Bayrağını uca saxla...
Qardaşım ali
təhsilini başa vurdu,
onu fəxrlə hərbi xidmətə yola saldıq. Bu mərasim
lap filmlərdə gördüyüm
kadrları xatırladırdı. Dəmiryol vağzalı. Qələbəlik.
İynə atsan, yerə düşməz.
Hava çox istidir, amma bu,
heç kimin vecinə
deyil. Hamı öz
"əsgər"ini dövrələyib. Atalar
qürurlu görünür,
öyüdləri də elə kişi öyüdüdür: "Kişi
ol, vətəni qorumaq
kişi işidir!.."
Analar kövrəkdir, hər zamankı kimi yenə qayğılıdırlar, iki daşın arasında da
"ənənəvi" nəsihətlərindən
qalmırlar: "Sən Allah, özündən
muğayat ol!"
"Əsgər"lərin ovqatı isə elə əsl kişi ovqatıdır, hələ bir az özlərindən
razı görünürlər, yəqin, hansı yola çıxdıqlarının fərqindədirlər...
Qatarın fit səsi həyəcanı daha
da artırır, ətrafdakıların
alqış, qışqırıq səsi fitin
sədasına qarışır. Qollar boyunlara dolanır, hamı bir
daha, bir daha... öz
doğmasının boynuna sarılmaq istəyir.
"Yaxşı yol! Allah
amanında!" duası ətrafı bürüyüb.
Bu həyəcan da, sevinc də, qürur da, nigarançılıq da
təbiidir...
Artıq
vaxtdır, əsgərlər vaqonlara tələsirlər.
Elə bu vaxt... Kənarda
anasının əlindən tutan balaca bir oğlan
diqqətimi çəkir. Əlində üçrəngli
bayrağımız var. Bayrağı öz balaca əlində
elə bərk sıxıb ki! Qəfil
dartınıb anasının əlindən çıxmaq istəyir:
"Dayı, bayrağın qaldı..." deyə
qışqırır. Dayısı səsə sarı dönür, qayıdır, balacanı
bağrına basır, əlindəki bayrağı isə öpüb gözünün
üstünə qoyur, sonra
başının üzərinə qaldırır...
Gözlərim dolur. Öyünüləsi mənzərədir...
Həmin gün fəxr ediləsi məqam
bir də bilirsinizmi nə idi?
...Hamı bir idi həmin
gün. Hamı eyni cür düşünürdü.
Hamının arzusu da, duası da eyni idi.
Heç kim əsgərləri bir-birindən
seçmirdi.
Hamı eyni
duanı pıçıldayırdı...
...N" saylı hərbi hissə. Gənc əsgərlərin
andiçmə mərasimi.
İlk dəfədir
and içənlərə şahidlik edirəm. Bu dəfə hamısı eyni geyinib. Səf
dayanıblar, mətin
dayanıblar. Cəsur
görünürlər. Gözüm
qardaşımı axtarır,
amma onları bir-birindən seçmək
asan deyil. Tək boyları fərqlidir. "Elə hamısı mənim qardaşımdır" deyə
düşünürəm. Allah qorusun!..
Meydana üçrəngli
bayrağımız gətirilir.
"Azərbaycan himni"
səslənir. Ürəklə
oxuyurlar. Biz də, hamımız: valideynlər,
bacı-qardaşlar, qohum-əqrəba...
onlara qoşuluruq.
...Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər
müştaqdır...
Mərasimin ən
şərəfli anı,
heç şübhəsiz,
andiçmədir. Əsgərlərimiz
silah və üçrəngli bayrağımız
üzərində and içirlər
- Azərbaycana sədaqət
andı: "Mən, Azərbaycan Respublikasının
vətəndaşı, Azərbaycan
Silahlı Qüvvələri
sıralarına daxil olarkən vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm! Təntənəli
surətdə and içirəm!.."
Qardaşım da and içir. Artıq onu əsgərlərin arasında
"tapmışam". Ürəyim
köksümə sığmır.
Bir daha dövlətimizlə, bayrağımızla,
himnimizlə qürur duyuram! Əsgər qardaşımla fəxr edirəm!..
Mərasimdə bir əsgər anasının çıxışını
da unuda bilmirəm. O qadın belə dedi: "...Bizim gənclik illərimizdə Azərbaycan
oğulları hərbi
xidmətə başlayarkən
"Sovet Sosialist Respublikaları İttifaqının
vətəndaşı" kimi and içirdilər. Siz isə "Mən, Azərbaycan Respublikasının vətəndaşı..."
deyə and içdiniz.
Sizin bəxtiniz gətirib ki, müstəqil, azad, suveren bir ölkədə
doğulmusunuz! Bu xoşbəxtliyin
qədrini bilin! Azərbaycan adını, Azərbaycan bayrağını
uca tutun! Arzu edirəm ki, bu gün
içdiyiniz müqəddəs
anda və bu anda sadiqliyinizə
görə bütün
ömrünüz boyu
iftixar hissi keçirəsiniz..."
Budur, əsgərlər
hərbi orkestrin sədaları altında təntənəli şəkildə
tribunanın önündən
keçirlər:
"Vətən məni yetişdirib..."
Cəsurluq, mərdlik,
igidlik yağan o səhnəni indi də hər gün iftixarla xatırlayıram! Əsgər
qardaşımla fəxr
edirəm!..
Həmin gün
fəxr ediləsi məqam bir də bilirsinizmi nə idi?
Hamı yenə
bir idi. Hamı eyni cür düşünürdü.
Hamının arzusu da, duası da eyni idi.
Heç kim əsgərləri bir-birindən
seçmirdi.
Hamı eyni
duanı pıçıldayırdı...
...11 avqust 2012-ci il. Ekran qarşısında
böyük həyəcanla
London Yay Olimpiya Oyunlarını izləyirik.
Həyəcanlıyıq. Nigaranıq.
Bir az da
küskünük. Uman
yerdən küsərlər:
"qızıl" gözlədiyimiz
idmançılarımız bizi pərt ediblər. Amma heç də hər şey bitməyib! İntizarla, ümidlə "qızıl"
gözləyirik. Və
bu "qızıl"ın
qazanılacağına inanırıq!
Budur, 60 kq çəki dərəcəsində sərbəst
güləşçimiz Toğrul
Əsgərov qəhrəman
kimi final görüşünə
atılır. Bəli,
məhz atılır.
Çünki yaxşı
bilir ki, bu, sadəcə yarış deyil, bu, millətlər, xalqlar yarışıdır!
Bu yarışdan qəhrəman
kimi ayrılmaq lazımdır! Bu yarışda
Azərbaycanı, Azərbaycan
bayrağını, Azərbaycan
himnini... mütləq
qalib etmək lazımdır!..
Anama baxıram:
əllərini göyə
açıb, sanki yarışa çıxan
öz oğludur! Atam da eyni
ovqatdadır, amma yarışı təmkinlə
izləyir...
Mənsə hisslərimi
cilovlaya bilmirəm, sanki Toğrul məni eşidirmiş kimi qışqırıram:
"Ürəkli ol, özünə inan, Toğrul, ruhunu qoru! Ürəyin və ruhun varsa,
mütləq qalib gələcəksən! Azərbaycanımızı
sevindir! Xalqımızı
sevindir! Bayrağımızı
ucalt, qardaş!.."
Yarış başa
çatır! Toğrul
artıq qalibdir!.. Yox! Qalib Azərbaycandır!
Bu, bir fərdin yox, xalqın qələbəsidir! Azərbaycan
dövlətinin, Azərbaycan
bayrağının, Azərbaycan
himninin qələbəsidir!
Müstəqil Azərbaycanın
gəncliyinə bu qədər diqqət göstərən Prezidentin
qələbəsidir!..
Budur, üçrəngli
bayrağımız Toğrulun
başı üzərindədir!
Əhsən, Toğrul!
Uşaqdan böyüyə,
cavandan qocaya, sadə vətəndaşdan
Dövlət Başçısına
qədər hər kəs səni - xalqın mübarizlik, əyilməzlik və məğrurluq rəmzinə
dönən qəhrəmanı
alqışlayır!
Bu sənin HALAL ALQIŞındır!..
Möhtəşəm bir salonda Azərbaycan
bayrağı ucalır,
Azərbaycan himni səslənir!..
Ekranın önündəcə
qürurla, sevinclə,
göz yaşı ilə izləyirik bu ucalığı!..
Fəxr ediləsi
məqam bir də bilirsinizmi nə idi?..
Mən inanıram,
inanmaq istəyirəm
ki, həmin gecə də hamı eyni cür düşünürdü.
Hər kəs elə bilirdi yarışan öz oğludur, hər kəs elə bilirdi yarışan öz qardaşıdır.
Hər kəs Toğrul üçün,
Azərbaycan üçün
dua edirdi.
Hamı eyni
duanı pıçıldayırdı.
Əsgərlərin yolasalma və andiçmə mərasimlərində
olduğu kimi...
Həmin gecə
həm də bu birliyin, bu
həmrəyliyin sevincini
yaşadıq! Bu millət,
bu xalq bir
olanda, həmrəy olanda necə əzəmətli, necə
qüdrətli olur! Bu
birlik düşmənlərimiz
üçün də
ən böyük vahimə, qorxudur!..
Azərbaycana, bu
bayrağa, bu millətə, bu xalqa yalnız Qələbə yaraşır!
Millətin, xalqın qürur, ləyaqət, şərəf hissini ifadə edən, onun birliyindən xəbər verən əzəmətli bir qələbə...
...İndi iki qardaşım var mənim: əsgər və çempion qardaşım.
Hər ikisinin 20 yaşı var! Hər ikisi 1992-ci ildə anadan olub! Müstəqil, azad, suveren bir
ölkədə. Hər
ikisi müstəqil Azərbaycanın bağrından
yetişib! Möhtərəm
Prezident İlham Əliyevin fikrini xatırlayıram: "Ən
sevindirici hal budur ki, qızıl,
gümüş, bürünc
medalları qazananlar gənc idmançılardır.
Onlar müstəqillik
dövründə yetişmiş
idmançılardır..."
...İsti avqust günləri əsgər və çempion qardaşımın
həyatında və
taleyində yeni mərhələ açdı.
Uğurlu olsun! Deməyə bircə söz qalır:
"BAYRAĞINI UCA SAXLA..."
Sitarə CABBARLI
Azərbaycan.- 2012.- 29 avqust.-
S. 5.