Azərbaycan ilə
Latviya arasında gender
bərabərliyi sahəsində qarşılıqlı anlaşma memorandumu
imzalanmışdır
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti Riqaya gəlmişdir.
Latviyanın rifah naziri İlza Vinkele ilə görüşdə sosial təminat və xidmətlər, gender bərabərliyi, uşaqların və əlillərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunmuşdur. Dövlət komitəsinin sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmış, Azərbaycanda ailə, qadın və uşaq problemlərinin həlli sahəsində dövlət siyasətinin başlıca istiqamətləri barədə məlumat vermiş, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısından söhbət açmışdır.
H.Hüseynova Azərbaycanda qadınların imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, qadınlara qarşı zorakılıqla mübarizə, uşaqların müdafiəsi məqsədi ilə həyata keçirilən qanunvericilik tədbirləri barədə məlumat vermişdir.
Latviyanın rifah naziri İlza Vinkele ölkədə ailə müdafiəsi, qadın və uşaqların hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları haqqında danışmışdır.
Latviya tərəfi Azərbaycanda gender bərabərliyinin təmin edilməsi istiqamətində qanunvericilik bazası ilə maraqlanmışdır.
Görüşün yekunlarına dair qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Sənəddə gender bərabərliyi və uşaq problemləri sahəsində təcrübə və ekspert mübadiləsi, habelə iki ölkənin dövlət qurumlarının nümayəndələrinin qarşılıqlı səfərləri nəzərdə tutulmuşdur.
Azərbaycan nümayəndə heyəti "Marta" Qadın Resurs Mərkəzində olmuşdur. Burada iki ölkə arasında qadın və uşaq problemlərinin həlli sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Nigar HÜSEYNOVA
Azərbaycan.- 2012.- 29 avqust.- S. 3.