Azərbaycan daha bir beynəlxalq turnirə ev sahibliyi etdi

 

 Yeniyetmə güləşçilərimiz dünya çempionatında böyük uğura imza atdılar

 

 Xeyli müddətdir ki Azərbaycan idman sahəsində əldə etdiyi nailiyyətlərlə diqqəti özünə cəlb edir. Bununla bərabər ölkəmizdə idmanın müasir tələblərə cavab verən infrastrukturu yaradılır. Artıq Azərbaycan idman ölkəsi kimi tanınır. Odur ki, Bakıda idmanın müxtəlif növləri üzrə beynəlxalq turnirlərin - dünya Avropa çempionatlarının, olimpiya lisenziyalı yarışların keçirilməsi müntəzəm xarakter almışdır.

Paytaxtımızda sonuncu mötəbər turnir srağagün başa çatmışdır. Bu dəfə Bakıya güləşçilər toplaşmışdılar. Avqustun 21-27-də yeniyetmələr arasında güləş üzrə keçirilmiş dünya çempionatına dünyanın 41 ölkəsindən 850-dək idmançı qatılmışdı. Turnirin nəticələri yeniyetmə pəhləvanlarımız üçün uğurlu oldu. Bu bir daha onu göstərdi ki, Azərbaycanda güləş məktəbi gözəl  ənənələrini qoruyub saxlayır indiyədək qazanılmış nailiyyətlər təsadüfi deyildi.

Turnirə sərbəst güləşçilərin mübarizəsi ilə start verildi. Dünya çempionatının ilk günündə 42 kq, 50 kq, 58 kq, 69 kq 85 kq çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizə apardılar. Təmsilçilərimizdən Coşqun Məmmədov (42 kq) Cahid Həsənzadə (58 kq) bütün rəqiblərini üstələyərək  fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər.

Coşqun Məmmədov ilk görüşündə belarus Yauheni Rebikaunu mübarizədən kənarlaşdıraraq yarımfinala çıxdı. Bu mərhələdə Ukrayna təmsilçisi Bohdan Lazaryevi məğlub edən güləşçimiz finala vəsiqə qazandı. Həlledici mərhələdə rusiyalı Aslan Şakiyev üzərinə qələbə qazanan Coşqun dünya çempionu oldu.

Cahid Həsənzadə isə 1/8 finalda honduraslı Roçez Barriosu, 1/4 finalda almaniyalı Niklas Diyetamarı, 1/2 finalda isə türkiyəli güləşçi Səlim Kozanı məğlub edərək finala yüksəldi. Bu mərhələdə isə Rusiya idmançısı Teymuraz Quriyevdən üstün olan pəhləvanımız dünya çempionu adını qazandı. Digər pəhləvanlarımız - Ruslan Suzkayev (50 kq), Çermen Baqayev (85 kq) gümüş, Samir Sadullayev (69 kq) isə çıxışlarını bürünc medalla başa vurdular.

Çempionatın ikinci günündə 46 kq, 54 kq, 63 kq, 76 kq 100 kq çəki dərəcələrində daha 5 pəhləvanımız mübarizəyə qoşuldu. Səid Həmidov (100 kq) gümüş, Məhəmmədhüseyn Həsənov (54 kq) Məhəmmədhacı Muxutov (76 kq) isə bürünc medala layiq  görüldülər.

Beləliklə, yekunda sərbəst güləşçilərimiz 2 qızıl, 3 gümüş 3 bürünc medalla 74 xal toplayıb komanda hesabında ikinci yeri tutdular.

Dünya çempionatının növbəti günündə qadın  güləşçilər xalça üstünə çıxdılar. Təmsilçimiz Sabirə Əliyeva (70 kq) 1/8 finalda Mariya Eroşkinanı (Rusiya), 1/4 finalda Anastasiya Şustovanı (Ukrayna), yarımfinalda isə Eva Mariyanı (Macarıstan) məğlub edərək finala yüksəldi. Sabirə final mərhələsində isveçli Moa Lena Mariya üzərində inamlı qələbə qazanaraq dünya çempionatının qızıl medalına sahib oldu. Digər güləşçilərimiz - Türkan Nəsirova (43 kq) gümüş, Raqnetta Qurbanzadə (65 kq) isə bürünc medal qazandılar.

Beləliklə, qadın güləşçilərimiz dünya çempionatında bir qızıl, bir gümüş bir bürünc medal qazanaraq ümumi komanda hesabında dördüncü yeri tutdular.

Dünya çempionatının beşinci günündə mübarizəyə yunan-Roma güləşçiləri qoşuldular. Gərgin mübarizə şəraitində keçən görüşlərin yekununda təmsilçilərimizdən  Mikayıl Rəhmanov (46 kq), Elnur Həsənov (50 kq), Kərim Cəfərov (54 kq),  Murad Məmmədov (58 kq), Ruhin Mikayılov (63 kq) İslam Abbasov (76 kq)  qızıl medal qazandılar.

Mikayıl Rəhmanov çempionluq uğrunda mübarizədə ardıcıl olaraq türkiyəli Batuxan Bozqurdu, ABŞ təmsilçisi Daniyel Aleksandrı, qazaxıstanlı Balbayi Dordokovu, həlledici mərhələdə isə gürcüstanlı Ramon Zoidzeni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdı.

Qızıl medallı digər pəhləvanlarımız - Elnur Həsənov finalda iranlı Rza Xeyrullahı, Kərim Cəfərov gürcüstanlı Bakuri Qoqolini, Murad Məmmədov rusiyalı Azamat Takoyevi, Ruhin Mikayılov  gürcüstanlı Qela Bolkadzeni, İslam Abbasov rusiyalı Mayirbek Adgenovu məğlub edərək bu uğura imza atdılar.

Yunan-Roma güləşçilərimizdən Zamir Maqomedov (85 kq) gümüş, Sənan Süleymanov (42 kq) isə bürünc medala layiq görüldülər.

Ümumi komanda hesabında 84 xal (6 qızıl, bir gümüş bir bürünc medal) toplamış yunan-Roma güləşi üzrə Azərbaycan yığması bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutdu.

Beləliklə, dünya çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla cəmi 19 medal qazanmış yeniyetmə güləşçilərimiz ümidləri doğrultdular. Beynəlxalq arenada yenicə çıxış etməyə başlayan idmançılarımızı irəlidə bir-birindən çətin turnirlər gözləyir. Ümid edirik ki, pəhləvanlarımız gələcək yarışlarda uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəklərə qaldıracaqlar.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 29 avqust.- S. 5.