dövrünün tanınmış ziyalısı Rəşid Qayıbovla ailə qurur. R.Qayıbov 1930-cu illərdə Şamxorun birinci katibi vəzifəsində işləyir. Onu da 37-ci ildə tutub, sonra güllələyirlər. Nəhayət, 1938-ci ildə X.Qayıbovanın özünü həbs edirlər. Beləliklə, Xədicə xanımı nə az - nə çox - doqquz dəfə dindirirlər. Onun bütün tanışları, qardaş-bacısı barədə danışıqlar gedir, hər biri ilə münasibətləri saf-çürük edilir.

1938-ci il aprelin 5-də keçirilən beşinci dindirmədə müstəntiq Xədicə Qayıbovaya deyir: "İstintaq müəyyən edib ki, bir xarici dövlət mənafeyinə casusluq edirsiniz".

Cavab qısa və konkret olur: "Bu, yalandır. Mən casusluqla heç vaxt məşğul olmamışam".

Lakin müstəntiq cavabla kifayətlənməyib bu xanımın boynuna mütləq casusluq ittihamını qoymağa cəhd edir. Sual-cavab belə xarakter alır:

 

- İstintaq müəyyən edib ki, xarici kəşfiyyat nümayəndələrindən birisi Dadaş Bünyadzadə sizin vasitənizlə bir xarici dövlətin kəşfiyyatı ilə əlaqə saxlayırdı.

- Bu, yalandır. Mən heç vaxt Dadaş Bünyadzadədən xarici kəşfiyyatla əlaqədar tapşırıqlar almamışam.

- Belə hal olubmu ki, müəyyən xarici dövlətin adamlarına ötürmək üçün Dadaş Bünyadzadə sizə ayrı-ayrı göstərişlər versin?

- Yox, heç vaxt. Mənim 1926-cı ildən xarici konsulxanaların əməkdaşları ilə heç bir əlaqəm olmayıb.

1938-ci il aprelin 28-də keçirilən sonuncu dindirmədə müstəntiq yenidən bu mövzuya qayıdır. O təkid edir: "Sizə ikinci dəfə təklif edilir ki, bir xarici dövlətin kəşfiyyat agenti kimi siz öz praktiki casusluq fəaliyyətiniz haqqında müfəssəl danışasınız". Cavab həmişəki kimi yenə də qəti olur: "Mən heç vaxt kəşfiyyat agenti olmamışam və casusluq da etməmişəm".

Xədicə xanım sonralar da Bünyadzadənin Türkiyə ilə heç bir əlaqə saxlamadığını və ona heç vaxt tapşırıq vermədiyini söyləyir. Bununla belə, onu məhz bu işdə təqsirləndirirlər. Çünki 1937-ci il iyulun 17-də müttəhim Əsgər  Fərəczadə dindirilərkən belə bir ifadə vermişdi: "Dadaş Bünyadzadə Türkiyə kəşfiyyatçısı ilə əlaqəsini öz şəxsi katibi Muravyov və Xədicə xanım Qayıbovanın vasitəsilə həyata keçirirdi".

Xədicə xanımın özünün dediyinə görə, həyat yoldaşı Şamxorda (Şəmkir) birinci katib işləyəndə Ə.Fərəczadə Azərbaycan Kommunist Partiyasının tədarük müvəkkili olub. Qeyd edək ki, Fərəczadənin özü də xalq düşməni kimi güllələnib. Əlbəttə, o, Bünyadzadənin də, Muravyovun da, Xədicə xanımın da adlarını güclü təzyiq altında çəkib... Əslində isə Dadaş Bünyadzadə heç bir dindirilmədə musiqiçinin adını verməmişdi. Lakin bütün bunlara baxmayaraq, 1937-ci ildə Xədicə Qayıbova satqın və casus ovunda ideal hədəf idi. O zaman X.Qayıbovanın adı müstəntiqlərin diktəsi ilə başqa tutulanların da yadına düşür. R.Axundov guya Əli Kərimovun sözlərindən sonra Xədicə Qayıbovanın əksinqilabi casusluq fəaliyyətini qeyd edir. B.Çobanzadə yenə də guya Zeynallının dediklərini xatırlayır və istintaqa belə məlumat verir: "Zeynallı mənə həm də deyirdi: əksinqilabi millətçi təşkilat Xədicə Qayıbovanın türk əlaqələrindən də istifadə edir. "İttihadi-tərəqqi" partiyasının lideri Şükrü bəy Azərbaycan SSR-dən yolüstü keçərkən Qayıbova ilə görüşmüşdür..."

X.Qayıbovanın işi üzrə istintaqın qurtarması haqqında protokol 1938-ci il mayın 7-də tərtib edilir. Ertəsi gün isə müstəntiq Tevosyan 23311 nömrəli istintaq işi üzrə ittihamnamə yazır. Qayıbova Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə müqəssir hesab olunur.

Xədicə xanım 6 ay həbsxanada saxlanılır. Lakin heç vaxt ağlına belə gətirmir ki, onu güllələyə bilərlər. Həbsxanada digər dustaq qadınlar da vardı. S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım öz xatirələrində belə yazır: "Dustaqxana qadınlarla dolmuşdu. Onlar ərlərinə görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin arvadları idilər. Mənim olduğum kamerada gözəl musiqiçi Xədicə xanım Qayıbova və 30 nəfərdən çox başqa qadınlar da vardı. O, çox iradəli qadın idi. Özünü şux aparır, hərdən zümzümə edib mahnı oxuyur, rəqs edirdi. Bir dəfə belə dedi: "Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orada da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər".

Yarım ildən sonra qərar çıxarılır ki, Xədicə Osman qızı Qayıbova Türkiyə konsulxanası ilə əlaqəsinə və casusluq fəaliyyətinə görə güllələnsin, şəxsi əmlakı müsadirə edilsin. Qərarı DTK-nın Birinci Xüsusi şöbəsinin rəisi, leytenant Sovçenko imzalayır. X.Qayıbovanın məhkəməsi 15 dəqiqə çəkir. Hökm 1938-ci il oktyabrın 27-də icra edilir.

Xədicə xanımın övladları və qohumları onun güllələndiyini düz 16 il sonra bilirlər. O vaxta qədər isə ailə elə düşünüb ki, ona məktublaşmadan məhrum olaraq 10 il həbs cəzası verilib. Ölkədə, necə deyərlər, nisbətən "sular durulduqdan, qara pərdələr götürüldükdən sonra", yəni artıq 1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova Azərbaycan SSR Daxili İşlər Nazirliyinə anasının işi ilə bağlı müraciət edir. 1955-ci ildə isə Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi şöbəsinin baş müstəntiqi repressiya qurbanının qızına cavab göndərir. Laqeydlik, soyuqqanlılıq, biganəlik hopmuş bir neçə cümlə ilə bildirilir ki, Qayıbovanın heç bir günahı yox imiş, o, Ə.Fərəczadənin verdiyi yoxlanılmamış və yalan ifadələri əsasında cəzalandırılıb. Bu ifadələr isə D.Bünyadzadənin işində olan sənədlərdə öz təsdiqini tapmayıb. X.Qayıbovanın casusluğunu göstərən heç bir material əldə edilməyib və buna görə də iş xətm olunmalıdır. 1956-cı ildə qızına X.Qayıbovanın bəraət alması haqqında arayış verilir.

Bəraət vermək asan, vurulan yaraları sağaltmaq isə çox çətindir. Belə ağır mənəvi və fiziki zərbələrdən biri də Stalin repressiyalarının, ona dəstəkçi olan erməni məmurların, müstəntiqlərin əli ilə saf duyğulu azərbaycanlı qızı, görkəmli pianoçu Xədicə Qayıbovaya, onun nəslinə vuruldu.

Xədicə xanımın pianosundan qopan şaqraq notlarda, nikbin akkordlarda siyasi motivlər axtardılar və "tapdılar". Beləliklə, bu, bir ailəyə, bir nəslə deyil, incəsənətimizə, musiqi tariximizə, Azərbaycan analığına vurulan zərbə idi.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 7.