Azərbaycan ilə Koreya arasında əməkdaşlığa dair saziş imzalanmışdır

 

Avqustun 28-də "Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş" imzalanmışdır. Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Koreyanın ölkəmizdəki səfiri Li Ci-Han imzalamışlar.

Sənəddə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı və balıqçılıq, enerji və dağ-mədən sənayesi, informasiyakommunikasiya texnologiyaları, elmtexnologiya, turizm, nəqliyyat, ətraf mühitin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında Hökumətlərarası Komissiyanın yaradılması və s. məsələlər nəzərdə tutulur.

İmzalanmadan əvvəl keçirilmiş görüşdə nazir Şahin Mustafayev ölkəmizin iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş uğurlar barədə ətraflı məlumat vermiş, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin respublikalarımız arasında əməkdaşlığın inkişafına təkan verdiyini vurğulamışdır. Əməkdaşlığın əsas istiqamətlərindən olan iqtisadi-ticarət əlaqələri genişlənmiş, iki ölkə arasında ticarət dövriyyəsi ötən ildə 72,5 faiz, bu ilin yanvar-iyul ayları ərzində 25 faiz artmışdır. Nazir digər sahələrdə də  əlaqələrin inkişaf etdiyini qeyd etmiş, mövcud potensialdan istifadə etməklə ölkələrimiz arasında əməkdaşlığı daha da genişləndirmək üçün real imkanların olduğunu diqqətə çatdırmışdır.

Səfir Li Ci-Han ölkəsində respublikamızın iqtisadiyyatına marağın böyük olduğunu, Koreya ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 3.