Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü

 

Avqustun 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Belarus Prezidenti Aleksandr LUKAŞENKO Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsində bir daha salamlayaraq, ötən görüşlərdən keçən müddətdə ikitərəfli münasibətlərin daha da genişlənərək, strateji əməkdaşlıq xarakteri aldığını bildirdibu məsələdə dövlətimizin başçısının xidmətlərini yüksək dəyərləndirdi.

 

Prezident Aleksandr Lukaşenko dedi:

 

- Biz layihələr, müqavilələr, əməkdaşlığın konkret istiqamətləri barədə razılığa gəlmişik. Biz buna dəqiq əməl edir və ən yüksək səviyyədə nəzarət edirik. Biz münasibətlərimizin, həm Minskdə, həm də Bakıda keçirdiyimiz yüksək səviyyədə görüşlərimizin dinamikasına ciddi riayət edirik. Biz İlham Heydər oğlu ilə razılığa gəlmişik ki, bundan sonra da müvafiq qaydada hərəkət edək və biz, cənab Prezident, Sizin gözəl ölkənizə səfər etmək dəvətinizi məmnuniyyətlə qəbul edirik. Biz gələn il nümayəndə heyətimizlə səfər edəcəyik. Bu gün yeni razılaşmalar olacaqbiz onları ciddi nəzarətdə saxlayacağıq.

Bu gün əməkdaşlığın demək olar ki, bütün sahələrdə inkişaf etdiyini deyən Belarus Prezidenti bunu ölkələrimiz arasında siyasi dialoq çərçivəsində fikir ayrılığının olmadığı ilə əsaslandırdı. Aleksandr Lukaşenko beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv əməkdaşlığı hər iki ölkənin siyasətinin ilk növbədə iqtisadiyyatın inkişafına və xalqın rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini vurğuladı.

Yüksək qonaqpərvərliyə və Belarusa səfərə dəvətə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti İlham ƏLİYEV bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayaraq dedi:

- Bir daha demək istəyirəm ki, münasibətlərimiz çox yüksək səviyyəli dinamikliyi, konkretliyi, aydınlığı ilə fərqlənir. Ən başlıcası odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi yüksək keyfiyyətə çatdırılıb. Razılaşdırdığımız bütün məsələlərin nəticəsini konkret işlərdə görürük. Yenimövcud istehsal sahələri inkişaf etdirilir, yeni təşəbbüslər, ideyalar irəli sürülür və qarşılıqlı əməkdaşlıq sahələri tədricən genişlənir. Nümayəndə heyətimizin tərkibinə baxdıqda belə qənaətə gəlmək olar ki, əməkdaşlığımız çoxşaxəlidir. Bu gün demək olar ki, Azərbaycan hökuməti üzvlərinin üçdəbiri Belarusdadır. Bu, bizim ölkənizə olan marağın və həyata keçirmək istədiyimiz layihələrin göstəricisidir. Siz qeyd etdiyiniz kimi, biz beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq edirik. Fürsətdən istifadə edərək, BMT Təhlükəsizlik Şurasında namizədliyimiz səsverməyə çıxarılarkən bizi dəstəklədiyinizə görə şəxsən Sizə və ölkənizə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu dəstəyə ümid edirdikbu dəstəyi aldıq. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının fəal üzvüdürbu təşkilatda ədalət və beynəlxalq hüquq idealları uğrunda çıxış edir.

Əməkdaşlığın əsas istiqamətinin ikitərəfli formatda olduğunu deyən Azərbaycan Prezidenti siyasi, iqtisadi, energetika sahələrində əlaqələrin yüksək səviyyəsini vurğuladı. Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin uğurlu mexanizminin formalaşdırıldığını və bunun da xalqlarımızın rifahına xidmət etdiyini dedi. Belarus şirkətlərinin Azərbaycandakı fəaliyyətinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, birgə istehsal edilən məhsulların digər ölkələrin bazarlarına çıxışı perspektivləri vardır. Prezident İlham Əliyev onu da bildirdi ki, ölkələrimiz arasında mal dövriyyəsi təkcə enerji deyil, digər sahələrdə də genişləndirilməlidir.

Belarus ilə əməkdaşlığın Azərbaycan üçün maraq kəsb etdiyini deyən Prezident İlham Əliyev bu səfərin əlaqələrin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 1.