Ana dilimizin aşiqi

 

Azərbaycan mədəniyyət, ədəbiyyat, xüsusilə də dilçilik tarixinin görkəmli nümayəndəsi Fərhad Ağazadə XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış maarif xadimi, pedaqoq və jurnalist olmuşdur. O, ərəb, fars, fransız dillərinə bələd olub, rus və türk dillərini mükəmməl bilirdi. Bu səbəbdən də dünya elmi-pedaqoji fikrini əks etdirən müxtəlif ədəbiyyatdan lazımınca faydalanaraq bir sıra dərs vəsaitlərinin yazılmasında, hazırlanmasında yaxından iştirak edib. Pedaqoji elmlər doktoru Əjdər Ağayev mədəniyyət tariximizin bu görkəmli simasının həyat və yaradıcılığını ətraflı şərh edərək onu Mirzə Fətəli Axundzadədən sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirib.

Fərhad Məşədi Rəhim oğlu Ağazadə XIX əsrin sonlarında Şuşa şəhərində baqqal ailəsində anadan olub. O zaman Şuşada bir neçə məktəb fəaliyyət göstərirdi. Qori Müəllimlər Seminariyasını bitirən şuşalı gənclər savadsızlığı tamamilə ləğv etmək üçün yeni məktəblər də təşkil edirdilər. "Rus-müsəlman" məktəbləri tipində fəaliyyətə başlayan bu irfan ocaqları yaratmaqda məqsəd şagirdlərin gələcəkdə müxtəlif təhsil müəssisələrində oxumasını asanlaşdırmaq idi. Onlar yalnız ibtidai savad almırdılar, həm də müxtəlif sənət öyrənirdilər. Belə ziyalı, maarifpərvər gənclərdən biri də Camal bəy Fətəlibəyov idi. O 1893-cü ildə Şuşada öz məktəbini açdı. Bura qəbul olunan 25 nəfər uşağın arasında 13 yaşlı Fərhad Ağazadə də var idi. O, burada ana dilini, rus dilini, hesab, nəğmə, rəsmxətt fənlərini mənimsədi. 1895-ci ildə Camal bəy Fətəlibəyov məktəbi əla qiymətlərlə bitirən Fərhadı özü ilə Qoriyə apardı. O öz şagirdinin gələcəyinə inanırdı. Bu səbəbdən də istəyirdi ki, Fərhad mükəmməl təhsil alsın. Fərhad Ağazadə Qori Müəllimlər Seminariyasının hazırlıq sinfinə qəbul edilib. O vaxt seminariyaya qəbul edilmiş gənclər arasında 9 nəfər şuşalı olub.

Fərhad Ağazadə 1900-cü ildə seminariyanı bitirdi. Burada oxuduğu müddətdə həm əxlaqı, həm də dərslərə hazırlaşması və ictimai işlərdə fəallığına görə müəllimlərinin böyük hörmətini qazanmışdı. Seminariya tərəfindən onun şəxsi işinə tikilən anketdə yazılıb: "Fərhad Ağayev ciddi, səyli, bacarıqlı, nəzakətli şagirddir". Sonrakı illərdə də ona verilən xasiyyətnamələrdə nəzakətli və bacarıqlı olması tez-tez qabardılıb.

Bədii qiraəti sevən, musiqi ilə maraqlanan, hətta seminariyada skripka çalmağı da öyrənən Fərhad Ağazadə hərtərəfli və geniş dünyagörüşünə malik bir şəxsiyyət idi. O, bir tərəfdən dünya klassik ədəbiyyatını mütaliə edir, onu sevə-sevə öyrənir, Şərq ədəbiyyatına maraq göstərir, digər tərəfdən də bir musiqiçi kimi mərasim və tədbirlərdə iştirak edirdi. Bu fakt da məlumdur ki, 1908-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının ilk tamaşasında Fərhad Ağazadə skripkaçı kimi iştirak etmişdir.

Seminariyanı bitirdikdən sonra Xaçmaz məktəbində müəllimlik edən Fərhad Ağazadə bir ildən sonra Şuşaya qayıdaraq doğma şəhərin məktəblərində dərs deməyə başladı. Sonra onu qonşu Gorusa ikisinifli məktəbə müəllim kimi dəvət etdilər. Fərhad Ağazadə yalnız müəllimliklə məşğul olmurdu. Bakıda çıxan qəzetlərə məqalələr də yazırdı. Onun bu fəaliyyəti Bakıda yaşayan qabaqcıl ziyalıların diqqətini cəlb etdi. Onu tezliklə Bakıya "Rus-müsəlman" məktəbinə dəvət etdilər. Fərhad o zaman Yelizavetpol şəhər məktəbində işləyirdi. "Rus-müsəlman" məktəbinə müdir təyin olunan Fərhad Ağazadənin bu təhsil ocağında fəaliyyəti pedaqoji işi canlandırdı. O, müəllim işləməklə yanaşı, mətbuatda ictimai-siyasi mahiyyət daşıyan publisistik məqalələri, felyetonları ilə çıxış edirdi.

Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. O, məktəbəqədər pedaqogika ilə də məşğul olub. Uşaq bağçaları üçün dərs vəsaiti hazırlayıb. Tədqiqatçı Əjdər Ağayev yazırdı: "Fərhad Ağazadənin böyük və orijinal xidmətlərindən biri də onun Azərbaycan maarif və mədəniyyət tarixini tədqiq etməsidir. Həsən bəy Zərdabi və Firidun bəy Köçərlinin həyatı, fəaliyyəti və xidmətləri haqqında ilk müfəssəl məlumatı məhz Fərhad Ağazadə vermişdi."

Fərhad Ağazadənin pedaqoji fəaliyyəti qismən də olsa araşdırılıb. Amma publisistikası hələ də mükəmməl tədqiq olunmayıb. Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymur bildirir ki, Fərhad Ağazadə cümhuriyyətin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından olub. Qəzetin səhifələrində onun imzasına çox nadir hallarda rast gəlinmir. 1919-1920-ci illərdə isə demək olar ki, "Azərbaycan" qəzetinin hər nömrəsində F.Ağazadənin müxtəlif mövzularda yazıları dərc edilib. O, məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. "Azərbaycan"ın kanuni-əvvəl (dekabrın 18-i) 1918-ci il 66-cı nömrəsində "Bakıda xalq məktəbi müdirlərinin yığıncağı" adlı məqaləsində deyilir: "İki gündür ki, Azərbaycanda camaat məktəb müdirləri maarif nəzarəti dəvəti ilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğuldur. Bu, ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz".

19 kanuni-əvvəl (dekabr) 1919-cu il 68-ci nömrəsində "Andronik nə istəyirmiş" adlı məqaləsində terrorçu Andronikin vəhşiliklərindən, Zəngəzura, Şuşaya və Qarabağa hücumlarından danışır. "...Bu müsəlman yerlərini qılınc zoru ilə boşaldıb Ararat cümhuriyyətinə mülhəq etmək və gələcəkdə barışıq konfransında bunu hökumətlərə təsdiq elətdirmək niyyəti qarətçiliyin əmalından məlum olur".

Bir məsələni də qeyd edək ki, XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi vəziyyətini tədqiq etmək üçün ən zəngin məxəz məhz Fərhad Ağazadənin həmin vaxt mətbuatda dərc edilmiş publisistik əsərləridir. 200-dən artıq pedaqoji və publisistik məqalənin, onlarca kitabın müəllifi olan Fərhad Ağazadə həm də vətənpərvər və cəsarətli şəxsiyyət idi. Siyasi görüşlərinə görə 1909-cu ildə Həştərxana sürgün edilən Nəriman Nərimanovun arxasınca gedən ilk ziyalılardan biri olmuşdur.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan cəmi bir il sonra Fərhad Ağazadə əlifba məsələsini yenidən meydana atdı. O dövrün mətbuatında onun bu mövzuda silsilə məqalələri dərc edilərək müzakirə olundu. O, ərəb hərflərinin Azərbaycan dilinə yaramadığını sübuta çalışaraq latın qrafikası əsasında yeni əlifba qəbul etmək təklifini irəli sürürdü. Onun bu təşəbbüsünü Nəriman Nərimanov da dəstəkləyirdi. Beləliklə, 1922-ci ilin yanvarında Nəriman Nərimanovun təklifi ilə çağırılan yığıncaqda əlifba və dil məsələsi bir daha geniş müzakirə edildi. İki qrup yarandı: bir tərəfdə "latın"çılar, digər tərəfdə "ərəb"çilər. "Latın"çılar dəstəsinin lideri Fərhad Ağazadə idi. 1925-ci ilin martında çağırılmış Azərbaycan IV sovetlər qurultayına ünvanladığı məktubunda Fərhad Ağazadə yazırdı: "Dəfələrlə sübut edilmişdir ki... savadsızlığın ləğvi üçün ən asan öyrənişli bir əlifbaya ehtiyac var... Bu da türk əlifbasıdır. O, asan bir əlifbadır ki, bir-iki ayda öyrənilir. Siz traktor əvəzinə xışı, elektrik əvəzinə şamı, ya çırağı... təklif etməyəcəksiniz. Əminəm ki, asan əlifba əvəzinə çətin əlifbanı təklif etməzsiniz..."

Həmin qurultayda Ağazadənin "Türk dillərinin orfoqrafiyası" mövzusundakı məruzəsi də dinlənildi. O tələb edirdi ki, türk dilinin bütün kəlmələri, o cümlədən bu dilə daxil olmuş sözlər vahid yazı qaydalarına tabe olsun. Məhz onun cəhdləri sayəsində 1927-ci ildə Türk Əlifba Komitəsi yaradıldı. Bu işə sidq-ürəklə girişən Fərhad Ağazadə mətbuatda yeni əlifba ilə bağlı oçerklərlə də çıxış edirdi. Onun bu fəaliyyəti N.Nərimanov, S.Ağamalıoğlu tərəfindən müdafiə edilirdi. Hətta Türkiyə mətbuatında da bu məsələ özünün geniş əks-sədasını tapmışdı. O zamanlar Mustafa Kamal Paşa Atatürkün rəhbərlik etdiyi Türkiyə Respublikası sovet dövləti ilə dostluq münasibətində idi.

Arxiv materiallardan və xatirələrdən bəlli olur ki, ziyalılar, qabaqcıl elm və mədəniyyət xadimləri tez-tez bir yerə toplaşaraq əlifba ilə əlaqədar müzakirələr aparardılar. F.Ağazadənin Q.Qaraqaşlı ilə birlikdə yazıb Kazanda rus dilində çap etdirdikləri "Yeni türk əlifba hərəkatının inkişafı tarixi və onun nailiyyətlərinə aid oçerk" kitabının müzakirəsini edərdilər. Bəkir Çobanzadə, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hacı Kərim Sanılı bu görüşlərdə iştirak edər, Fərhad Ağazadənin xidmətlərini dəyərləndirərdilər. Uzun müddət gərgin işləmək və Azərbaycanı bürüməkdə olan repressiyalar onun səhhətində problemlər yaratdı. Bir neçə dəfə Rusiyanın müxtəlif şəhərlərinə müalicəyə getsə də, bədənində özünə yer etmiş mərəzin çarəsi tapılmadı. 1931-ci ilin soyuq qış günündə gözlərini əbədi yumdu. O vaxt "Kommunist" qəzetində onun vəfatı ilə əlaqədar nekroloq da çap edildi. Amma bir məsələ də var idi ki, Fərhad Ağazadənin ünsiyyətdə olduğu, dostluq etdiyi ziyalıların demək olar ki, əksəriyyəti repressiyanın qurbanı oldu. Onun güdazına keçməyəndə müxtəlif xəstəlikdən, əsəbdən... dünyasını dəyişdi.

Ürəyi arzularla dolu idi. Millətinin savadlanması üçün həyatını şam kimi əritdi. Cəmi 50 il yaşadı. Amma 50 min illik ömrə bəs edəcək işlər gördü Fərhad Ağazadə! Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib. Onun yeni əlifbanın həyata keçirilməsi uğrundakı mübarizəsi M.F.Axundzadə ideyalarının çiçək açmasına xidmət edirdi. Fərhad Ağazadə deyirdi: "Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır. Odur ki, birinci növbədə müəllimlər yetkin, savadlı, siyasi-iqtisadi işlərdən baş çıxaran yaradıcı olmalıdırlar". Bütün varlığı ilə elmə və maarifə bağlı olan bu böyük şəxsiyyətin öz ömrü isə yarımçıq sönmüş şama bənzədi. Bir məsələyə təskinlik tapırıq ki, onun uzun illər mübarizəsində olduğu əlifba islahatı dövlət müstəqilliyimizi qazandıqdan sonra mükəmməl surətdə həyata keçdi. Fərhad Ağazadə istəyirdi ki, onun millətinin nümayəndələri latın qrafikasında yazıb-yaratsın. Ruhun şad olsun, böyük insan! Yarımçıq qalmış arzuların, nəhayət, çiçək açdı...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 7.