Hər gün bir yenilik
Sabirabadın hüsnünü
daha da gözəlləşdirən
budur
Ölkənin bütün regionlarında olduğu kimi, Sabirabad rayonunda da əhalinin məşğulluğunu təmin etmək xüsusi önəm daşıyır. Odur ki, yeni müəssisələrin və iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilir. Son illərdə sahibkarlığın inkişafına yaradılan münbit şərait sabirabadlı iş adamlarının fəaliyyətini daha da genişləndirmişdir. Onların səyi nəticəsində rayonda sənaye, tikinti, xidmət, kənd təsərrüfatı və digər sahələrdə yeni emal və istehsal sahələri yaradılmışdır.
Cari ildə rayonda 7 yeni müəssisə fəaliyyətə başlamışdır. Onların yaradılması məhsul istehsalı ilə yanaşı, iş yerlərinin açılmasına da müsbət təsirini göstərmişdir. Həmin dövrdə 247 yeni iş yeri açılmışdır ki, bunun da 197-si daimidir.
Sabirabad rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı ölkə Prezidentinin imzaladığı sərəncamlar uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq rayonda aparılan abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Şəhərin Heydər Əliyev prospektində yerləşən 3 ədəd 5 mərtəbəli yaşayış binasının dam örtükləri dəyişdirilərək yeni dəmir örtüklərlə əvəz olunmuş, plastik pəncərələr quraşdırılmış və divarlar gülbağ plitələrlə üzlənmişdir. Prospektdə və 20 Yanvar küçəsindəki yaşayış binalarında, beşmərtəbəli yataqxanada təmir-bərpa işləri görülür. Heydər Əliyev prospekti və Şərifzadə küçəsi boyunca hasarlar milli memarlıq üslubunda inşa olunur, müasir işıqlandırma sistemi qurulur. Yağış sularının axıdılması ilə bağlı su ötürücü kanallar çəkilir. Görülən abadlıq işləri şəhərin görünüşünə yaraşıq verir.
Rayon ərazisində baş verə biləcək yanğınları operativ qaydada söndürmək məqsədilə Nizami kəndində dövlət yanğından mühafizə hissəsi üçün müasir tələblərə cavab verən bina tikilib istifadəyə verilmiş və bütün zəruri avadanlıqlarla təchiz olunmuşdur. Rayon mərkəzində Yeni Azərbaycan Partiyası rayon təşkilatı və maliyyə idarəsi üçün üçmərtəbəli inzibati bina inşa olunur.
2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər əhali tərəfindən razılıqla qarşılanır. Daşqına məruz qalmış kəndlərdə mövcud çətinliklər Azərbaycan Prezidentinin 29 mart 2012-ci il tarixli "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamının icrası ilə aradan qaldırılır. Rayonun Ulacalı kəndində daşqın nəticəsində evləri yararsız vəziyyətə düşmüş ailələr üçün bütün infrastruktura malik 51 və 26 fərdi yaşayış evindən ibarət yeni qəsəbələr istifadəyə verilmişdir. Sərəncama uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin xüsusi komissiyaları rayon ərazisində sel daşqınlarına məruz qalmış evlərə və sosial obyektlərə baxış keçirmişdir. Komissiya işini yekunlaşdırdıqdan sonra verilmiş rəylərə uyğun tədbirlər görülür. Baxışın nəticəsinə görə, rayonda 363 yeni ev tikilməsinə başlanılmış, 157 evin bərpa-gücləndirmə işlərinə, 615 evin təmirinə görə vəsait verilmişdir.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər görülür. Rayonda asfaltsalma işlərinin həcmini genişləndirmək üçün yeni asfalt zavodu istifadəyə verilmişdir. Sabirabad 35 saylı Yol İstismar İdarəsinə məxsus asfalt zavodu təmir edilərək işlək vəziyyətə gətirilmişdir.
Dövlətin artan qayğısından söz düşəndə bölgə əhalisi "Axmaz"ın qurudulmasını da minnətdarlıqla dilə gətirir. On illər boyu Sabirabad şəhərinin əhalisi üçün müşkül problemə çevrilmiş, eyni zamanda, yoluxucu xəstəliklərin mənbəyi olan "Axmaz" su hövzəsinin qurudulması tədbirlərinə ilkin olaraq bir milyon manat dövlət vəsaiti xərclənmişdir.
Bölgələrin yüksəlişi artıq dönməz xarakter almışdır. Hər bir ölkə vətəndaşında haqlı qürur hissi doğuran faktdır ki, vətənimiz Azərbaycanın başdan-başa hər bucağı yenidən qurulur, dəyişir, gözəlləşir. İqtisadi tərəqqi adamların firavan həyat tərzini təmin edir, sosial problemlərin uğurlu həllini şərtləndirir. Regionların 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir. "Artıq üç ildir ki, ikinci dövlət proqramı icra edilir. Birinci proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Ondan əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".
Dövlət proqramında Sabirabad rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək üçün nəzərdə tutulan tədbirlərin icrası uğurla müşayiət olunur. Ötən il rayonda ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir. Orta aylıq əməkhaqqı da keçən ilə nisbətən 20,5 faiz yüksələrək 234,1 manat olmuşdur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2011-ci ildə rayon üzrə 14 yeni müəssisə yaradılmış, 539 daimi iş yeri açılmışdır.
İnkişaf etmiş aqrar-sənaye rayonu olan Sabirabad ölkədə Ərzaq Təhlükəsizliyi Dövlət Proqramının icrasına sanballı töhfələr verir. Keçən il kənd təsərrüfatında ümumi məhsul istehsalı 27,3 milyon manat artaraq 142 milyon manata çatmışdır. 54,100 ton taxıl istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 18,4 min ton çoxdur. Pambıq istehsalı da keçən ilə nisbətən 1875 ton artmışdır. Heyvandarlıq, bostan-tərəvəz məhsulları istehsalında da fərəh doğuran nailiyyətlər qazanılmışdır.
Aqrar sahənin dinamik inkişafı da məhz dövlətin daimi qayğısından qaynaqlanır. Rayon üzrə 17369 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına əkin sahələrinin becərilməsində istifadə edilmiş yanacaq və motor yağlarına görə 1 milyon 645 min manat vəsait verilmişdir. "Aqrolizinq" ASC tərəfindən torpaq istifadəçilərinə güzəştli şərtlərlə 2408 ton azot, 108 ton superfosfat gübrələri və 52 baş simmental cinsli damazlıq düyələr satılmışdır. Kənd təsərrüfatının idarə edilməsində mütərəqqi üsullara, yeni texnologiyalara üstünlük verilir. Ötən il Axıska və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək yeni istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən həmin kooperativlərə heç bir girov qoyulmadan kredit verilməsi bu təsərrüfatların səmərəli fəaliyyətinə, uğurlu gələcəyinə əminlik yaradır.
Bir sözlə,
Sabirabad bu gün dinamik inkişaf yolundadır. Rayon mərkəzində də,
yaxın və uzaq kəndlərdə də hər gün bir yenilik
duyulur. Onlar daha gözəl,
daha yaraşıqlı
görkəm alır.
Təhsilin, səhiyyənin maddi-texniki bazasını möhkəmləndirmək, əhaliyə
göstərilən müxtəlif
xidmətlərin səviyyəsini
yüksəltmək üçün
zəruri tədbirlər
görülür. Rayonun yaşayış
məntəqələrinin qazlaşdırılması böyük
sürətlə davam
etdirilir. Əhalinin elektrik
enerjisi ilə təchizatında illərdən
bəri davam edən problemlər artıq aradan qaldırılmışdır.
Ötən il Sabirabadın 80 illik yubileyinin təntənə
ilə qeyd olunması da əhalinin yaddaşında
silinməz izlər buraxmışdır. Sabirabadlılar bu yubileyə iqtisadiyyatın bütün
sahələrində yeni
uğurlarla gəlmişdilər.
Bu münasibətlə düzənlənən
tədbirdə respublikanın
müxtəlif guşələrində
məsul vəzifələrdə
çalışan həmyerlilərimiz
iştirak etmiş, bu bölgənin keçmişini və bugününü əks etdirən nəfis tərtibatda kitab nəşr olunmuş, sənədli film hazırlanmış
və Sabirabadın adına yeni
mahnı bəstələnmişdir.
Yubileylə əlaqədar rayonun içtimai-siyasi, iqtisadi və mədəni həyatında fəallıqlarına
görə 17 nəfərin
Prezident İlham Əliyevin sərəncamı
ilə təltif edilməsi bütün sabirabadlılara dövlət
başçısının diqqət və qayğısı kimi qiymətləndirilmişdir. Həmin
günlərdə Azərbaycanın
müstəqilliyinin bərpasının
20 illiyi və "Müəllim günü"
ilə əlaqədar
təltif edilənlərin
sırasında rayondan
3 nəfərin "Tərəqqi"
medalına layiq görülməsi ölkə
Prezidentinin sabirabadlılara
göstərdiyi qayğının
bariz nümunəsidir.
Genişmiqyaslı infrastruktur layihələrini
uğurla həyata keçirən Sabirabad inkişafın yeni mərhələsinə daxil
olmuşdur. Qarşıda isə görüləsi
işlər çoxdur.
"Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı"nın icrasının üçüncü
ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: "Azərbaycan
dövləti bundan sonra da ölkəmizin
hərtərəfli inkişafı
üçün əlindən
gələni edəcəkdir.
Bizim düşünülmüş proqramımız, siyasətimiz
var. 2013-cü ilə qədər
ikinci dövlət proqramı icra ediləcəkdir. Mən əminəm
ki, 2009-cu ildə qəbul edilmiş proqram artıqlaması ilə icra ediləcəkdir.
Beləliklə, 2013-cü ilin sonuna
qədər ölkəmizdə
əsas infrastruktur məsələsi öz həllini tapmalıdır
və tapacaq. Çünki icrası davam
edən və bitmək üzrə olan böyük infrastruktur layihələri
artıq bu inamı yaradır. Əlbəttə, mən hesab
edirəm ki, gələcək 2 il ərzində biz hamımız
çox fəal işləməliyik ki, dövlət proqramını
vaxtından əvvəl
və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını
təmin edək".
Regionların sosial-iqtisadi inkişafının
sürətlənməsində dövlət qayğısından
bəhrələnən Sabirabadda
könül açan,
göz oxşayan yeniliklər çoxdur. Rayon rəhbərliyi
böyük vüsət
alan tikinti-quruculuq,
abadlıq prosesində
müasirliyə, milli
memarlıq üslubuna
böyük önəm
verir. Yüksək zövqlə yenidən
qurulan parklar, xiyabanlar, abadlaşan küçələr Muğan
düzünün mərkəzi
sayılan Sabirabada yeni görkəm verir.
Sabirabad
Rayonu İcra Hakimiyyətinin başçısı
Nazim İsmayılov söhbət zamanı dedi ki, dövlət
qayğısının əsas
ünvanı insanlardır.
Bölgədə əhalinin həyat
tərzini daha da yaxşılaşdırmaq,
hər bir ailənin firavan dolanışığını təmin etmək üçün görülən
tədbirlər hamıda
razılıq və minnətdarlıq hissi doğurur.
Bu bərəkətli diyarın əməksevər,
vətənpərvər, qədirbilən
övladları doğma
yurdun hər qarışını cənnətə
döndərmək üçün
ürəklərinin odunu,
əllərinin hərarətini
əsirgəmirlər.
Lazım QULİYEV
Azərbaycan.- 2012.- 29 avqust.- S. 4.