Azərbaycan və
Belarus prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Avqustun 28-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etmişlər.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun bəyanatı
- Hörmətli dostlar!
Bu gün biz Azərbaycan Prezidenti İlham Heydər oğlu ilə həm məhdud, həm də geniş tərkibdə çox səmərəli danışıqlar apardıq. Biz dəfələrlə demişik ki, görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu görüşlərdə biz, ilk növbədə, səfərlərimiz zamanı - bizim nümayəndə heyətinin Bakıya, Azərbaycan nümayəndə heyətinin Minskə səfərləri zamanı qəbul etdiyimiz qərarların icrasına nəzarət edirik. Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Özü də bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Hörmətli İlham Heydər oğlu, biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq.
Vaxtilə mən Sizə demişdim ki, Belarus xalqı qədirbilən xalqdır, o, borclu qalmaz. Buna görə də Siz bizə ümid bəsləyə bilərsiniz. Əgər Sizə Avropanın mərkəzində öz maraqlarınızı irəlilətmək üçün Belarusdan istifadə etmək və ya beynəlxalq arenada bizimlə haradasa birlikdə çıxış etmək lazım gələrsə, yaxud bu gün etdiyimiz kimi, müştərək iqtisadi istehsalatlar, ticari-iqtisadi münasibətlər yaradılmasında Belarus həmişə Azərbaycanın yanında olacaqdır, Siz həmişə Belarusa arxalana bilərsiniz.
Bu sözləri ona görə deyirəm ki, mən Azərbaycan Prezidentinin "Xalqlar dostluğu" ordeni ilə təltif olunması haqqında qərar qəbul etmişəm. Biz bu ordeni Belarus dövlətinin inkişafına, bizim qarşılıqlı əlaqələrin genişlənməsinə sanballı töhfə vermiş az sayda siyasətçilərə təqdim edirik. Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir.
Mən əminəm ki, biz strateji tərəfdaşlığımızı inkişaf etdirməklə münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaq iqtidarındayıq. Bu gün biz çox məsələlər haqqında razılığa gəldik. Bəzən gözlənilmədən yeni-yeni layihələr və əməkdaşlığımızın yeni kontraktları yaranır. Əgər bizdən asılı olarsa, biz Azərbaycanda təkcə müştərək istehsalat layihələrini deyil, elmi-texniki sahədə də layihələr həyata keçirmək əzmindəyik. Əgər Sizə lazımdırsa, biz gücümüz çatan istiqamətlər üzrə Sizin mütəxəssislərinizi də hazırlaya bilərik. Biz də öz növbəmizdə ümid edirik ki, Sizdə olan və Belarusda olmayan istiqamətləri inkişaf etdirməkdə və mütəxəssislər hazırlamaqda bizə kömək edərsiniz.
Əməkdaşlığımızın
bünövrəsini vaxtilə biz Heydər
Əliyev ilə birlikdə yaratmışıq. Lakin o vaxt
mənim heç fikrimə də gəlməzdi
ki, bizim ümumi evimizin, Azərbaycan
ilə Belarusun qarşılıqlı
münasibətlərinin yaranmasında bu
qədər irəliləyə biləcəyik. Son illərdə Sizinlə birlikdə nə
etmişiksə, əməkdaşlığımızın bu və ya digər istiqamətləri
üzrə Sizin dəstəyiniz sayəsində
mümkün olmuşdur.
On il ərzində
Sizinlə biz çox
iş görmüşük,
heç bir başqa ölkə bu qədər
iş görməmişdir. Bir daha vurğulayıram,
mütəxəssislərimiz, Belarus və
Azərbaycan nümayəndə heyətlərinin üzvləri,
sözün yaxşı mənasında, bu əməkdaşlığı inkişaf etdirmək sahəsində bizim ideyalara yoluxmuşlar. Yeni layihələrin,
təşəbbüslərin yaranması ona
dəlalət edir ki, biz Azərbaycan ilə Belarus
arasında əməkdaşlığın həcmini iki, bəlkə də üç
dəfə artıra bilərik. Mən artıq
demişəm, - əməkdaşlığın bu yeni istiqamətlərini
burada sadalamayacağam,
- qida məhsulları istehsalından tutmuş dava-dərmana, tikintidən tutmuş istehsalatın modernləşdirilməsinə,
hərbi-texniki əməkdaşlığa qədər, bir sözlə, ən geniş
spektr vardır. Burada
heç bir qapalı mövzu yoxdur.
Bu
gün biz Belarus iqtisadiyyatına investisiyalar barədə
danışdıq. Əgər Azərbaycanın bu cür
marağı olarsa, Siz Belarusda ən prioritet imkanlar əldə
edəcəksiniz. Çünki biz bir-birimizi
tanıyırıq, çünki Azərbaycan bizi heç
vaxt məyus etməyibdir. Bizim kənardan investisiyalara,
xüsusən Belarus müəssisələrinin özəlləşdirilməsi
zamanı belə investisiyalara necə səliqəli və diqqətli
yanaşdığımızı Siz bilirsiniz. Biz o barədə
də danışdıq ki, gənclər gələcəyimizdir.
Biz təhsil məsələlərində əməkdaşlığı
genişləndirməyə hazırıq. Burada biz xeyli irəliləmişik
və bu istiqamətdə fəaliyyət göstərməyə
hazırıq. Bir sözlə, bu gün bizim problemlərimiz
yoxdur, möhtəşəm vəzifələr var və Azərbaycan
Prezidenti ilə biz bütün bu məsələləri həll
etmək əzmindəyik.
Məni
növbəti dəfə gözəl ölkənizə səfərə
dəvət etdiyinizə görə Sizə minnətdaram. Biz
nümayəndə heyəti ilə hökmən Bakıya gələcəyik
və orada bizim burada, Belarusda əldə etdiyimiz
razılaşmalara artıq nəzarət etməyə
imkanımız olacaqdır.
Mütəxəssislərdən
ibarət geniş nümayəndə heyəti ilə bizə
gəldiyinizə görə sağ olun. Bu, dəyərli
addımdır, bu, bizim əməkdaşlığımızı
irəlilədir.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Hörmətli Aleksandr Qriqoryeviç, ölkəmiz
haqqında xoş sözlərinizə görə
sağ olun. Yenidən gözəl ölkənizdə
olmaq və münasibətlərimizin gələcək
inkişafı yollarını
Sizinlə birlikdə müəyyən etmək
imkanına görə
təşəkkürümü bildirmək istərdim.
Bizim münasibətlər zamanın
sınağından çıxmış,
real əməkdaşlıqda sınanmışdır. Bu
gün mənə xüsusilə xoşdur ki, Siz məni
Belarus Respublikasının yüksək
dövlət ordeni -
"Xalqlar dostluğu"
ordeni ilə təltif etməyi mümkün saymısınız.
İnanın ki, mən ölkələrimizi və
xalqlarımızı bir-birinə
daha çox yaxınlaşdırmaq üçün
gələcəkdə də
əlimdən gələni
edəcəyəm.
Ölkələrimiz arasında əməkdaşlığın
mövcud səviyyəsi
bizim birgə işimizin nəticəsidir. Düzgün qeyd etdiniz ki,
ölkələrimiz arasında
münasibətlərin əsasını
mənim atam Heydər Əliyev və Siz qoymusunuz.
Lakin son illərdə bu münasibətlər, Sizin
tamamilə düzgün
səciyyələndirdiyiniz kimi, strateji tərəfdaşlar arasında
münasibətlərə transformasiya
etmişdir. Biz çox geniş məsələlər spektri
üzrə əməkdaşlıq
edirik. Bu əməkdaşlığın dərinləşdirilməsinə aid konkret məsələləri
həll edirik, beynəlxalq təşkilatlarda
bir-birimizi çox fəal dəstəkləyirik.
Keçən ilin payızında
BMT-nin Təhlükəsizlik
Şurasında səsvermə
zamanı Azərbaycanın
namizədliyini fəal
dəstəklədiyinizə görə bir daha təşəkkürümü
bildirmək istəyirəm.
Biz bu məsələdə
Belarusun dəstəyini
çox yüksək
qiymətləndiririk. Biz
başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq
edirik və həmişə bir-birimizi
dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq
elə budur - biz həmişə bir-birimizi
dəstəkləməyə, imkan olduqda, gücümüz çatan
yerdə bir-birimizə
səmimi, təmənnasız,
dostcasına dəstək
göstərməyə çalışırıq.
Strateji tərəfdaşlığın
mahiyyəti də elə bundan ibarətdir.
Bu gün mən yenidən Sizin gözəl ölkənizə yola düşəndə əvvəlcədən güman edirdim ki, bu səfərim də uğurlu olacaqdır. Bunun üçün hər cür əsas vardır. Bu gün həll etdiyimiz məsələlər Azərbaycanda istehsalatı inkişaf etdirməkdə bizə çox cəhətdən kömək etmişdir. Mən bunu heç vaxt unutmaram. Bu, yəqin, real əməkdaşlığın ilk belə təcrübəsidir ki, Azərbaycanda müştərək istehsalat yaradılması barədə razılıq əldə edilməsindən layihənin həyata keçirilməsinə qədər bir neçə ay keçmişdir. Sizin iradəniz, tabeliyinizdə olanlara verdiyiniz göstərişlər sayəsində qısa müddətdə istehsal kompleksi yaradılmışdır. Bu gün həmin kompleks genişlənir və inkişaf edir. Bu gün biz həmin kompleksin bazasında yeni istehsalat yaradacağıq. Bu da bizim bugünkü müzakirələrin bir hissəsi olmuşdur.
Bir sahədə uğurlu əməkdaşlıq yeni ideyalar yaradır. Bu gün bizim nümayəndə heyətlərinin üzvləri yeni ideyalar irəli sürmək üçün olduqca nikbin və təşəbbüskardırlar. Hətta bizim bugünkü geniş tərkibdə görüş çərçivəsində yeni təşəbbüslər irəli sürüldü və mən əminəm ki, Sizin ölkənizə növbəti səfərimizə qədər həmin təşəbbüslər də reallaşdırılacaqdır. Bizim münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir. Bundan əlavə, bir daha deməliyəm ki, biz əməkdaşlığımızın konkret nəticələrini görəndə bu, bizi daha da ruhlandırır və biz öz münasibətlərimizin daha yeni sahələrini tapmağa çalışırıq. Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq.
Bizim həyata keçirdiyimiz layihələr üzrə əmtəə dövriyyəsinin mal nomenklaturasına nəzər salsaq, bu layihələr bütün sahələri əhatə edir. Bizim əməkdaşlığımızın siyasi, iqtisadi, energetika, nəqliyyat, sənaye istiqamətləri bu gün tam həcmdə reallaşır. Bu işdə Sizin böyük xidmətiniz var, hörmətli Aleksandr Qriqoryeviç.
Mən bu fürsətdən istifadə edib Sizə və bütün Belarus xalqına yeni uğurlar, yeni qələbələr arzulamaq istəyirəm. Biz həmişə Sizin yanınızda olacağıq, Sizin uğurlarınıza həmişə sevinəcəyik və başlanmış işləri birlikdə məntiqi sona çatdıracağıq. Qonaqpərvərliyə və səmimi qəbula görə bir daha təşəkkür edirəm.
AzərTAc
Azərbaycan.- 2012.- 29 avqust.- S. 2.