Kiçik və orta
sahibkarlığın ÜDM-də payı
Vüqar Bayramov: "Qeyri-neft
sektorunun, kiçik və orta sahibkarlığın
inkişafına ehtiyac var"
Mərkəzi və Şərqi
Avropa, hətta digər MDB ölkələri ilə müqayisədə
Azərbaycanda kiçik və orta sahibkarlığın
payının birmənalı şəkildə az olması
müşahidə olunur. Müsahibimiz İqtisadi və Sosial
İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
bunun obeyktiv və subyektiv səbəblərini
açıqlayır.
- Ölkə iqtisadiyyatında,
Ümumi Daxili Məhsul (ÜDM) istehsalında kiçik və
orta sahibkarlığın payı yetərlidirmi?
- Ümumiyyətlə, ÜDM-də
kiçik və orta sahibkarlığın payı azdır. Mərkəzi
və Şərqi Avropa ölkələrini,
hətta digər MDB ölkələrini müqayisədə kiçik və orta
sahibkarlığın payının birmənalı şəkildə
az olması müşahidə olunur. Bunlarınsa həm obyektiv,
həm də subyektiv səbəbləri var. Obyektiv səbəb onunla bağlıdır ki,
Azərbaycan neft ölkəsidir və buna görə də ÜDM-də neftin payı kifayət qədər çoxdur. Neftin payı çox olduğu üçün neft sektorunda daha çox iri şirkətlərin
fəaliyyət göstərdiyini nəzərə alsaq, ÜDM-də iri
sahibkarlığın payı daha çoxdur. Təbii ki, neft sektorunun payının
çox olması kiçik
və orta sahibkarlığın payına
təsir göstərir. Bu, Azərbaycan
iqtisadiyyatının xarakterindən doğan
səbəbdir. Digər səbəb isə onunla
bağlıdır ki, Azərbaycanda
bütövlükdə əsas ağırlıq prioritet olaraq neft sektorunun üzərinə
yönəldilib. O baxımdan neft sektorunda kiçik, orta, iri sahibkarlıq
subyektləri bir-birindən fərqləndirilmir. Təbii ki, neft sektorunun
inkişafı prioritet olsa
belə, qeyri-neft sektorunun,
kiçik, orta
sahibkarlığın inkişafına ehtiyac
var. Nəzərə almaq
lazımdır ki, kiçik,
orta sahibkarlığın iqtisadiyyat
üçün iri
sahibkarlıqla müqayisədə kifayət qədər
müsbət təsirləri, böyük
üstünlükləri var. Son illər kiçik, orta sahibkarlığın ÜDM-dəki
payında artımlar var. Bu
onunla bağlıdır ki,
iri şirkətlər, iri
sektorlar bəzi xidmətləri kiçik və orta sahibkarlara verirlər. Məsələn,
neft sektorunda
çalışan bir şirkət, məsələn
bp, o cümlədən
Dövlət Neft Şirkəti öz xidmətlərinin, sifarişlərinin bir qismini kiçik,
orta sahibkarlara verirlər.
bp-nin kiçik, orta sahibkarlığın inkişafı ilə
bağlı xüsusi təsir proqramı var. O baxımdan ÜDM-də son illər kiçik, orta sahibkarlığın payında
artımlar müşahidə edilir. Amma bununla belə təbii
ki, hələlik kiçik,
orta sahibkarlığın ÜDM-dəki
payı arzuolunan səviyyədə deyil.
- Sizcə, kiçik və orta
sahibkarların maliyyə qaynaqlarına çıxış
imkanları qənaətbəxşdirmi?
- Azərbaycanda
sahibkarlığın inkişafı ilə bağlı
İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığa
Kömək Milli Fondu yaradılıb. İl
ərzində bu fond təxminən
130 milyon manat vəsaiti
kiçik və orta sahibkarlara paylayır. Bu fondun yaradılması və fəaliyyət
göstərməsi təbii ki, müsbət
haldır. Amma biz fondun verdiyi kreditlərin strukturuna diqqət yetirsək, görərik ki, bu kreditlərin heç də hamısı kiçik
və orta sahibkarlara
çatmır. Fondun kreditlərinin strukturunda iri kreditlərin
sayı kifayət qədər çoxdur.
Elə kreditlər var ki,
onların sayı 3-4 milyon manatdır.
Aydındır ki, kiçik
və orta sahibkarlar bu məbləğdə krediti
götürüb istifadə etmək
imkanına malik deyillər. Çünki onların bu
vəsaitləri idarə etmək imkanları yetərincə deyil. Bu ondan xəbər verir ki, Sahibkarlığa
Kömək Milli Fondu
vəsaitləri yalnız kiçik və
orta sahibkarlara deyil, eyni zamanda
iri sahibkarlara yönəldir
ki, bu da
kiçik, orta müəssisələrin
bu vəsaitlərdən istifadə etmək
imkanlarını müəyyən qədər məhdudlaşdırır. İkincisi, birmənalı
şəkildə Azərbaycanda Sahibkarlığa Kömək
Milli Fondu ABŞ-da və Rusiyada olduğu kimi, Kiçik və Orta Sahibkarlara Dəstək Fondu
ilə əvəz olunmalıdır və bu
fond yalnız kiçik
və orta sahibkarlara dəstək
verməlidir. Digər tərəfdən nəzərə
alsaq ki, kiçik və orta
sahibkarlıqla bağlı Beynəlxalq İnkişaf
və Əməkdaşlıq Təşkilatının xüsusi prinsipləri var,
o prinsiplərdən biri
də məhz kiçik və orta sahibkarlığa başlanğıc
kreditlərin verilməsidir. Azərbaycanda
başlanğıc kreditləri yoxdur. Bu başlanğıc kreditləri o anlama gəlir ki, elə sahibkarlar var ki, onların
sahibkarlıq təşəbbüsləri, fikirləri var, amma vəsaitləri yoxdur. Onlar bu
təşəbbüsləri reallaşdırmaq istəyirlər.
Amma eyni zamanda onların kredit
almaları üçün girov təklif etmək imkanları da yoxdur. Həmin sahibkarlara başlanğıc kreditlərin
verilməsinə ehtiyac var.
Bu sistemin Azərbaycanda
tətbiqi olduqca vacibdir.
İlkin fəaliyyətə başlamaq istəyən sahibkarlar
bu cür kreditlərdən
yararlana bilmirlər. Çünki
bu gün Azərbaycanda
Milli Fond daxil olmaqla heç
bir maliyyə qurumu sahibkarala girov olmadan kredit vermir. ABŞ-da bu istiqamətdə sahibkarlara
kömək üçün Kiçik Sahibkarlıq İdarəsi xəttilə
15 cür kreditlər təklif olunur. Təbii ki, Azərbaycanda
Sahibkarlara Kömək Milli
Fondunun fəaliyyət göstərməsi
müsbət haldır, amma təəssüf
ki, onların vəsaitinin heç
də hamısı kiçik və orta sahibkarlara
ünvanlanmır.
- Azərbaycanda sahibkarların
güzəştli maliyyələşmə mexanizmi
mövcuddur. Necə fikirləşirsiniz, daha çox hansı
sahələrə güzəştli kredit verilməlidir?
- Güzəştli kreditlər
verilən zaman konkret sektorların müəyyənləşdirilməsi
üçün müqayisəli üstünlüyə malik
olan sektorlar müəyyənləşdirilməlidir. Söhbət
ondan gedir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet
istiqamətdir. Amma nəzərə almaq
lazımdır ki, qeyri-neft
sektoru ümumi bir anlayışdır və birmənalı
şəkildə bu ümumi
anlayışın tərkibində məhz konkret
istiqamətlərin, sektorların seçilməsinə və
seçilmiş konkret
sektorlara görə güzəştli
kreditlərin təklif edilməsinə ehtiyac
var. Müqayisəli
üstünlüyə malik olan sektorların seçilməsi ona görə vacibdir ki, bu üstünlük
məhz həmin sektorların ixrac qabiliyyətinin
artırılması üçün
lazımdır. Azərbaycanda ixrac
potensialı olan qeyri-neft
sektorunda sahələr var.
Bunlar yüngül sənaye
sektorudur, yeyinti və
ərzaq sektorudur. Bu
sektorların öz mallarını qonşu ölkələrə ixrac
etmək imkanları var. Bu
iki sektorun - yüngül sənaye, eləcə də yeyinti, ərzaq sektorunun daha güzəştli kreditlərlə dəstəklənməsinə
ehtiyac var. Aqrar sektora da
güzəştli kreditlərin verilməsi vacibdir.
Aqrar sektora verilən
kreditlər subsidiya olmalıdır, bunlar kredit
olmamalıdır. Yəni aqrar sektor digər həm inkişaf
etmiş, həm inkişaf
etməkdə olan ölkələr kimi məhz subsidiyalardan
istifadə etməlidir. Yəni bu, güzəştli
kredit olmamalıdır, bu,
dövlət büdcəsindən əvəzsiz verilən
yardım olmalıdır. Ona görə də
aqrar sektor birmənalı
şəkildə subsidiya almalıdır.
Əks halda yerli aqrar məhsulların daxili
bazarda belə rəqabət aparmaq imkanları xeyli məhdudlaşacaq.
Amma bütün hallarda müqayisəli üstünlüyə
malik olan sektorların
güzəştli kreditlər vasitəsilə dəstəklənməsi
vacibdir.
- Azərbaycanda bəzi sahələrdə
vergi güzəştləri tətbiq olunur. Sizcə, vergi
güzəştlərinin iqtisadi səmərəsi olurmu?
- Bütövlükdə Azərbaycanda
vergi güzəştləri sektorlar üzrə müəyyənləşdirilmir.
Azərbaycanda vergi güzəştləri
hüquqi şəxsin və fiziki şəxsin dövriyyəsinə uyğun olaraq müəyyənləşdirilir.
Azrbaycanda bildiyiniz kimi, sadələşdirilmiş vergi sistemi tətbiq olunur. Sadələşdirilmiş vergi sisteminə görə Bakı şəhərində
kiçik və orta sahibkarlar 4 faizlə vergi
ödəyirlər, regionlarda bu rəqəm 2 faizdir. Təbii
ki, sadələşdirilmiş vergi sisteminin tətbiqi
müsbət haldır. Sadələşdirilmiş vergi sistemi birmənalı
şəkildə kiçik və orta sahibkarları ən azı əlavə dəyər
vergisi verməkdən azad
edir, onların bir vergi ödəməsinə gətirib
çıxarır. O baxımdan təbii ki,
bu, kiçik və orta sahibkarlığın inkişafını
stimullaşdıran amillərdən biridir.
Amma eyni zamanda Azərbaycanda bu
güzəştlərlə kiçik və
orta sahibkarlıq anlayışı
arasında bir ziddiyyət var.
Belə ki, güzəştlər Vergi Məcəlləsinə əsasən
müəyyənləşdirilmiş dövriyyə əsasında
- hüquqi şəxslər üçün 150 min manat, fiziki şəxslər
üçün 90 min
manat müəyyənləşdirilir. Amma kiçik və orta sahibkarlığın dövriyyə ilə
bağlı standartları Nazirlər Kabineti
tərəfindən müəyyənləşdirilir. Nazirlər
Kabineti tərəfindən müəyyənləşdirilən
standartlarla Vergilər Nazirliyinin
müəyyənləşdirdiyi standartlar
arasında fərq var. Ona görə də birmənalı
şəkildə bu standartların, yəni
dövriyyə ilə bağlı meyarların bir-birinə
uyğunlaşdırılması vacibdir ki, məhz sadələşdirilmiş vergi, yəni ƏDV ödəmədən olan dövriyyə birmənalı şəkildə
kiçik və orta
sahibkarların hamısına şamil edilsin.
- Sizcə, Azərbaycanda
sahibkarların hüquqlarının qorunması ilə
bağlı yeni qanunlara və yaxud da qüvvədə olan
qanunlara əlavə və düzəlişlər edilməsinə
ehtiyac varmı?
- Təbii ki, qanunvericiliyin təkmilləşdirilməsi
vacibdir. Məsələn, Rəqabət Məcəlləsinin
qəbuluna ehtiyac var.
Azərbaycanda Rəqabət Məcəlləsi layihəsi xeyli müddətdir ki,
müzakirə olunur, amma
bu günədək bu
məcəllənin qəbulu həyata keçirilməyib. Rəqabət
Məcəlləsinin qəbulu ona görə
vacibdir ki, məhz bu sənəd biznes sektorunda rəqabətin müdafiəsini həyata
keçirəcək. Gürcüstanda Rəqabət
Məcəlləsi ilə yanaşı Rəqabətin
Müdafiəsi Agentliyi var.
Bu agentlik istehlak bazarında, ölkə
iqtisadiyyatında rəqabətin müdafiə
olunmasını həyata keçirir. Azərbaycanda
da eyni sistemin
tətbiqinə ehtiyac var.
Təbii ki, Rəqabət Məcəlləsinin
qəbulu olduqca əhəmiyyətlidir. Nəzərə
alsaq ki, bir sıra sektorlarda həm
təbii, həm süni inhisarlar
var, ona görə də
Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac
var. İkincisi, bir sıra qanunvericilik
aktlarının təkmilləşdirilməsi vacibdir.
Azərbaycanda lisenziyaların sayının azaldılmasına
ehtiyac var. Azərbaycanda
lisenziyaların sayı sektorlar üzrə
birləşdirilməlidir. Məsələn, nəqliyyat
sistemində hər istiqamət üzrə - hava,
su, digər istiqamətlər üzrə
ayrı-ayrı lisenziyalar tələb olunur. Turizm sektorunda da elədir. Baxmayaraq ki, bunlar eyni sektor
üzrəistiqamətlərdi, amma tələb
olunan lisenziyalar fərqlidir.
Bu sektorlar üzrə
vahid lisenziyaların tətbiqinə ehtiyac var. Təəssüf
ki, bu qəbul edilmir. O baxımdan təbii ki, birmənalı şəkildə qanunvericiliyin təkmilləşdirilməsi,
sahibkarlıq fəaliyyətini stimullaşdıran, bürokratik əngəllərin
azaldılması, sahibkarlıq fəaliyyətinə
müdaxilələrin azaldılması,
inhisarçılığa qarşı mübarizənin
gücləndirilməsini nəzərdə tutan
qanunvericilik aktlarının qəbulu
və bu boşluqların aradan
qadırılmasına ehtiyac var. Bu təkmilləşmə
birmənalı şəkildə sahibkarlıq fəaliyyətinin
müdafiəsini nəzərdə tutmalıdır.
-
Hazırda Milli Məclisdə olan Rəqabət Məcəlləsi
layihəsi sahibkarlara rəqabət mühiti yaradırmı?
- Azərbaycanda iki oxunuşdan keçmiş Rəqabət Məcəlləsi praktik olaraq normal qiymətləndirilə bilər. Məcəllə bu şəkildə qəbul olunarsa və qəbul olunduqdan sonra onun tam icrasına nail olmaq mümkün olarsa, təbii ki, bu sahibkarlığın inkişafını stimullaşdıran əsas qanunvericilik aktlarından biri olacaq və sahibkarlığın inkişafına müsbət təsirini göstərəcək. Baxmayaraq ki, Məcəllə ilə tanışlıq bundan xəbər verir ki, Rusiyanın qanunvericilik aktlarından istifadə olunur, bütün hallarda Rəqabət Məcəlləsi müsbət qiymətləndirilə bilər. Amma problem ondan ibarətdir ki, sənədin qəbulu yubanır və sənədin uzun müddət parlamentdə qalması narahat doğuran məqamlardandır.
Aqil ASLAN
Ekspress.-
2012.- 29 avqust.- S. 9.